Anar Əsədli: “Dövlətlə vətəndaş arasında koordinasiyanı doğru şəkildə quracaq deputatlara ehtiyac var” – VİDEO+FOTO

Anar Əsədli: “Dövlətlə vətəndaş arasında koordinasiyanı doğru şəkildə quracaq deputatlara ehtiyac var” – VİDEO+FOTO

25 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin Masazır qəsəbəsi Zəngilan şəhərciyində yerləşən Mədəniyyət evində seçiciləriylə qapalı görüşü keçirilib. Deputatlığa namizədin komandası və vəkillərinin, onun deputatlığa namizədliyini irəli sürən Təşəbbüs Qrupunun rəhbəri və üzvlərinin, ziyalı və qazilərin iştirakı ilə baş tutan tədbirdə seçici qələbələyi yaşanıb.

Mərasim vətən uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilməsi və iştirakçıların Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb.
Görüşü Anar Əsədlinin vəkili, iqtisad elmləri doktoru Fuad İbrahimov idarə edib və zalda səmimi mühit yaradıb.

Anar Əsədli çıxış edərək, seçkinin seçicilərin səsvermədə aktiv iştirakı ilə baş tutacağına inandığını bildirib: "Xalqımızın mövqeyi, dövlət rəhbərliyinin parlament seçkiləri ilə bağlı ortaya qoyduğu siyasi iradə ilə sizin bu günə qədər inamsız yanaşdığınız seçki prosesi yeni anlam qazanacaq və ölkəmiz, millətimiz üçün müsbət dəyişikliklərin davamı olacaq. Buna inanın və seçkilərə gəlin, sizin səsinizlə dəyişəcəyik!

Mən həmyerlilərimin məskunlaşdığı digər şəhərcik və yataqxanalarda olduğu kimi, Masazırda yerləşən Zəngilan şəhərciyində də ev-ev gəzib sizlərlə görüşdüm. Siz məni dinlədiniz, mən sizi. Heç birinizə "Gəlin mənə səs verin” demədim, ölkəmizin, özümüzün müqəddarını özümüz həll edək, hamımız bir nəfər kimi seçkiyə gedək dedim. Ancaq bu gün sizi bu yağışlı, şaxtalı havada bura gətirən etimad və güvənə görə mən özümü qazanmış hesab edirəm.

Mən bu yola böyük bir iddia ilə başlamışam. Mən 20 ildir göstərdiyim ictimai-siyasi fəaliyyətimi parlamentdə davam etdirmək istəyirəm. Mən millətə, xalqa ciddi xidmət göstərmək istəyirəm. Və insan çıxdığı hər bir ciddi yola ailəsinin xeyir-duası ilə başlayır, mənim ailəm də sizsiniz. Sizin mənə inam və güvəniniz məni bu yolda daha qətiyyətli etdi.

20-25 ildir xalqın içində olmayan millət vəkilləri var ki, xalqla dövlət arasında vasitəçi ola bilməyiblər. Biz ev-ev gəzərkən, seçicilərlə görüşərkən həssas qrupa daxil olan məcburi köçkünlərdə məmur və deputat yarıtmazlığından yaranan aqressiyanın bir daha şahid olduq. Dövlət də bunun fərqindədir, ona görə də siyasi islahatlar aparır. Biz də istəyirik ki, ortaya qoyulan siyasi iradənin həyata keçməsinə töhvəmizi verək. Biz millət və dövlət anlayışının nə demək olduğunu yaxşı bilirik, istəmirik ki, xalqda dövlətə qarşı narazılıq yaransın. Dövlətimiz insanlarımızın problemlərini həll etmək iqtidarındadır. Sadəcə müəyyən məsələlər var ki, onlar millət vəkillərinin, yerli icra strukturlarının işidir. Dövlət və vətəndaş arasında doğru şəkildə koordinasiya qurmaq lazımdır. Mən də bu mənada bu günə qədər həmyerlilərimin ölkənin aidiyyəti orqanlarına çatdırılmayan səsi olmaq, o problemlərin həllində rol almaq, bu aqressiyanı azaltmaq üçün burdayam. Çox şadam ki, sizdə ölkədə müsbət dəyişikliklərə, seçki prosesinə inam yarada bilmişik. İnanıram ki, 9 fevral tarixində sizin seçkidəki aktivliyiniz bu inamın ifadəsi və qələbəsi olacaq! Əminəm ki, bu proses bizi bir-birimizə daha möhkəm bağlayacaq və problemlərin öhdəsindən birlikdə gələcəyik!

Biz dəyişəcəyik! Buna niyə inanırıq? Siz özünüz də şahidi oldunuz ki, 20-25 ildir dövlətin icra strukturlarında fəaliyyət göstərən kadrlar artıq yoxdur. Bunun 2 səbəbi var. Birincisi, bayaq da qeyd etdiyim kiimi, dövlətin yeni siyasi kursudur. İkinci səbəb bioloji faktordur, yaşlı nəslin yerini gənclər tutmalıdır. Amma o gənclər ki, bu xalqın içindən gəlib, xalqın problemlərini bilir, bu ağrı-acını onlarla birgə yaşayıb, bəlli bir şəkildə yetişib, güclü potensialı, həyat təcrübəsi var… İnanırıq ki, dövlətin və xalqın iradəsi ilə məhz həmin gənclər öz qələbələrini elan edəcəklər! Mən buna sizin iradənizə, inamınıza, bu möhtəşəm komandamın gecə-gübdüz çalışaraq ortaya qoyduğu işə, dəyərli vəkillərimin mövqeyinə görə inanıram. Ən əsası, mənim namizədliyimi irəli sürən hörmətli Zəngilan-Qubadlı ictimaiyyətinin formalaşdırdığı 52 nəfərdən ibarət Təşəbbüs Qrupunun etimadına görə burdayam, belə inamlıyam. Hər birinizə təşəkkür edir və inanıram ki, bu güc və əzmlə biz qazanacağıq!”

Daha sonra tədbirdə namizədin vəkilləri, ziyalılar və seçicilər çıxış edərək seçkidə iştirakın vacibliyindən danışıb və Anar Əsədlinin millət vəkili obrazına ən uyğun namizəd olduğunu qeyd ediblər.

Zəngilanın sabiq icra başçısı, tanınmış həkim İlham Hüseynov bildirib ki, deputatlığa namizədin vəkili olmağın məsuliyyətini yaxşı dərk edir və Anar Əsədliyə etibar edərək onun yanındadır: "Anar Əsədli genetikası, siyasi zəkası, ictimai fəaliyyəti, işğal olunmuş torpaqlarımız naminə ölkədə və beynəlxalq arenada gördüyü işlər, bütün bioqrafiyası ilə millət vəkilliyinə layiqdir. Mən inanıram ki, Anar Əsədli seçilsə, təkcə biz yox, bütün zəngilanlı və qubadlılar istəyinə çatacaq”.

Təşəbbüs Qrupunun rəhbəri Əşrəf Şükürov çıxışında 73 yaşlı zəngilanlı ağsaqqal olaraq ilk dəfədi öz el-obasından bir xahiş edir: "Hamı yaxşı bilir ki, mənim buna tam haqqım çatır və mən sizi Anara səs verməyə çağırıram. Elə burda bu boyda adamın olmağı, onların ətrafının dəstəyi Anarın qalib olmağı deməkdir”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy qeyd eidb ki, necə yaşamağımız bizim seçimlərimizdən başlayır. Sizin burada olmağınız da bir seçimdir. Biz həyatımızın bütün nöqtələrində seçim edirik, bəs niyə ən əhəmiyyətli məqamlarda bu seçimə etinasız yanaşaq? Bu, bizə həyatımızla bağlı söz demək haqqı yaradan bir seçkidir. İnamsız olmayın. Hər kəs seçkiyə getsə, bunun mütləq nəticəsi olacaq. Dövlətimiz də artıq qızıl qanun olan dəyişiklikdən təsirlənir, Milli Məclisi yeniləyir. Biz də dövlətə dsətək olub ən yaxşını seçək. Bu dairədə ən yaxşı Anar Əsədlidir. O, bizim iradəmizi əks etdirən, uğur hekayəsini yazan insandır”.

Keçmiş diplomat, AMEA Fəlsəfə İnstitutunun direktor müavini Qabil Camalov, Anar Əsədlinin çıxdığı yolun çətin və məsuliyyətli olduğunu, ancaq sahib olduğu xarakter, dünyagörüşü və təcrübə ilə bu məsuliyyətli işin öhdəsindən gəldiyini bildirib: "Anarın bu prosesdə ortaya qoyduğu güc, apardığı kampaniya ona və qələbəsinə inamımızı daha da artırdı. Mən əminəm ki, onun qələbəsi bütün zəngilanlı və qubadlıların, eləcə də xalqda yaratdığı inamın qələbəsi olacaq”.
Çıxış edən zəngilanlı qazi Əlisəfa Quliyev də Qarabağ müharibəsi iştirakçıları adından nitq söyləyərək Anar Əsədliyə dəstəyini ifadə edib və həmyerlilərini dövlət və millət naminə ona səs verməyə çağırıb.

Tədbir digər çıxışçı və zəngilanlı-qubadlılı seçicilərin fikir və arqumentlərində, təbliğat-təşviqat kampaniyası çərçivəsində Masazır qəsəbəsi Zəngilan şəhərciyində məskunlaşan seçicilərin qapılarını döyən, apardığı söhbətlər əsasında onların etimadını qazanan Anar Əsədlinin qələbəsinə inamın vurğulanması ilə başa çatıb.

Tədbirdən sonra Anar Əsədlini seçicilər evlərinə qonaq dəvət edib və bu istiqamətdə söhbətlər aparılıb.

 
 

 

Xəbər 704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR