18 dövlət əmlakı özəlləşdirildi

18 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir.

Komitədən Aktual.az-a bildirilib ki, noyabrın 21-də keçirilən növbəti hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkirdə yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı qeyd etmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 240 kvadratmetrə yaxın, torpaq sahəsi isə 870 kvadratmetrdən çoxdur. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa prosesdə özəlləşdirilən Respublika Təsərrüfathesablı Poliklinikası da səhiyyə sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Bu əmlak paytaxtın Nəsimi rayonunda yerləşir.
Eyni zamanda, Şəmkir şəhərində yerləşən Ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 3-ü Suraxanıda, 2-si müvafiq olaraq Nərimanov və Nəsimi, digərləri isə Yasamal, Xətai, Nizami rayonlarındadır. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Daşkəsən və Beyləqan rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 13 kvadratmetr ilə 145 kvadratmetr arasında dəyişir.
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 14 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsidir.
Prosesdə Şirə sexinin yarımçıq tikilisi də özəlləşdirilib. Bu əmlak Cəlilabad rayonunda yerləşir.
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r linkindən istifadə etmək kifayətdir.
Qeyd edək ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb. İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Hərracda qalib şəxslərdən bəziləri onlayn rejimdə qatılan sifarişçilər olur.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10 faizi məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti müəssisə və obyekt, eləcə də nəqliyyat vasitəsinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları "Özəlləşdirmə portalı”nda (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm "Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və "Özəlləşdirmə portalı”nda yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac noyabrın 28-də keçiriləcək.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR