"Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir"


 Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardonu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.
Şeyxülislam A.Paşazadə Fransaya səfərlərini, bu səfərlər zamanı ölkənin müsəlman din xadimləri, habelə Fransa kardinalları ilə görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladı, ölkə barədə təəssüratlarını bölüşüb. 
Şeyxülislam həzrətləri ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.
Azərbaycan mədəniyyəti və tarixinə çox böyük maraq göstərən, Elzas regionunda Azərbaycanın təbliğində yaxından iştirak edən J.Kardon ölkəmizlə bağlı əsər yazmaq niyyətində olduğunu Şeyxülislamın diqqətinə çatdırıb. O, öz kitabında Azərbaycanda dini mühitin özəllikləri barədə fikirlərinin də yer alacağını xüsusi vurğulayıb.
QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışdı. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. 
Şeyxülislam vurğulayıb ki, bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir.
Şeyxülislam A. Paşazadə Azərbaycanın dinlərarası dialoq işinə dövlət səviyyəsində verdiyi töhfələrdən, dövlət başçımızın bilavasitə təşəbbüsləri ilə elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri barədə, bu illər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizdə və dünyanın bir sıra ölkələrində keçirilmiş Beynəlxalq Konfranslar barədə qonağa ətraflı məlumat verdi.
QMİ sədri 2017-ci ilin dekabrında Bakı şəhərində keçirilmiş Beynəlxalq Konfransın iştirakçılarının müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə "Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq" Mərkəzi yaradılması barədə qərara gəldiyini fransalı qonağın diqqətinə çatdırdı. Bakıda daimi fəaliyyət göstərəcək Mərkəzin QMİ-də yerləşdyini, artıq Mərkəzin Himayədarlar və Məşvərət Şuralarının təsdiq olunduğunu və Mərkəzin xəttilə ilin sonuna kimi Bakıda, Almaniya və İspaniyada Beynəlxalq Konfransların keçiriləcəyini bildirib. 
Şeyxülislam A. Paşazadənin mərkəzi Vyanada yerləşən KAİSİİD Benəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeğanə müsəlman din xadimi üzvü kimi, habelə həmsədri olduğu MDB Dinlərarası Şurasının, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının fəaliyyəti qonağın diqqətinə səbəb oldu. O, indiyədək Azərbaycan və Ermənistan dini liderləri arasında görüşlərin tarixi ilə maraqlandı və belə birbaşa ünsiyyətlətin olduqca unikal və dəyərli təcrübə olduğunu bildirib. 
QMİ sədri Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı fransalı qonağı maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və albomlar, habelə xatirə hədiyyəsi təqdim olunub.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR