Antalyada liderlərin mötəbər forumunda azərbaycanlı imzası – baş redaktor təəssüratlarını bölüşdü

Antalyada liderlərin mötəbər forumunda azərbaycanlı imzası – baş redaktor təəssüratlarını bölüşdü

"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli: "Cənab Ərdoğan və Çavuşoğlu ilə, həmçinin 12 hökumət başçısı ilə görüşdüm, Türkiyə hökuməti Antalya Diplomatik Forumunu beynəlxalq müzakirələr platformasına çevirmək niyyətindədir”
10 ölkədən dövlət və hökumət başçıları, 42 ölkədən xarici işlər nazirləri, 50-dək beynəlxalq qurumun təmsilçilərinin qatıldığı Antalya Diplomatik Forumunda Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov mühüm mesajlar verdi.
18-20 iyun günlərində Türkiyə Respublikasının Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi Antalya Diplomatik Forumu keçirildi.
Türkiyə XİN-in məlumatına görə, "Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar” mövzulu Foruma 10 ölkədən dövlət və hökumət başçıları, 42 ölkədən xarici işlər nazirləri, 50-dək beynəlxalq qurumun təmsilçiləri, eləcə də bir sıra ölkələrdən sabiq dövlət, hökumət rəhbərləri, diplomatlar, parlamentarilər, siyasətçilər, elm və iş adamları, media nümayəndələri - ümumilikdə 2 minə yaxın qonaq qatılmışdı.
Antalya Diplomatik Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdilər.
Forumda qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə edilib.  ADF-nin açılış mərasimində çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tədbirin məqsədlərindən, ölkəsinin xarici siyasətindən və dünya ictimaiyyətini narahat edən məsələlərə dair qətiyyətli mövqeyindən danışıb. Türkiyə XİN rəhbərinin sözlərinə görə, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Antalya Diplomatik Forumunda nitq söyləyib. Forum işini müxtəlif mövzulu panel və sessiyalarla davam etdirib.
Türkiyə Xarici İşlər Nazirliyi İnformasiya şöbəsinin müdiri, ADF-nin Təşkilat Komitəsinin rəhbəri Murat Karagözün verdiyi məlumata görə, ümumilikdə 15 panel, 3 sessiya, 2 dəyirmi masa keçirilib. Tədbirlərin bir qismi eyni zamanda onlayn qatılım - vebinar formatında təşkil olunub.
Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda bölgədə sülh və tərəqqi üçün yeni əməkdaşlıq imkanları yaranıb. İnkişaf və rifahın yeganə yolu sülhdən keçir. Münaqişələr olan yerdə əməkdaşlığın müzakirəsi yersiz və faydasızdır. Ona görə də Ermənistan tərəfi mövcud reallığı düzgün qiymətləndirərək qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmalıdır. Vurğulanıb ki, əgər region dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf edərsə, bölgəyə kənar təsirlər də azalar.
Ən əsası, Antalya Diplomatiya Forumundakı panellərdən biri "Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunub. ADF-nin ilk gününün proqramında "Virtual dünyada məlumat çirkliliyi və saxta xəbərlər” mövzusunda paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, iyunun 19-da "Cənubi Qafqaz: regional sülh və stabillik üçün yeni fürsətlər” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramovun, "Sülh araşdırmalarında qadınların rolu” panelində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın çıxışları olub. Eyni zamanda, Forumda Beynəlxalq Elmlər Akademyasının Fəxri Akademiki  "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli də iştirak edib. O, "Antalya Diplomatik Forumu”na qatılıb və baş redaktoru olduğu "Azərbaycanım” beynəlxalq jurnalını təmsil edib.
Belə mötəbər platformada iştirak etmiş azərbaycanlı jurnalist Forumda Türkiyə Prezidenti cənab Rəcəb Tayib Ərdoğanla görüşüb və ona "Azərbaycanım” beynəlxalq jurnalını təqdim edib. E.Nəsirli bildirdi ki, jurnalımızla yaxından tanış olan Prezident Ərdoğan kollektivə gələcək fəaliyyətində uğurlar arzuladı.
Baş redaktor onu da qeyd etdi ki, nəticə olaraq, bu forumda həmçinin Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlu və qardaş ölkənin bir sıra tanınmış şəxləri ilə də görüşləri baş tutub.
E.Nəsirli habelə, həmin foruma qatılan 12 dövlət və hökumət başçısı, o cümlədən Polşa, İran, İraq, Gürcüstan, Ukrayna, Moldova , Keniya , Bosniya, Xorvatiya və digər ölkələrin Baş nazirləri və xarici işlər nazirləri ilə də görüşüb:
"Hesab edirəm ki, Türkiyə hökuməti Antalya Diplomatik Forumunu beynəlxalq müzakirələr platformasına çevirmək niyyətindədir və tədbir çərçivəsində baş tutan bu görüşlərin səmərəli nəticəsindən məmnun qaldım”.
E.Nəsirli hesab edir ki, Foruma təkcə siyasətçilər, qərar qəbul edənlər, parlamentarilər deyil, müxtəlif beyin mərkəzləri, elm adamlarının da qatılması problemlərə elmi baxış nöqteyi-nəzərindən maraq doğurur.
Onun fikrincə, ölkəmizin tanıdılması, əlaqələrin qurulması və genişləndirilməsi baxımından da belə bir tədbirə qatılmaq müsbət haldır. "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktorunun sözlərinə görə, ölkəmizdə də dünyanın mühüm siyasətçilərinin iştirakı ilə belə bir diplomatiya forumu təşkil etmək yaxşı olardı.
Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemi öz tarixinin ən böhranlı və qeyri-sabit dövrlərindən birini yaşayır. Dünya nizamının qlobal sistemində qüvvələr balansının dəyişməsi prosesi müşahidə edilir.
Ölkələr əməkdaşlıqla yanaşı, yarışırlar, hətta mübarizə aparırlar. Qlobal dünya nizamı güclü burulğanlıq şəraitində yaşamağa çalışır. Belə şəraitdə Antalyada keçirilən Diplomatik Forum kimi beynəlxalq müzakirə meydanları xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə başlanmış forum mürəkkəb məsələlərə və çağırışlara yeni yanaşmalar formalaşdırır, sülhə ümidin formalaşmasına öz töhfəsini verir.
Xarici işlər naziri Ceyhun Bayramov "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.
Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı olan münasibət artıq tamamilə dəyişib. Biz artıq siyasi kluarlarda bunun şahidi oluruq. Ölkəmizin artan qüdrəti regionda oynadığı rol bu tipli tədbirlərdə də aşkar şəkildə özünü büruzə verir. Forumda Şuşa Bəyannaməsinin əhəmiyyəti, Zəngəzur dəhlizinin açılması və 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi məsələlərinin vurğulanması təsdiqləyir ki, ölkəmizə beynəlxalq münasibət tamamilə fərqli şəkil alıb.
Beynəlxalq qurumların nümayəndələrinin, diplomatların, rəsmi şəxslərin Qarabağla bağlı sualları Azərbaycana olan diqqətdən, maraqdan xəbər verir. Yeri gəlmişkən, bu diplomatik forum növbəti illərdə də davam edəcək.
Fikrət NAGIYEV/Yazıçı, publisist






Xəbər 3190 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR