Üzülmədik...

Üzülmədik...

 ORXAN ÜLVİ
Əvvəldən, lap hələ bilet satışından başlayaq. Oyun gününə bir gün qalmış demək olar ki, bilet satışının 70-80 faizi yekunlaşmışdı. Bu da təbii idi. Adlı-sanlı ölkələrin klublarını Bakıya gətirmiş bir komandanı azarkeşsiz qoymaq olmazdı. O üzdən, stadionda bütün təbəqələrdən olan insanlara rast gəlmək olardı. "Qarabağ"a olan sevgi əvəzolunmazdı...
 Hə, əsas və ağrılı məqamlar da olmamış deyil. Matçın vaxtına 3 saat  qalmışdan evdən çıxıb, Bakının keşməkeşli, əzablı, tıxaclı, əsəbləri tarıma çəkən yollarından keçib, nəhayət ki, stadiona yaxınlaşanda sevindik. Sən saydığını say, gör, fələk nə sayır. Yox, fələk saymadı. Bu dəfə də biz sayası olduq. Stadionun başına neçə dəfə dövrə vurduğumuzu saya bilmədik. Mən anlayıram. Stadiona gəlməkçün ictimai nəqliyyatdan istifadə etmək lazımdı, şəxsi avtomobillə getməmək məsləhətdi. Anladıq. Bunu hər kəs deyir, eşidir. Amma yenə maşınla gedir. Onu da nəzərə alaq ki, stadionun ətrafındakı, avtodayanacaqlar yetərincə böyükdür və çoxlu avtomobil qəbul edə bilər. Əvəzində stadion ərazisinə giriş yollarının bağlanmasını aydınlaşdırmaq olmadı. Həqiqətənmi avtodayanacaq da yer yox idimi, yaxud kimlərinsə şəxsi istəyi ilə buraxılmırdı, anlamaq olmur. Nəticədə "Koroğlu" metro-stansiyasından bütün istiqamətlərə gedən yol kənarları avtomobillə "zəbt olunmuşdu"...
    Nəhayət, uzun və əzablı yürüşə başlayırıq. Piyada yoluyla da stadionun ətrafını bir-iki dövrə vurduqdan sonra stadiona daxil olmaq xoşbəxtliyini yaşayırıq...
  Möhtəşəmdi! Qürurvericidi! Sevindiricidi! Adətən böyük şəhərlərdə gördüyümüz oturacaqlarının hamısı dolmuş stadion aurasını doğma Bakıda yaşamaq əvəzəolunmazdı! Hətta çəkdiyimiz bütün əziyyətlər bu möhtəşəmliyin fonunda kölgədə qalır! Stadiona daxil olandan bu möhtəşəmliyin sehrinə necə düşmüşdümsə, hesabın əleyhimizə olduğunu az sonra bilirəm, hələ. Yerlərimizi tutana qədər, ingilislər hesabı açmışıdı. Amma bu qol azarkeşlərin kefini pozmamışdı. Üstəlik, "Qarabağ"ın nümayiş etdirdiyi oyun fonunda hesabda geri olmağımız hiss olunmurdu. Bütün turnirlərdə özündən söz etdirən, dünya nəhənglərindən olan "Arsenal"a qarşı belə əzmkar oyun nümayiş olunacağını gözləmirdik. Topla sərbəst oynamaq, hücumda rəqibə çətin anlar yaşatmaq, əsas da yersiz top itirmələrinin olmaması, "Qarabağ"ın oyununa marağı daha da artırırdı. Xüsusi vurğulamaq lazımdır ki, rəqib qapısı önündə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mahir Mədətovun,  Maksim Medvedevin, Emeqaranın qol şanslarından yararlana bilməməsi məğlub olmağımızda "pay sahibi" oldu. Ədalət naminə qeyd edim ki, "Qarabağ"ın köklü "Arsenal"a qarşı nümayiş etdirdiyi oyun möhtəşəm idi. 
Məğlub olmağımıza səbəb: qol şanslarından yararlana bilməməyimiz və rəqibin son nöqtəni dəqiq tamamlaması oldu!
  Matçın əvəzolunmaz hisslərlə bol olduğunu vurğulamaq yerinə düşər. Ən xoş olanı Məsut Özilin meydana daxil olanda azarkeşlərin reaksiyası oldu. Alqışlar və "Məsut, Məsut" sədaları, Özilə həm də bir dəstək idi. Məlum Almaniya "macəralarından" sonra azərbaycanlı azarkeşlərin də Özili tək buraxmamasını hiss etmək, türk futbolçunu da qürurlandıran hisslərdən idi. Əvəzində Məsutun matç ərzində bir neçə dəfə "jest" etdiyinin şahidi olduq. İstər oyun epizodlarında, istərsə də futbolçumuzun zədələndiyi məqamda. Rəqib komandanın hücumda olduğu halda, Özilin topu dərhal meydandan çıxartması alqışlara cavabı idi. 
   Bəli, biz möhtəşəm arenada, möhtəşəm matç seyr etdik. Məğlub olduğumuza üzülmədik. Bir daha vurğulayıram, rəqib "Arsenal" idi. Üstəlik, "Qarabağ" heç də qorxaq, zəif və məğlub oyun nümayiş etdirmədi! Bir daha əmin olduq ki, Qurban Qurbanov dünya nəhəngləriylə baş-başa mübarizə aparacaq bir komanda yaradıb! 
Sadəcə, məğlub olduq. 
Qalibi mühakimə etmirlər! Bu dəfə məğlubu da mühakimə etmirik! Çünki belə futbol nümayiş etdirməklə daha yüksək yerlər fəth edəcəyinizə inanırıq! 

Var ol QARABAĞ!
TƏŞƏKKÜRLƏR, HOCA!


Xəbər 1503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR