AMB uçot dərəcəsini sabit saxlayıb

AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

AMB-dən "Report”a verilən məlumata görə, qərara əsasən uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılıb. Qərar 26 dekabr 2018-ci il, saat 14:00-dan qüvvəyə minir.
Məlumatda qeyd olunub ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş son toplantısından keçən dövrdə inflyasiya azalmaqda davam edib: "2018-ci ilin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir".
Bildirilib ki, dayanıqlı makroiqtisadi çərçivə risklər balansında başlıca sabitləşdirici amildir: "Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur. Perspektivdə pul siyasətinin reaksiyası inflyasiya amillərinin dinamikası, davamlılığı və ötürücülüyündən asılı olacaq. Son iki ayda inflyasiyada azalma meyili davam edib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2,3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır. Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0,6% səviyyəsində qərarlaşıb. İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda, cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib. Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıb. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir. Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2,3% ətrafında qərarlaşacağı gözlənilir".
Qeyd olunub ki, 2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranıb. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11%, qeyri-neft idxalı isə 33% artıb.
Məlumatda həmçinin bildirilib ki, 2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir: "Lakin, beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalıb. Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaq. İqtisadi artım pozitiv dinamikanı saxlayır və potensial səviyyəyə yaxınlaşır. 2018-ci ilin 11 ayında iqtisadi artım 1%, o cümlədən qeyri-neft sektorunda 1,4% olub. Qeyri-neft sektorunda artım əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 8,7%, kənd təsərrüfatında 4,6% artım olub".
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi qeyri-neft emalı, ticarət və xidmət sektorları üzrə yüksəlib, tikinti üzrə aşağı düşüb. AMB-dən bildirilib ki, ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi pozitiv zonadadır: "Aşağı inflyasiya şəraitində əhalinin real gəlirlərinin artımı və istehlak kreditləşməsinin bərpası istehlakın artımını dəstəkləyən əsas amillərdir".
AMB bəyan edib ki, risklər balansında tarazlıq qorunmaqdadır: "Başlıca sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır. Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir".
AMB-də hesab edirlər ki, faiz dəhlizinin mövcud parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləməklə əhalinin antiinflyasiya davranışına zəmin yaradır: "Digər tərəfdən pul təklifinin genişlənməsi makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi aktivliyi dəstəkləyir. 11 ayda manatla geniş pul kütləsi 13,3% artıb".
Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərinin dəyişdirilməsini inflyasiyaya xarici və daxili amillərin təsirini qiymətləndirmək əsasında həyata keçirəcək.
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR