Xəzəri çirkləndirən neft-qaz çıxarma müəssisələri - SİYAHI

Xəzəri çirkləndirən neft-qaz çıxarma müəssisələri   - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən illik iş planına müvafiq olaraq 2015-ci il ərzində Xəzərin Azərbaycan sektorunda və şimaldan cənubadək 955 km-lik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə ümumilikdə 2061 monitorinq keçirilib.

Aktual.az APA-ya istinadən bildirir ki, ETSN-dən verilən xəbərə görə, monitorinqlər Xəzər dənizinin və onun sahil zolağının neftlə çirklənməsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat və birgə müəssisələrində, donanma sahəsində isə limanlarda, yanalma körpülərində, bundan başqa, yerli şirkətlərlə yanaşı xarici şirkətlərin əhatə dairəsində də aparılıb.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2015-ci il ərzində keçirilmiş monitorinqlərdə Xəzər dənizi və onun sahil zolağında fəaliyyəti zamanı ətraf mühitə mənfi təsir göstərən bəzi neft-qaz çıxarma müəssisələri qeydə alınıb. Bu müəssisələr Bahar Enerji Əməliyyat Şirkəti, "Bibiheybətneft", "Neft Daşları" və Ə.Əmirov adına neft-qazçıxarma idarələridir (NQÇİ).

Təhlillərin nəticəsinə görə "Neft Daşları", "Bibiheybətneft", Ə.Əmirov, N. Nərimanov adına NQÇİ-lərdə və "Bahar Enerji" ƏŞ-də, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan götürülən su nümunələrində neft məhsullarının miqdarı normadan artıq müəyyən edilib.

Bakı şəhərinin sahil zolağında Sahil və Pirallahı Bioloji Təmizləyici Qurğularından (BTQ), Hövsan kanalı, 32-ci kanal, Zığ və Xocəsən Mexaniki Təmizləyici Qurğular, Azadlıq prospekti, Y. Səfərov küçəsi, 8-ci km qəsəbəsi, Keşlə və Əhmədli kollektorlarından təhlillər üçün götürülən su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarı normadan artıq, ekotoksikoloji baxımdan kəskin zəhərli və mikrobioloji baxımdan çirkli olduğu aşkar olunub.

Qeyd edilib ki, monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə axıdılan 239 axar qeydə alınıb. Həmin axarlardan götürülən 4775 su, qrunt, qazma məhlulu, şlam və torpaq nümunəsi üzərində fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji təhlillər aparılıb. Hesabat dövrü ərzində keçirilən monitorinqlər zamanı götürülən su, qrunt, qazma məhlulu, şlam və torpaq nümunələri üzərində 22269-u analitik, 12876-sı bioloji və ekotoksikoloji, 17540-ı isə mikrobioloji olmaqla, ümumilikdə 52685 təhlil aparılıb.

Xəbər 860 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR