"Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir" – Prezident İlham Əliyev


 Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Bu gün bu torpaqlar işğal altındadır. Nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir.
Bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Mən hesab edirəm ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir."

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR