Anar İsgəndərov: Millət vəkili seçilərəmsə, insanların mənə etimadını qorumaq üçün əlimdən gələni edəcəyəm

Anar İsgəndərov: Millət vəkili seçilərəmsə, insanların mənə etimadını qorumaq üçün əlimdən gələni edəcəyəm

Ömürlüyündən: Anar İsgəndərov 1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olub. 1963-1973-cü illərdə həmin kənddəki orta məktəbdə oxuyub. 1973-1978-ci cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Təyinatla Masallı rayonuna göndərilib, əvvəl Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan kənd orta məktəbində tarix müəllimi işləyib.

1982-ci ilin yanvarından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fəlsəfə kafedrasında çalışıb. 1984-cü ilin martından isə Bakı Dövlət Universitetinin tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında fəaliyyətəbaşlayıb.

1985-1989-cu illərdə həmin universitetin aspiranturasında qiyabi təhsil alıb.

1989-cu ildə tarixşünaslıq, mənbəşünaslıq ixtisası üzrə respublikada ilk dəfə namizədlik dissertasiyası müdafiə edərək, 1999-cu ilədək tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Sonra isə həmin kafedranın müdiri vəzifəsinə seçilib və bugünə kimi həmin vəzifədə işləyir.

2004-cü ilin aprelində "Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2004-cü ilin dekabrından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor elmi adı alıb.

Dövlət tərəfindən fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinin sərəncamı ilə 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı "Tərəqqi”, 2016-cı il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərimə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamları ilə Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə "Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı”, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu” ilə təltif edilib.

Professor Anar İsgəndərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Bakı Dövlət Universiteti və tarix fakültəsinin elmi şuraları, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondu (ATAF) Himayəçilər Şurası ilə yanaşı, həm də Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvüdür.

Tanınmış alim "Tarix və onun problemləri”, "Dirçəliş”, "Kəlam”, "Yaşıl çay” jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Professor Anar İsgəndərov dövri mətbuatda və müxtəlif televiziya kanallarında Azərbaycan tarixinin ayrı-ayrı problemləri ilə bağlı müntəzəm çıxışlar edir.

O, 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunan beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyəti Baş nazirinin qol saatı və "Altun” medalına, 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində dəyərli araşdırmalarına görə isə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” "Qızıl döş nişanı”na layiq görülüb.

Müəllifliyi ilə 6 monoqrafiyası, 5 dərs vəsaiti, 15 proqramı, 300-dən çox elmi məqaləsi işıq üzü görüb.

Professor Anar İsgəndərov Azərbaycanın 1917-1920-ci illər tarixinin mənbəşünaslığı və tarixşünaslığı üzrə elmi məktəb yaratmağa nail olub. Bu dövrün ayrı-ayrı problemləri onun rəhbərliyi altında uğurla həllini tapıb: türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq olunaraq Azərbaycan ictimaiyyətinə çatdırılıb.

Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.

*

Elmi cəmiyyətdə, ictimai sferada nüfuzlu bir alim kimi tanınan professor Anar İsgəndərov hər zaman diqqəti daha çox özünüdərk şüurunun formalaşdırılmasına, milli-mənəvi dəyərlərin bərpasına yönəldib. İllərlə üzərini toz basan tarixi faktları araşdırmaqla, həqiqət işığına çıxarmaqla ağrılı-acılı gerçəkliklərə öz vətəndaş-alim münasibətini bildirib. Başqa sözlə, xalqımızın çoxəsrlik tarixinin heç bir konyukturdan asılı olmadan, ideoloji qəliblərə, siyasi yararlılıq prizmasına əsaslanmadan yerli-yataqlı tədqiqinə, tarixi həqiqətlərin məhz həqiqət prizmasından qiymətləndirilməsinəxüsusi önəm verib və bu zaman "Biz kimik? Haradan gəlib hara gedirik? Bu uzun, məşəqqətli yolda dostlarımız kimdir, düşmənlərimizlə necə mübarizə aparmalıyıq” suallarına cavab tapmağa çalışıb və buna uğurla nail olub.

Professor Anar İsgəndərovun ayrı-ayrı kitab, məqalə və çıxışlarında da bu məsələ özünü qabarıq büruzə verib. Alimin aşağıda diqqətə yönəltdiyimiz fikirləri də bunun bariz ifadəsidir:

–Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən, 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza-repressiya maşını da bu məşəli söndürə bilmədi… XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.

–Bu torpağın üstündə addımlayaraq, bu xalqın çörəyini yeyərək, onun maddi-mənəvi dəstəyi ilə ərsəyə yetib elmi mənsəb, şan-şöhrət sahibi olaraq, böyük pafosla özünü taritxçi-alim adlandıran kommunist məddahları adidən də adi həqiqətə–Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra soyqırımının Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyinə uzun illər boyu göz yummuş, yaxud xalqımıza qarşı ermənilərin soyqırımı siyasətinin ayrı-ayrı təzahür hallarının mahiyyətcə təhrif olunmuş şəkildə, məsələn, 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsini ən yaxşı halda "Vətəndaş müharibəsi” kimi təqdim etməkdən zərrəcə olsa da, vicdan əzabı çəkməmişlər…

Yaxud, başqa bir ağrılı məqama nəzər salaq. Hələ də sıralarımızda elələrinə rast gəlirirk ki, qardaş Türkyə ilə aramızda nifaq salmağa, soyuqluq, ayrılıq səddi yaratmağa cəhd göstərirlər. Əsrlərlə erməni dəhşətlərinin şahidi olan məmləkətimizdə uğrumuzda qan tökdüyü, bizimlə birgə şəhid verdiyi bir qardaş ölkəyə belə münasibət haradan qaynaqlanır, özünə türk deyən belə şəxslərin düşüncələrinin kökündə nə dayanır?

Xalqlar, millətlər arasında ayrı-seçkilik salmaq istəyi ilə yaşayan adamlara az da olsa, rast gəlinir və professor Anar İsgəndərovun araşdırması elələri üçün kəsərli cavabdır:

–1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil oldu. Və 1918-ci ilin may soyqırımından sonra Bakını tərk edən və Bakıya həsrətlə baxan Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə şəhərə daxil oldu. Əslində, həm də sentyabrın 15-i Azərbaycanın tarixində bir də ona görə əlamətdardır ki, Bakı bütün tarixi boyu ilk dəfə olaraq Azərbaycanın paytaxtına çevrildi.

Professor daha sonra yazır: "Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, bir çox rayonlarda da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan "Türk Şəhidliyi” abidəsi önündə anım mərasimi keçirilir… Şəhidlər xiyabanına gedən hər bir azərbaycanlının ürəyindən keçən dualar budur: Allah sənə rəhmət eləsin Ənvər paşa, Nuru paşa, Mürsəl paşa! Əgər sizlər o zaman olmasaydınız, 1918-ci ilin mayında Tiflisdə öz müstəqilliyini elan edən dövlət 23 ay yaşaya bilməz və dünyada o zamankı Avropa dövlətləri tərəfindən müstəqil dövlət kimi tanına bilməzdi”.

Tarixçi alim daha sonra deyir ki, Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir.

Alimin ən böyük xidmətlərindən biri də uzun illər Səfəvi dövləti barədə mübahisəli fikirlərə dəyərli tədqiqatları ilə son qoyması, Səfəvi dövrünün obyektiv mənzərəsini yaratmasıdır. Bu barədə professor deyir:

–Səfəvi dövləti ən yüksək zirvədə dayanan bir dövlət, onun başçısı Şah İsmayıl Səfəvi də ən yüksək zirvədə dayanan bir şəxsiyyətdir. Nə üçün? Azərbaycanın tarixində ilk imperiya bu dövlətin adı ilə bağlıdır. Sovet dönəmində sovet imperiyası, rus imperiyası, Avropada olan imperiyalar deyəndə, bizə belə gəlirdi ki, imperiya - məhv edən, tarix üzərindən siləndir. Səfəvi dövləti və imperiyası Səfəvinin gücünü göstərən bir amildir. Yəni Amudərya, Sırdərya, Dəclə, Fərat, Gürcüstan– bu qədər geniş bir ərazidə dövlət yaradılır. Dövlət Təbrizdən idarə olunsa da, burda müsəlmanlar da, xristianlar da, başqa millətlərin nümayəndələri də yaşasa da, qanun hamı üçün eynidir. Bu mənada Səfəvi dövləti bizi dünya miqyasına, dünya müstəvisinə çıxardı. Burda maraqlı cəhət nədən ibarətdir? Səfəvilər dövlətinə qədər Azərbaycanda olan sülalə dövlətləri - Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, ən nəhəngləri Qaraqoyunlu və Ağqoyunlu dövlətləridir. Biz birnəfəsə bunları ötüb keçirik, sanki qarşımızda nə isə uğurlu bir şey var. O uğurlu dövlət də Səfəvi dövlətidir. Səfəvi dövlətinə hansı müstəvidən yanaşsaq, Azərbaycan tarixində şərəfli dövrdür, Azərbaycan xalqını tanıtdıran bir dövrdür. İstər Qərblə, istərsə də Şərqlə münasibətlərdə zirvədə dayanan Səfəvi dövlətidir.

Professor Anar İsgəndərovun elmi fəaliyyətində maraqlı bir məqam da diqqət çəkir. Bu, onun "Azərbaycanlı” ifadəsinin tarixşünaslığa necə və nə zaman gəlməsi ilə bağlıdır. Alim tədqiqatlarının birində bunula bağlı sovet dövlətinin başçısı İ.V.Stalinin 30-cu illərdə işlətdiyi və bir millətin adını dəyişməyə yönələn sözünə diqqət çəkir: " Stalin Moskvada keçirilən Azərbaycan mədəniyyət ongünlüyündə (1938-ci il) belə bir ifadə işlətdi: "Siz türk deyilsiniz. Siz midiyalıların törəmələrisiniz–siz azərbaycanlılarsınız!”. Artıq ondan sonra nə Azərbaycanın rəsmi sənədlərində, nə də tarixində "türk” sözü işləndi. Bu sözü işlədən hər bir ziyalı özünə problem yaradırdı. Və beləliklə, Azərbaycan tarixşünaslığına "azərbaycanlı” ifadəsi gəldi, "türk” sözü çıxarıldı...”.

*

Bu gün Anar İsgəndərov yanvarın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edir. Deyir: –Masallı rayonunda doğulmuşam, bu ərazinin seçiciləri mənə doğma və əzizdirlər. İndiyə qədər onların arasında necə idimsə, seçkilərdə etimad göstərərlərsə, bu yaxınlıq bir qədər də artacaq. Milli Məclisdə, necə deyərlər, onların səsi olmağa çalışacağam, problemlərini parlament tribunasından səsləndirəcəyəm, çətinliklərin aradan qaldırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcəyəm. Bir sözlə, Yeni Azərbaycan Partiyasından namizədliyimin irəli sürülməsi mənim üçün çox böyük etimaddır və bu etimadın məsuliyyətini başa düşürəm, ona görə də mənə səs verən seçicilərin ümidlərini doğrultmağa çalışacağam.

– Milli Məclisə keçiriləcək seçkilərdə bir namizəd olaraq ölkəmizdə gerçəkləşdirilən islahatları necə dəyərləndirirsiniz?

– Son illər Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlarla, beynəlxalq reytinq siyahılarında ön mövqelərdə qərarlaşması ilə yadda qalıb. İqtisadiyyat sürətli inkişafı istiqamətində görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun xüsusi çəkisinin artması son nəticədə ölkənin iqtisadi və hərbi gücünü dəfələrlə artırıb. Sosial təminatın daha da yaxşılaşdırılmasını ifadə edən büdcə göstəriciləri davamlı şəkildə yaxşılaşdırılıb, ölkəmizdə mütərəqqi sosial siyasət həyata keçirilib, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilib.

Bütün bunlarla bərabər, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmizdə məhkəmə-hüquq sistemində də genişmiqyaslı islahatlar həyata keçirilir. Təbii ki, bu yeniləşmə, müasirləşmə Milli Məclisdən də yan keçə bilməzdi. Zamanla ayaqlaşmaq üçün qanunvericilik sahəsində də islahatlara ciddi zəruri ehtiyac duyulurdu və parlamentə yeni seçkilərin keçirilməsi də məhz bunun bariz ifadəsidir.

–Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. İnsanlar hakim partiyanın seçki proqramını necə qarşılayırlar?

- YAP sübut edib ki, sadəcə vəd vermir, o, ideya irəli sürür, ideya cəmiyyətdə dəstəklənir və uğurla həyata keçirilir. Seçicilərlə görüşdə də, bunun canlı şahidiyəm ki, 71 saylı Masallı kənd seçki dairəsinin ərazisində yaşayan insanlar Heydər Əliyev ideyalarına sadiqdirlər, insanların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük məhəbbəti var. Eləcə də, partiyamızın da əhali arasında nüfuzu yüksəkdir.

Azərbaycanın dilbər guşələrindən biri olan Masallıda insanlar partiyamızın seçki proqramı ilə yaxşı tanışdırlar, onlar partiyamıza inanırlar. Vətəndaşların seçkilərə ürəklə, həvəslə qatılmaları da bu inamdan irəli gəlib.

Dövlətimizin başçısı Azərbaycanın bütün bölgələrinə, o cümlədən Masallıya böyük qayğı göstərir. Bu diqqətin nəticəsində də rayonda ciddi inkişaf müşahidə olunur. Hörmətli PrezidentimizinMasallının sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər tapşırıqları olub. Bu tapşırıqların yerinə yetirilməsi nəticəsində rayonda hər bir sahədə nailiyyətlər var. İstər kənd təsərrüfatında, istərsə də emal, istehsalat sahəsində uğurlu nəticələr əldə edilir.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı uğurla davam etdirilir. Bu baxımdan, Masallı rayonundakı quruculuq işləri haqda nə deyə bilərsiniz?

- Dövlətimizin başçısı Azərbaycanın bütün bölgələrinə, o cümlədən Masallıya böyük qayğı göstərir. Bu qayğının nəticəsində də Masallı rayonunda bu gün inkişaf müşahidə olunur. Hörmətli Prezidentimizin Masallının sosial-iqtisadi inkişafı ilə bağlı kifayət qədər tapşırıqları olub. Və bu tapşırıqların yerinə yetirilməsi nəticəsində rayonda hər bir sahədə nailiyyətlər var. İstər kənd təsərrüfatında, istərsə də emal, istehsalat sahəsində də gözəl nəticələr əldə edilir.

–Bu gün Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

–Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında sosial-iqtisadi uğurlarımızı ölkədə yaşanan sabitliklə əlaqələndirib. Dövlətimizin başçısı bildirib ki, sabitlik olmadan heç bir dövlət inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikamızda isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir. Çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

Anar


Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR