Azərbaycanın İƏT ilə əlaqələri yüksək dinamika üzərindən irəliləməkdədir - Deputat

Azərbaycanın İƏT ilə əlaqələri yüksək dinamika üzərindən irəliləməkdədir - Deputat

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin əsas və fəal üzvlərindən biridir. Bu mötəbər təşkilatla daimi əlaqələr quruma üzv olduğumuz ilk gündən bəri sürətlə inkişaf edib və hazırda da həmin inkişaf yüksək dinamika üzərindən irəliləməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, 2-ci Qarabağ savaşında da İƏT Azərbaycana tam mənəvi dəstək göstərdi: "Xüsusən, qardaş Türkiyə və Pakistanın rolunu qeyd etmək istəyirəm. Həmin vaxtlar, yəni Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün evləri, eyvanları, küçələri Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünmüşdü, həmin bayraqlar yanaşı dayanırdı və bu birlik həqiqətən çox böyük, dəyərli və qiymətlidir. Üstəlik, müharibədən, Azərbaycanın qələbəsindən sonra məlum birlik daha geniş formatda inkişaf etdirilir və İƏT-ə daxil digər ölkələr də bu aspektdə istisna deyil. Əsas da o səbəbdən ki, İƏT bütövlükdə Azərbaycanın haqlı mövqeyini və maraqlarını daim müdafiə edən təşkilat olub, elə ancaq son illərdə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən yuxarı qətnamə qəbul edib, daim ədalətli mövqe bildirib, adekvat reaksiya sərgiləyib”.

Deputat vurğulayıb ki, ermənilərin Qarabağda törətdikləri vəhşilik, vandalizm ümumilikdə bütün İslam dünyasına qarşı törədilib: "Faktlar ortadadır, həmin vəhşiliklər gözlə görünən yerlərdə və məsafədədir. Hətta bu faktlar Azərbaycan tərəfinin təşəbbüsü ilə toplanaraq nəşr halına da gətirilib və İƏT-in diqqətinə çatdırılıb.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin pandemiya dövründə də bərabərlik və həmrəyik nümayişi olduqca qürurvericidir. Digər qürurverici məqam isə Azərbaycanın həmin məsələdə əsas təşəbbüskar rolunda çıxış etməsidir. Bildiyiniz kimi, həm humanitar yardımların təminatı məsələsində, həm vaksinlərin bərabər paylanılması mövzusunda, həm də COVİD-19-a qarşı faydalı və təkmil mübarizənin aparılması sahəsində Azərbaycan əsas ideya verən tərəf idi və bu məqam ölkəmizin Beynəlxalq Təşkilatlardakı yüksək nüfuzunun, mövqeyinin növbəti göstəricisidir”.


Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR