AZAL-a daha bir zərbə deputatdan gəldi

AZAL-a daha bir zərbə deputatdan gəldi

“Azərbaycan Hava Yolları aviaşirkərində biletlərin bahalaşması ilə bağlı atılan addım hesab edirəm ki, prezidentin haqlı iradından sonra dayandırılacaq".

Aktual.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa dünən prezident İlham Əliyevin Nazirlər Kabinetində 2015-ci ilin birinci yarısının yekunları ilə bağlı keçirdiyi iclasda AZAL-da biletlərin qiymətlərinin həddindən çox yüksək olması ilə bağlı səsələndirdiyi fikri şərh edərkən deyib: 

“Ümumiyyətlə, Azərbaycan aviaşirkətinin qiymətləri başqa ölkələrlə müqayisədə bahadır və bir çox xarici ölkələrə səfər edərkən bu fərqi insanlarımız görür. Bunlar təbii ki, müəyyən dərəcədə Azərbaycan hava məkanının İstanbul, Moskva qədər geniş olmaması, təyyarə qəbul edib, təyyarə yola salmaq potensialının zəifliyi ilə bağlıdır”.

Deputat, eyni zamanda bir müddət öncə AZAL tərəfindən verilən açıqlamaya da diqqət çəkib: 

“Amma burada ən maraqlı məsələlərdən biri verilən açıqlamadır. Bu açıqlamadan məlum olurdu ki,  xarici idmançılar pulsuz gətirildiyi üçün onun pulunu vətəndaşların hesabından əldə ediblər. Əsas məsələ bu idi və bu anlayış, ümumiyyətlə, Azərbaycanda geniş yayılıb. Xarici vətəndaşın gəlməsi üçün vəsait büdcədən ayrılırdı və ölkədə möhtəşəm bir tədbir keçirildi. Ona görə də bu tədbirin keçirilməsinin yükünü vətəndaşın üzərinə qoymaqdan məntiqsiz heç bir şey yoxdur. Bu da idarəetmədə olan yanlış anlayışın bir göstəricisi idi. 


Hər halda, prezident də kifayət qədər bu haqda məlumatlıdır və son vaxtlarda vətəndaşlardan, ayrı-ayrı yerlərdən informasiyalar alır. Ona da məlum olur ki, bunlar vətəndaşlara ziyan vurur. Ona görə də tədbirdə bunu dilə gətirdi və çox haqlı olaraq iradını bildirdi ki, Azərbaycan vətəndaşını bu qədər çətinliyin altında saxlamaq doğru deyil”.

Fazil Mustafa qeyd edib ki, prezidentin iradından sonra AZAL daha sərfəli, vətəndaş üçün əlçatan qiymətlərlə, ən azı xarici şirkətlərlə rəqabəti nəzərə alaraq qiymətlərin normal həddə gətirilməsinə qərar verəcək.

 
Xəbər 1199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR