Xalqın ziyalısına səs verək!

Xalqın ziyalısına səs verək!

Xalqın ziyalısına səs verək!


Tarixin bütün dövrlərində, bütün zamanlarda istənilən cəmiyyətdə, ziyalı fikrinə, ziyalı sözünə ehtiyac olmuşdur. Ziyalı mövqeyi istənilən məqamlarda əsl nümunə mənbəyi, bir söykənəcək yeri olmuşdur. Lakin, gəlin etiraf edək ki, “hər oxuyan Molla Pənah olmadığı kimi”, hər təhsilə yiyələnən, müəyyən mənsəb sahibi olan bu şərəfli adın daşıyıcısı ola bilmir. Ziyalı olmaq üçün, ilk növbədə, bu keyfiyyətə, biliyə, elmi əsaslara sahib olmaq lazımdır. Ziyalılığın təməl əsası olmağa gəldikdə isə məsələ daha da dərinləşir və biliyin, öyrənilənin xarakterə çevrilməsi ən mühüm şərt kimi ortaya çıxır. İnsan bir şeyi oxuyursa, bir mənbədən bilik əxz edirsə, ilk növbədə, onun xeyirli və ya zərərli olduğunu təsbit etməli, xeyirli olduğuna əmin olduqdan sonra həyatını o bilgi, o əsas üzərində qurmalıdır. Ona görə də uşaqlıq yaşından etibarən sağlam elmi qaynaqlara yönəlmək çox mühüm məsələdir. Sizi əmin edirəm ki, nə vaxtsa oxuduğunuz yanlış bir qənaətin təsəvvürünüzdə açdığı böyük bir boşluğu, uçurumu aradan qaldırmaq, o yanlış qənaətin təsirindən qurtarmaq üçün bəzən onilliklər lazım gəlir. Bütün bu yanlışlıqlardan qaçmaq üçün cəmiyyətdə əsas söykənəcək yenə də ziyalı dəstəyidir. Bu ziyalı şəxs əsl elm adamı olduqda isə onun nuru, ziyası ikiqat artıq olur.
Bu gün hamımıza məlumdur ki, hazırda Müstəqil Azərbaycan siyasi-tarixi bir proses ərəfəsindədir. Azərbaycan Respublikasının Milli Məclisinə beşinci çağırış seçkilərinin keçirilməsiylə bağlı ölkəmizin hər yerində təbligar-təşviqat kompaniyası aparılmaqdadır. Seşkilər uğrunda mübarizə aparan onlarla sayda namizədlər seçki uğrunda mübarizəyə qatılmışlar. Bu namizədlərin içərisində cəmiyyətin müxtəlif zümrələrinin nümayəndələri təmsil olunurlar. Təbii ki, bu namizədlərdən kimlərin parlamentdə təmsil olunacağı haqqında son sözü xalq deyəcək. Lakin, o xalqın bir nümayəndəsi kimi, mənim fikrimcə yenə hər zamanki kimi ali qanunverici orqan olan mühüm bir yerdə ziyalı, elmli və hüquqlarımızı dərindən bilən şəxslərin daha geniş tərkibdə təmsil olunması daha zəruridir. Bu seçki kompaniyasında mənim kimi, onlarla seçicinin dəstəklədiyi namizəd isə, Bakı şəhəri 16 saylı II Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən İnqilab qızı Mustafayevadır. İstərdim bu layiqli namizədi yetərincə tanımayan seçicilərimizə daha yaxından təqdim edəm. 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olan Aytən İnqilab qızı Mustafayeva, 1985-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirdikdən sonra, BDU-nun şərqşünaslıq fakultəsinə daxil olmuş, 1990-cı ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.
Aytən Mustafayeva 1993-cü ildən 2009-cu ilə qədər həyat yoldaşı, görkəmli ictimai xadim, Qafqazda ilk siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayev ilə birgə təsisçisi olduğu Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.
2000-ci ildən AMEA İnsan Hüquqları İnstitutunda böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 2009-cu ildən isə həmin institutun direktorudur. 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə Nəsimi rayon I Seçki Dairəsindən deputat seçilmişdir.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda "Beynəlxalq hüquq" ixtisası üzrə dissertasiya müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə «Bioetika hüquq və insan hüquqları: nəzəri və təcrübi problemlər» mövzusunda doktorluq işi müdafiə edib, hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır.
İnsan Hüquqları üzrə Beynəlxalq Ekspert Komissiyasının sədri, Dünya Tibbi Hüquq Assosiasiyasının (WAML), Avropa Tibbi Hüquq Assosiasiyasının (EAHL), Beynəlxalq Dissertasiya Şurasının üzvü Aytən Mustafayeva dünyanın bir çox ölkələrində və respublikamızda təşkil olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 50-yə yaxın elmi əsərin müəllifidir.
Aytən Mustafayevanın əsas elmi istiqamətləri: insan hüquqları – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi, qaçqınların hüquqları, Azərbaycan vətəndaşlarının sosial hüquqları, Azərbaycan xalqının ekoloji təhlükəsizlik problemləri, Azərbaycanda hüquq elminin yeni istiqaməti olan «Tibbi hüquq»un elmi qeydiyyatdan keçməsi və tədrisə daxil olması, səhiyyədə hüquqi normaların formalaşması və inkişafı kimi mühüm əhəmiyyətli məsələləri əhatə edir.
Bu il 16 saylı II Yasamal Seçki dairəsindən namizədliyini irəli sürmüş Aytən Mustafayevanın seçki platformasında əks olunan müddəalar, qısa da olsa, istər ötən 5 il ərzində görülən işlər, istərsə də gələcəkdə atılacaq addımlar haqqında məlumatları əhatə edir. Sizlərin bu məsələlərlə ətraflı tanış olması üçün, həmin platformanı, necə deyərlər, nğqtəsinə, vergülünə toxunmadan diqqətinizə təqdim etməyi zəruri hesab edirəm:
“Əziz seçicim!
Mənim Məqsədim Sizlərə boş vədlər vermək deyil. Apardığım araşdırmalara və təcrübəyə əsaslanaraq deyə bilərəm ki, qeyri-real vədlər və ya seçildikdən sonra seçiciləri unutmaq kimi xüsusiyyətlər insanların düşüncələrində seçkilərə və millət vəkillərinə etimadın itirilməsinə gətirib çıxarır ki, mən də bunu insan hüquqlarının pozulması və respublikamızın demokratik inkişafına mane olan amil kimi qiymətləndirirəm.
Seçicilərimin problemləri ilə maraqlanmaq, onlardan hər birinin məsələlərinin həlli ilə şəxsən məşğul olmaq millət vəkili kimi mənim əsas vəzifəm olub və mənə bu seçkilərdə Sizlər tərəfindən etimad göstərilərsə, yenə də əsas vəzifəm olacaqdır. Çünki millət vəkilinin əsas işi ona verilmiş hüquqlarla üzərinə götürdüyü vəzifələri icra etməkdir. Bu baxımdan, millət vəkili öz seçicilərini təmsil edərək dövlət orqanları, özəl sektor, ictimai və humanitar təşkilatlarla sıx əlaqədə işləməli, seçicilərin əsl mənada carçısı, elçisi olmalıdır.
Hər birimizin müəyyən sosial problemlərinin olduğu məlumdur və onların həll olunması üçün vaxtında və yerində icra olunan, cəmiyyətin bütün təbəqələrinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən qanunların qəbul olunmasına və onların icra mexanizmini təmin edən hüquq normalarına ehtiyac vardır. Son 5 il ərzində millət vəkili qismində cəmiyyətin hər sahədə normal inkişaf etməsi üçün insan hüquq və azadlıqlarını təmin edən və qoruyan demokratik qanunların qəbul olunması istiqamətində necə çalışmışamsa, bu dəfə də Sizlərin mənə etimad göstərdiyiniz təqdirdə həmin istiqamətdə aktiv fəaliyyət göstərəcəyimə söz verirəm.
Qeyd etməliyəm ki, millət vəkili olduğum dövr ərzində rəhbərlik etdiyim AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü və hüquqi ekspertizası ilə bir sıra vacib, əhəmiyyətli qanunlar və bəzi qanunlara dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilmişdir, o cümlədən:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə (“Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri”) təklif edilən dəyişikliklə bağlı qanun layihəsinin hüquqi ekspertizası aparılaraq mülahizələr irəli sürülmüş;
2. “Tibbi sığorta haqqında” - icbari tibbi sığorta haqlarının vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə respublikamızda İcbari Tibbi Sığorta Fondunun yaradılması məqsədəmüvafiq hesab edilmiş;
3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə (Qeysəriyyə kəsiyi əməliyyatı) təklif edilən dəyişikliklə bağlı qanun layihəsinin hüquqi ekspertizası aparılaraq “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun təklif olunan 31.1-ci maddəsinə aşağıdakı məzmunda müddəanın əlavə edilməsi məqsədəmüvafiq hesab edilmişdir: “Dövlət tibb müəssisələrində aztəminatlı və ya yoxsul vətəndaşlar üçün qeysəriyyə kəsiyi əməliyyatı pulsuz aparıla bilər”;
4. “Sosial xidmət haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Pasiyentlərin hüquqları haqqında”, “Sosial ipoteka, miqrasiya, mədəni irsin qorunması, memarlıq haqqında”, “Elm haqqında” Azərbaycan Respublikası qanunlarının hüquqi ekspertizası aparılaraq onların təkmilləşdirilməsi üzrə müvafiq təkliflər verilmiş;
5. “Genetik modifikasiya olunmuş məhsulların dövriyyəsini tənzimləyən beynəlxalq konvensiyalar, sənədlər və Azərbaycan qanunvericiliyi” adlı iş üzrə araşdırmalar aparılmış, həmin araşdırmalarda “GMO tərkibli məhsulların Azərbaycana idxalı, ölkəmizdə istehsalı, istifadəsi, satışı, yayılması və əkilməsinin ziyanının tədqiqi və qanuni əsasları”, “Biomüxtəlifliyin qorunması” məsələsi qaldırılmış və bununla bağlı ölkəmizin əhalisinin sağlamlığı, ekoloji mühitin qorunması məqsədilə hüquqi normaların müvafiq qanunlara salınmasının təşəbbüskarı olmuş;
6. “Uşaqların əlillik və fiziki imkanlarının məhdudluğunun qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi ekspertizası aparılaraq onun təkmilləşdirilməsi üzrə müvafiq təkliflər irəli sürülmüşdür.
Ölkəmiz üçün ən vacib problemlərdən biri olan Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin və doğma yurdlarından ayrı düşmüş həmvətənlərimizin pozulmuş hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni terrorizminin iç üzünün açılıb dünyaya bəyan edilməsi istiqamətində fəaliyyət göstərəcəyimə söz verirəm. Yarandığı gündən bu günə kimi AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu sahədə mühüm işlər görmüş, erməni terrorizmi, Ermənistanın işğalçılıq siyasəti haqqında məlumatları dünya ölkələrinin diqqətinə çatdırmış, xalqımızın haqq səsinin carçısı olmuşdur.
Bu kontekstdə son 3 ildə məşğul olduğumuz əsas istiqamət Ermənistanın Azərbaycana qarşı apardığı müharibə, işğal nəticəsində ölkəmizə vurulan iqtisadi, mədəni və ekoloji zərərlərin araşdırılması, bu məlumatların dünyaya yayılması, bununla bağlı xüsusi Beynəlxalq məhkəmənin yaradılması, cinayət işinin açılması və nəticədə, Ermənistanın əsl işğalçı dövlət kimi məsuliyyətə cəlb olunmasına nail olmaqdır.
Namizədliyimi irəli sürdüyüm seçki dairəsini əhatə edən ərazidəki bütün problemləri ciddi şəkildə analiz etmiş, onlar haqqında məlumat toplamışıq. Millət vəkili seçildiyim təqdirdə icra hakimiyyəti ilə birgə bu problemlərin intensiv şəkildə həllinə çalışacaq, seçicilərimin, əlillərin, yaşlı şəxslərin sosial hüquqlarının təmin olunması üçün lazımi hüquqi, təşkilati köməklik göstərəcəyəm.
Əziz seçicilərim, mənim əsas amalım xalqıma və millətimə xidmət etmək, Sizin hüquq və azadlıqlarınızın yüksək səviyyədə qorunmasına nail olmaqdır.”
Əziz seçicilər! Sizləri – bu platformayla tanış olub, səslənən müddəaları bəyənən və bu fikirlərin müəllifi, respublikamızın siyasi-ictimai xadimi, xalqımızın dəyərli ziyalı qızı, hüquqlarınızın qoruyucusu, hüquq elmləri doktoru, hörmətli alim və ləyaqətli Azərbaycan xanımı Aytən İnqilab qızı Mustafayevaya səs verməyə çağırıram! Səsimizi hüquqlarımızı qoruyan şəxsə veriməklə, biz əsl xalq ziyalısına olan inam və dəyərimizi göstərmiş olacağıq.

Aidə Bəndəliyeva
“Qızıl qələm” mükafatı laureatı

Xəbər 815 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR