Yetər ki, getmə...

Yetər ki, getmə...

 Elşən Musayev/millət vəkili
 
(QIZIMA AD GÜNÜ TƏBRİKİ)

Qızım anadan olandan düz 1 ay sonra bağırsağına mikrob düşmüşdü. Durmadan ağlayırdı. Sakitləşməsi üçün ya davamlı şəkildə qucaqda gəzdirmək lazım idi, ya da maşında. Ağrı yalnız bu halda keçirdi, əlqərəz. Hər gecə saat birdə oturdurdum maşına, qorxa-qorxa lap balaca bədənini qoyurdum ayağım üstünə və...beləcə səhərə qədər gəzirdik. Düz altı ayına qədər. Sonra Allah Gülarə həkimdən (indiki həmkarım Qüdrət Həsənquliyevin bacısı) razı olsun, anidən uşağı sağaltdı. 3 gün ərzində. Ondan sonra ilk dəfə Fidanın gülməyini, sevinməyini gördüm. İyim, qoxum isə hopmuşdu burnuna. Artıq başını dizimə ya da sinəmə qoymadan yatmırdı. Adət eləmişdi. İndi də o adətindən qalmır.
Fidan mənim pianodakı "mi” klavişimdi. Necə ki, "Seygah”dan tutmuş üzü bu yana bütün həzin musiqilər "mi” üzərindən paylanır, eləcə də mənim arzularım. Bütün xəyallarımın sütunu Fidandır.
O gün deyir ki, "papa” ayağım deyəsən böyüyüb, çəkmə sıxır. 3 gün zaman edib dükana gedə bilmədim. Amma and olsun bütün sevdiklərimin canına, həmin 3 günü özüm də lap nazik ayaqqabı geyindim. Ki, qızımın ayaqları üşürkən mən istilənməyim.
Mənə hər zaman ikinci övladımın niyə olmaması ilə bağlı yaxın ətrafdan davamlı suallar ünvanlanıb. Sadəcə Fidana olan sevgimi bölüşmək qorxusudur səbəb. Vəssalam. Qızımın başını 30 dəqiqə sığallaya biləcək halda o müddəti 15 dəqiqəyə endirmək istəmədim. İstədim axşamlar Fidan sağ böyrüm üstdə də, sol böyrüm üstdə də yatanda ona fərq etməsin. Başını yastıyacağı sinə, çiyin hər zaman boş qalsın. Onun üçün!
Fidan ərköyünlüyünü sadəcə mənə edir. O da zəmin varsa. Qalan kimsəyə ərk etməz. 5 saat ac qalsa bir adam anlamaz ki, acdır. Bildirməz, utanar. Elə olub ki, xətrinə bərk dəyiblər. Mən də 3 gün müddətincə xaricdə olmuşam. Ağlamaq üçün də məni gözləyib. Sıxıb-özünü saxlayıb ki, atam gəlsin, sonra rahat-rahat ağlayım. Başqası göz yaşımı görməsin.
Fidan bütün yaşamı boyunca oyuncaqbaz olub. Öz də həddən ziyadə. Təxminən xoşbətliyinin rəmzi kimi bir şey. Amma bir dəfə onun 6 yaşı olarkən təcili rayon səfəri çıxdı. Getmədən öncə böyük bir evcik aldım ki, 4 günlük yoxluğumu kompensasiya edim. Həmin oyuncağı açmadı. Dedi apar bunu dükana qaytar, yetər ki, getmə. Mənə sən lazımsan...
***
Burdan o tərəfini yaza bilmirəm. Nə yaxşı varsan, qızım.
Allah bircə məni səninlə sınağa çəkməsin. Qalan bütün yükləri daşımağa hazıram.
Ad günün mübarək!
Xəbər 2699 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR