Azərbaycan polisi: Hərbi anda və mənəvi dəyərlərə sədaqətin nümunəsi – Səyyad Ağbabalı yazır

Azərbaycan polisi: Hərbi anda və mənəvi dəyərlərə sədaqətin nümunəsi – Səyyad Ağbabalı yazır

Müasir dünyada gedən qlobal dəyişikliklər, çaxnaşmalar, yeni müharibə ocaqlarının yaranması, indiki zamanda həm də koronavirus pandemiyasının bəşəriyyəti hədələməsi Azərbaycan dövlətini də yeni çağırışlara daha çevik cavab vermək siyasəti yürütməyə, taktiki gedişləri,bəlkə də,günbəgün dəyişməyə sövq edir. Bu mənada ”Prezident İlham Əliyevin zamanda gördüyü tədbirlər və verdiyi qərarlar ölkə əhalisini rahatlaşdırdı”- deməyə tam əsas verir. Azərbaycan pandemiya dalğasından ən az itki ilə çıxa biləcək ölkələr sırasında boy göstərir. Koronavirus bəlasına qarşı mübarizədə Prezidentin rəhbərliyi ilə bütün dövlət qurumlarının tam məsuliyyətlə fəaliyyət göstərməsi ilə yanaşı Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiqlik nümayiş etdirməsi də müstəsna rol oynayır. Bütün zamanlarda, ayrı-ayrı neqativ hallar nəzərə alınmasa, Azərbaycan polisi daim anda sədaqət nümayiş etdirib. Ulu Öndər deyirdi: ”İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik. ”Prezident İlham Əliyev isə polisin əməyini belə qiymətləndirir:” Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bugün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm.”

Asayişin təmin edilməsində yeni meyarlar var. Bunlar hesabatlılıq, şəffaflıq və vətandaş məmnunluğudur. Görünən odur ki, ölkə vətandaşları polisin fəaliyyətindən indi həmişəkindən daha çox məmnundur. Xüsusi karantin rejminin icrasına nəzarət DİN-in üzərinə qoyulduğundan o, indi əvvələr icra etmədiyi vəzifələridə həyata keçirir. Müşahidələr və təhlillər göstərir ki, polis yeni vəzifələrin icrasına çox qısa vaxta uyğunlaşa bilib. Bu isə illərlə məqsədyönlü şəkildə aparılan dərininə islahatların, institusional islahatların nəticəsində mümkün olub. Əgər elə olmasaydı” Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə ölkəmiz 150 dövlət arasında 50 sırada qərarlaşa bilməzdi.

Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Bu müqəddəs varlıqlar uğrunda yeri gələndə şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. O, yeri gələndə, ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhramanlar qədər qüdrətlidir. 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın zamanı 4 nəfəri xilas edən baş serjant Orxan Əzimin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində ”Qəhrəman Polis” altyazısı ilə dərc olundu. Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub.Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində DİO-nun 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bu statistik rəqəmlərin arxasında yanan və sönən ürəklər, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti durur.

Bu günlərdə biz Azərbaycan polisinin daha bir üstün cəhətini görürük-humanistliyini, canıyananlığını, əcdadlarının qoyduqu ənənələrə sədaqətliliyini. İndi Azərbaycan polisi hər yerdədir. Vətəndaş onların fəaliyyətini daha çox izləmək və təhlil etmək imkanına malikdir. Evinizin balkonundan baxanda əlində bağlama olan gənc polis əməkdaşının yaşlı nənə və babanın qapısının zəngini çalan görəndə necə də qürurlanmayasan! Küçədə gəzməyə meyil göstərən dəcəl uşaqları evlərinə dönməyin vacibliyinə inanandıran sahə müvəkkilinə necə ürəkdən "Sağ ol!”-deməyəsən? Gərgin iş günündən sonra evə dönən gənc polis zabitinin ailə üzvlərinin narahat baxışlarına cavab olaraq "Narahatlığa heç bir əsas yoxdur, qoruyucu vasitələrlə tam təmin olunmuşuq” kimi rahatlayıcı cavab verməsini sərinləşdirici içki kimi necə qəbul etməyəsən? Yatmayıb gecədən xeyli keçənə qədər yolunu gözləyən övladlarını incitmədən qucağına tullanmaqdan ustalıqla çəkindirən atanın hisslərini necə duymayasan? Hər gün xidmətə yola düşəndə arxasınca onu uğurlayan anasının nigaran baxışlarını özünün ürək döyüntülərində hiss edib tələsik addımlarla maşına əyləşdiyini necə görməyəsən? Bəzi hallarda həkimlərin təkidinə baxmayaraq xəstəxanaya getməkdən imtina edən koronavirus daşıyıcısının otağına polis əməkdaşlarının daxil olmasını gözlərinizin önünə gətirin. Hansı hissləri keçirərdiniz? Bəli, bu bizim polisdir, Azərbaycan polisidir. Siz ABŞ-da, Hindistanda, Avropanın bi çox ölkələrində, lap elə qulağımızın dibində -Şimali Osetiyada polisin karantin rejmini pozanlara qarşı nə qədər "humanist” davrandığını seyr etmisinizmi? Polis dəyənəklərinin havada uçduğunu necə? Özünü demokratik dəyərlər istehsalçısı kimi sırmağa çalışan bir çox ölkələrdə polisin əli daim tabancasının üstündə görünür. Onlar, nədənsə, günahsızla cinayətkarı tez-tez səhv salırlar. Odur ki, bir balaca ara qarışanda adamlar polisin gözünə görünməməyə çalışırlar.

Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki,polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki,qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Obyektivlik onu sübut edir ki,ölkə polisi peşəkarlıq baxımdan xarici həmkarlarına uduzmur. Dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə isə bir örnək sərgiləyir. Azərbaycan polisi bu nailiyyətləri ona görə əldə edə bilmişdir ki, o, Ulu Öndərin məktəbini layiqincə keçmişdir. Bu məktəbi keçərkən mətinləşən DİN və onun strukturları, Ümummilli Liderin özünün də dediyi kimi, dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.

       Nobel mükafatı laureatı,yazıçı Qarsiya Markes belə yazırdı:” Ədəbiyyat olmasaydı dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı dünya tamam başqa cür olardı”.

Xəbər 2859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR