Xəzər tranzit keçidlərində rəqabət qabilliyyəti artırılacaq

Xəzər tranzit keçidlərində rəqabət qabilliyyəti artırılacaq

Nəqliyyat Nazirliyi məlumat yaydı.

Nəqliyyat Nazirliyində Xəzər tranzit keçidləri üzrə Azərbaycan, Türkiyə və Türkmənistanın əlaqədar dövlət orqanları və özəl sektor təşkilatlarının səlahiyyətli şəxslərindən ibarət üçtərəfli birgə texniki komitənin ilk iclası keçirilib. 

Bu barədə nazirlikdən Aktual.az-a bildirilib. 

“İclasda Xəzər tranzit keçidinin səmərəliyinin artırılması istiqamətində məsələlər müzakirə olunub, daşıma prosesləri zamanı qarşıya çıxan problemlər və onların mümkün həll yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Müzakirələrdə Xəzər dənizində tənzimlənmiş daşıma tariflərinin və marşrutlarının müəyyən olunması, Xəzər donanmasında Ro-Ro və bərə gəmilərinin say və daşıma həcmlərinin artırılması, Xəzər keçidlərinin rəqabət qabiliyyətinin artırılmasını təmin edəcək daşıma tariflərinin müəyyən edilməsi, sərhəd keçid məntəqələrində həyata keçirilən əməliyyatlar, İcazə blanklarının çatışmazlığı və tətbiq olunan rüsumlar, limanlarda dayanmalara səbəb olan viza problemləri, terminalların imkanlarının və infrastrukturunun inkişafı və səmərəliliyin artırılması, eləcə də terminallarda işləyən mütəxəssislərin qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsi və təhlükəli yüklərin daşınması (ADR konvensiyası), yol hərəkəti qaydalarının pozulması zamanı tətbiq edilən cərimələr barədə danışılıb.

Eyni zamanda, Bakı və Türkmənbaşı limanlarında həyata keçirilən tikinti və yenidənqurma işləri, eləcə də daşımaların tənzimlənməsi istiqamətində görülən işlər, o cümlədən tətbiq edilən yeniliklər barədə aidiyyəti dövlət orqanlarının məlumatları dinlənilib.   

Birgə Texniki Heyətin növbəti iclasına qədər olan müddət ərzində Bakı və Türkmənbaşı limanları arasında müntəzəm daşımaların təşkili və tənzimlənmiş daşıma tariflərinin müəyyən olunması üzrə aidiyyəti limanların, dəniz və avtomobil yolu ilə yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri arasında görüşün keçirilməsi barədə təkliflər səslənib və razılıq əldə edilib” - deyə, nazirlikdən bildirilib. 

Bundan başqa, nazirlikdən qeyd olub ki, İclas zamanı Avrasiya ticarət əlaqələrində mərkəz marşrutu təşkil edən TRASEKA dəhlizinin mühüm hissəsi kimi Xəzər tranzit keçidlərinin rolu xüsusi qeyd edilərək, Avropadan Asiyaya və əks istiqamətdə yüklərin cəlb edilməsi üçün Xəzər limanlarının, xüsusilə Bakı və Türkmənbaşı limanlarının imkanlarının artırılmasının, Xəzər donanmasının daşıma potensialından tam istifadə olunmasının vacibliyi vurğulanıb.

Aktual.az

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR