“Azərbaycan dövləti Xocalı soyqırımına daha geniş səviyyədə hüquqi qiymətin verilməsi üçün bütün gərəkən addımları atır”

“Azərbaycan dövləti Xocalı soyqırımına daha geniş səviyyədə hüquqi qiymətin verilməsi üçün bütün gərəkən addımları atır”

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırım aktından 29 il ötür. Erməni faşizminin mənfur xislətini göstərən bu kütləvi və amansız soyqırım aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin davamı olmaqla, təkcə azərbaycanlılara yox, bütövlükdə bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir.

Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq idi. Eyni zamanda əsas hədəflərdən biri də Azərbaycan xalqına məxsus olan mühüm əhəmiyyətli tarixi abidələri məhv etmək, onları yer üzündən silmək idi. Çünki məhz həmin abidələr bu yurdun azərbaycanlılara məxsus olduğunu təsdiq edirdi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal edilən kimi onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan qədim Xocalı nekropolu xüsusi texnika ilə darmadağın edildi. Ermənilər Qarabağda tarixi və mədəni irsimizi özündə yaşadan və Xocalı şəhərinin ətrafında yerləşən abidələri də hədəf seçdilər, o abidələri də dağıntılara məruz qoydular. Bu abidələrin arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanlarının özünəməxsus yeri vardı.

Ermənilər Xocalıda misli görünməmiş soyqırım törədiblər. Bu soyqırım nəticəsində  613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, bu soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təcili tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək "Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı "Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu Öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə "Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi, atılan mühüm addımlardandır. Dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsinin qərara alınması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.

Aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri "Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Dünyanın bir çox ölkələri, eyni zamanda Amerika Birləşmiş Ştatlarının 22 ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. 

Bu gün də Azərbaycan dövləti Xocalı soyqırımına daha geniş, qlobal səviyyədə hüquqi qiymətin verilməsi üçün bütün gərəkən addımları atır.

Tanrı bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların xatirəsi əbədiyyən bizim qəlbimizdə yaşayacaq  

 Azərbaycan Demokratik Maarifçilik Partiyası.
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR