“Xankəndində planlaşdırılan beynəlxalq gənclər konfransı Ermənistanın təxribat aktıdır” – CBC Azərbaycan


Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 Sentyabr 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə tutulub. Ermənistan İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək bu konfransın məqsədi guya gənc alim və mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Ermənistan hakimiyyəti bu tip tədbirləri işğal altında saxladığı Azərbaycan torpaqlarında keçirməklə bir növ beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa və qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınmasına çalışır. Amma təcrübə göstərir ki, bu kimi tədbirlərin əsas iştirakçıları Ermənistan vətəndaşları və digər ölkələrdə yaşayan tək-tük erməni əsilli şəxslərdir. Burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.


Məsələ ilə bağlı CBC Azərbaycan kanalına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu konfransı Ermənistanın növbəti təxribat aktı adlandırıb və bunun qarşısını almaq üçün bütün imkanları səfərbər edəcəklərini bildirib: "Bu ilin Sentyabr ayında Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi barədə məlumat daxil olan kimi bu istiqamətdə intensiv fəaliyyətə başladıq. Bu məsələ ilə bağlı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunda operativ qərargah yaradılıb və əsas işimiz bu "konfransın" təşkilatçılarını ifşa etmək, cinayətkar və işğalçı Ermənistan hakimiyyətinin mahiyyətini ortaya qoymaq və dünya gənclərini məlumatlandırmaq yolu ilə onları bu konfransa qatılmaqdan çəkindirməkdir."


Artıq bu təxribat barədə xaricdəki tərəfdaşları məlumatlandırdıqlarını deyən hüquq müdafiəçisi bu istiqamətdə fəaliyyəti davamlı şəkildə apacaqlarını bildirib: "Biz bu təxribatla bağlı artıq beynəlxalq tərəfdaşlarımızı məlumatlandırmışıq, xüsusən də beynəlxalq insan haqları qurumlarına, gənclər təşkilatlarına, dünya universitetlərinə və tələbə elmi cəmiyyətlərinə bu barədə bir-neçə dildə müraciətlər göndərmişik. Bundan başqa, ATƏT-in Sentyabr ayında Varşava şəhərində keçiriləcək zirvə toplantısında bu barədə məlumat verəcək, Ermənistanın işğalçı siyasəti və regionda gərginliyə səbəb olan hərəkətləri barədə ATƏT üzvü olan ölkələri məlumatlandıracayıq."


İşğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərin həm Azərbaycan, həm də beynəlxalq qanunlara zidd olduğunu və cinayət məsuliyyəti daşıdığını diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov dünya gənclərinə də müraciət edib: "Bir hüquq müdafiə təşkilatı olaraq, bəyan edirik ki, işğal olunmuş ərazilərə səfər etmək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır və həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları baxımından cinayət məsuliyyəti yaradır. Azərbaycan hüquq dövlətidir və kimliyindən, milliyyətindən, vətəndaşlığından və ictimai-siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs Azərbaycan qanunları qarşısında bərabərdir. Bu ilin Fevral ayında  Azərbaycan qanunlarını pozaraq, işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən Aleksandr Lapşinin aqibətini yada salmaq yerinə düşər. Məncə, Xankəndində keçirilməsi planlaşdırılan konfransa dəvət olunacaq gənclər bu faktı unutmasınlar."


Xəbər 688 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR