Yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim ediləcək

Yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim ediləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb.
Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, layihə müddətində əhalidən sığorta haqları toplanılmayıb.
Hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan məcburi köçkünlərin ümumi sayı 256 401 nəfər təşkil edib.
Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
Ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb.
Hesabatda qeyd edilən göstəricilərə əsasən, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb. Həyata keçirilmiş cəmi əməliyyatların sayı 8274 olub.
Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilib.
Xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il ilə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib.
Pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.
Qeyd olunub ki, Agentlik tərəfindən hazırlanmış yeni "İcbari tibbi sığorta haqqında” qanun layihəsi və digər aidiyyəti normativ hüquqi aktların layihələri müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Milli Məclisə təqdim ediləcək.
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR