Adı dünyanın hər yerində səslənən kəndin müəllimi: Barat Xanıyev

Adı dünyanın hər yerində səslənən kəndin müəllimi: Barat Xanıyev

"70 yaşın mübarək - möcüzəli və sehirli sarı xətkeşin sahibi!"

Bir müəllimdən yazmaq istəyirəm! O müəllimdən ki,  hətta təsadüfən gülümsünəndə qızıl dişlərinin bərqi beynimə ultrabənövşəyi şüa kimi "pis" təsir edirdi, sifətindəki zəhmi qara buludu xatırladırdı. Odur ki, nə mən bu yazını yalan üstündə qurum, nə də müəllimim yalanlarıma şahid olsun...

Və bu müəllimə sevgidən doğan bu yazını məhz bu gün, iyulun 5-də yazdım..Yazdım ki, əziz müəllimimin 70 yaşını sevə-sevə təbrik edim... hərçənd özümü bütün  bu illər ərzində inandırmışdım ki, deyəsən, mən onu "sevmirəm" axı! 

... O vaxt "rano" deyilən təhsil idarəsindən bu müəllimi rayona çağıranda sevinərdik. Ona görə yox ki, dərsini öyrənməyəcəyik, bilirdik ki, bir ay da keçsə üstündən, dərsin yerini də, bilib-bilməməyimizi də soruşacaq. Sevincimiz ona görəyədi ki, ürəyimiz istəyən kimi futbol oynayacqdıq. Hələ bu azmış kimi, uşaqlarla zarafatlaşıb stresimizi də çıxarda bilərdik...

Sevinirdik... həm də ona görə ki, bütün ormanlar bizimdi. Hətta qonşu kəndlərə də xəbər edirdik ki, müəllim rayona gedib, bu gün futbol bayramımızdı. Amma kitablarımız da ustumuzdən əskik olmazdı. Birdən müəllim qəfil qarşımıza çıxa bilər... Və yenə də arxayın olmadığımızdan, özümüzdən yaşda kiçik uşaqları gədiklərdə "postlarda" qurardıq. Birdən Barat müəllim gələ bilər...

Bir gün məni yazı lövhəsinə çağırdı Barat müəllim. Nə qədər sual verdi, tənlik verdi, həll etdim. Və birdən qəribə sual verdi, keçmədiyim misal idi. Amma bilirdim sinif rəhbəri kimi məni dərs öyrətməyə yox, "həyat dərsi deməyə" çağırırdı. Bunu dünəndən bilirdim. Ki, mənlə Zövnə kəndindən oxuyan Şahbaz adlı sinif yoldaşımla 2 kilometr məsafədən zarafatlaşanda xoşuna gəlməyən ifadələr işlətdiyimi eşitmişdi. Etiraf edim ki, Barat müəllimin Zövnə və zövnəlillərə "xüsusi məhəbbəti"  var deyə elə zənn etmişdim ki, bu "dərs" yalnız mənə aiddir...

 Amma Şahbaz da çox çəkmədi ki, mənə verilən "dərs"də müəllimin qarşısında idi...

Amma nə qədər döyülsəm də, yerimdən tərpənmədim...

Çünki ən çox məni şillələdi Barat müəllim....Guyaymış kimi mən də içimdə müəllimimə, sinif rəhbərimə, həm də atamın bu həyatda ən yaxın dostuna içimdəki "üsyan"ı belə göstərirdim.

HAŞİYƏ: Yeri gəlmişkən heç vaxt yadımdan çıxmaz. Bir dəfə Barat müəllimi təcili rayon xəstəxanasına cərrahiyə əməliyyatına apardılar. Atam xəbər tutmuşdu və dərhal da özünü xəstəxanaya çatdırmışdı. O vaxt həkimlərin "əgər iki saat da gec gətirsəydiniz, həyat təhlükəsi ola bilərdi" ifadəsini eşidəndə çox pis oldum...

Onda orta məktəbin son illəri idi və həm də o vaxt sevə bilmədiyim bu müəllimi tanımağa başlamışdım. 

Çünki o müəllimin sahəsində bütün müsabiqələrin qalibi idim...

Çünki o müəllim bizə öyrətmişdi olimpiadalarda qalib olmaq üçün nə etmək lazımdı.

O müəllim öyrətmişdi oxuyun və adam olun!!!

O müəllim idi, elmə görə qadağa qoymuşdu yaşımıza uyğun bütün oyunları belə.

Mən çox sonralar bildim ki, Barat müəllim mənim doğma əmim deyil. Hətta atam sovxoz direktoru işləyəndə doğma əmim, Rövşən müəllimlə gecə-gündüz sovxozun ot sahələrinə belə nəzarət edən adamdan niyə doğmalıq görməyim ki!?

Xarakter, yoxsa pedaqoji tərbiyə idi bunun adı?!

Və çox sonralar anlayacaqdım ki, Barat müəllimlə Zövnəli Əyyub kişinin oğlu Babanın münasibətlərinə həsəd aparmaq sən demə yersiz imiş. Bəzən Babaya paxıllığımız tuturdu. Barat müəllim yalnız Baba adlı sinif yoldaşımızın üzünə gülərdi, o da ildə iki-üç dəfə. Dünyanın altını-üstünü bilən, orta təhsili belə olmayan Əyyub kişinin oğlu Baba da pis uşaq deyildi...

İndi bu şəkildə gördüyünüz müəllimdən yazmağa nə var ki...

30-40 il bundan əvvəlin Barat müəllimi haqqında yazıram.

... Adamlar evlərindən, kəndlərindən çıxıb getdikləri yerə evini, kəndini, rayonunu aparır! Amma...

Bəri başdan qeyd edim ki, Züvüçdə anadan olan, orta məktəbdə dərs deyən və deməyən nə qədər müəllim varsa, hamısının ad günlərini təbrik edirəm. 

Bizləri siz yetişdirdiniz. Bu gün kəndimizdə elə insanlar var ki, bu kəndin elə oğulları var ki, elə kənddə otura-otura adları bəs edir ki, kəndləri, kimlikləri bilinsin, tanınsın, sevilsin!

"Dahilər əyalətlərdə doğulub paytaxtda parlayır" aforizmini "dahi elə əyalətdə də dahidi" kimi sübut etdi Barat Xanıyev. 

Alimlikdən imtina edən müəllim onu gözləyən bacılarının kəndinə qayıdır .

Barat Xanıyev Azərbaycan Dövlət Pedaqoji Universitetini 1975-ci ildə əla qiymətlərlə bitirib və yeganə məzun olub ki, dövlət imtananında görkəmli riyaziyyatçı Əsəd İbrahimovdan "5" alıb. Əlbəttə ki, həmən də təklif olunub ki, institutda müəllim qalsın, müdafiə eləsin, alimlik dərəcəsi alsın! Təbiidir ki, görkəmli pedaqoqlar, nə qədər olmasa da, yüksək savadlı məzunların kənd yerlərində it-bata düşməsini vicdanlarına sığışdırmırdılar o vaxtlar.

Barat müəllim onun üzünə qapıları açıq olan APİ-ni və riyaziyyat elmini başqa Baratların sərəncamına verib öz qapılarında, öz evlərində onu gözləyən bacılarının kəndinə üz tutub! Evin tək oğlu olmağı bəzən adamı şöhrətdən, mənsəbdən, hətta alimlikdən imtina etməyə də vadar edir!

Ancaq bir orası var ki, Barat müəllim özünə qıysa da, riyaziyyat elminə qıymayıb: onun şagirdləri riyaziyyatı "5"-dən aşağı qiymətə öyrənməyiblər! Əlində xətkeş "əla" qiymətə və əla səviyyədə öyrədib bu kəndin uşaqlarını - işığı, qazı olmayan, əzabı-əziyyəti bol olan, rahatlığı qəhətə çəkilən, məhrumiyyətləri alın yazısı olan bu kənddə hər şeyin təsəllisi bu olub: bu kəndin Barat müəllimi var!

Barat müəllim metodist müəllim də olub, ali dərəcəli müəllim şərəfinə də layiq görülüb!

Yadımdadır, o vaxt SSRİ-nin paytaxtı Moskvada "Kvant" deyilən bir jurnal var idi. O jurnaldan məsələ-misal gondərirdilər Barat müəllimə həll etmək üçün. Moskvanın belə məsələlərdə şübhəsinə Barat müəllim son qoyurdu və həll edib yola salırdı məktublarla.

Şagirlərinə bu elmə layiq səviyyədə dərs öyrədən Barat müəllim övladlarını da bu vətənə layiq böyüdüb: oğlu Vüsət ölkə və Azərbaycan Ordusu rəhbərliyi tərəfindən 39 mükafat alıb, onun 9-u orden-medaldır!

XÜSUSİ QEYD: 70 yaşına ən böyük hədiyyə oğlu Vüsətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunmasıdır. 

Barat müəllimin pedaqoq və ata olaraq aşıladığı tərbiyənin, tədrisin kökündə isə "məzlumun zalımı yox, zalımın zalımı ol" prinsipi durub! Özünü Barat müəllimin şagirdi sayan heç kəs sizdən asan misal istəməz, ummaz. Ən çətin sualı ver, məhv edib meydan sulayar!

Vüsətin timsalında bir daha şahid olursan ki, özü üçün necə oğul böyüdübsə, oxudubsa Barat müəllim, vətən üçün də elə şagird öyrədib, böyüdüb.

Barat müəllimin şagirdləri dünyanı idarə edən şirkətlərdə çalışır!

Barat müəllimin şagirdləri hakimiyyətin ən yüksək eşalonunda təmsil olunanlarla xarici səfərlərdə olur!

Barat müəllimin şagirdləri Azərbaycan oxucusunun ən sevimli imzalarındandır!

Barat müəllimin şagirdlərininsəsi-sorağı BP-dən, SOCAR-dan gəlir!

Barat müəllimin şagirdləri elmlər namizədi, elmlər doktorudur!

Barat müəllimin şagirdləri, ilk növbədə insandır - ədalətli, halal zəhməti, alın tərini, əl qabarını və haqqı doğru bilənlərdir!

Barat müəllimin şagirdlərinin bu gün də "kim olmaq istəyərsən" sualina cavabı "Barat müəllim olmaqdir arzum" deyimi hər şeyi deyir.

Mənim üçün xüsusi dəyər verdiyim isə odur ki, dostluqda elə dostdurlar ki, dostların uşaqları bilmir ki, onlar öz atalarının qardaşına əmi deyirlər, yoxsa atalarının dostuna!

Barat Xanıyev iki dəfə Müəllimlər qurultayına nümayəndə seçilib!

Barat Xanıyev təhsil konsepsiyasının hazırlanması üçün təşkil olunan komissiyaya dəvət olunub!

Barat müəllim hər hara dəvət olunsa da, hər hara getsə də, qayıdıb o kənddə qalıb: haqqın, halallığın, ədalətin itməməsi üçün. Adamlar haqq-hesab aparmağın qaydalarını, düsturlarını doğru bilsinlər deyə!

Və bu gün mən hesab edirəm ki, Barat Xanıyev kimi müəllimin elə lap əvvəllərdən də o kənddə olması hesabınadı ki, adamlar hər şeyin yerini biliblər: həyatda bir düzəni bilməyənin qalan bütün sahələrdə pərsəngi qaçılmazdır!

Təsəvvür edin: 40 illik təcrübəyə malik pedaqoq pensiya yaşı çatan kimi ərizəsini yazır çıxır təqaüdə! Üstəlik də... fənn üzrə uşaqları hazırlaşdırmağa davam edir! Təmənnasız. Qazı olmayan evində odun yandırmaqla!

Bax bundan danışmaq lazımdı!

70 yaşı tamam olan Barat Xanıyevin əlbəttə ki, danışılası xidmətləri və xatirələri çoxdu! 

70 yaşı tamam olan Barat Xanıyevin əlbəttə ki, mükafatları çoxdu! 

Və... 70 ildə neyləmək olardısa, bir kənd müəllimi olaraq, Barat müəllim bunu edib! Etdiyindən artıq olanı isə odur ki, o, bu kəndin adını öyrətdiyi riyazi düsturlar və terminlər kimi toxunulmazlıq və həqiqət, düzlük simvolu olaraq dünyada tanıtmaq üçün onların ömürlərinə həkk edib. 

Ömrün mübarək, gözəl müəllim!

Dünyanın hər yerində adını səsləndirdiyin kəndin dünyanın hər yerindən Sənə salamı var!

Və sonda: Bizə bir ömür özünü sevdirmək üçün sevgisini büruzə verməyən Barat müəllim, 70 yaşın mübarək - möcüzəli və sehirli sarı xətkeşin sahibi!

Hörmətlə, Aqil Alışov, 

miq.az saytının baş redaktoru


Xəbər 2961 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR