Vətən torpağının ən kiçik parçası belə düşməndən geri alınırsa...

Vətən torpağının ən kiçik parçası belə düşməndən geri alınırsa...

Hal-hazırda Qarabağla bağlı geosiyasətdə olduqca maraqlı hadisələr baş verir. Bu günlərdə ordumuz Naxçıvanın Şərur rayonunun Günnüt kəndini və digər strateji əhəmiyyətli əraziləri Ermənistan silahlı qüvvələrinin nəzarətindən azad edərək geri alıb. Bütövlükdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu, olduqca böyük miqyaslı nəticədir. Hərçənd ki, bu gün sosial şəbəkələrdə sözügedən kəndin Milli Ordumuz tərəfindən nəzarət altına alınmasının əhəmiyyətini kiçiltməyə çalışan bəzi hissiyyatsız, qeyri-vətənpərvər insanlar da var. Amma kimin nə deməsindən asılı olmayaraq, 2016-cı ilin aprelində Lələtəpə əməliyyatından sonra, bu bizim növbəti uğurumuzdur. Vətən torpağının ən kiçik parçası belə düşməndən geri alınırsa, bunu yüksək qiymətləndirmək lazımdır. Çünki bu həm də ordudakı mənəvi ruh yüksəkliyini artırmaq üçün, əsgər və zabitlərimizin vətənpərvərlik duyğularını gücləndirmək baxımından da çox önəmlidir. Əgər bu gün əsgərimizin bir kəndi azad etməsinə gərəyincə qiymət verməsək, sabah da əsgər Şuşanı, Xankəndini, Ağdamı, Laçını azad etməyə həvəs göstərməz, can atmaz.
Mən bir məqamı da xüsusi vurğulayım ki, Lələtəpə əməliyyatından fərqli olaraq Cünnüt əməliyyatı sakitcə həyata keçirildi. Həm də itkisiz oldu. Bəzi erməni KİV-lərinin və hərbi ekspertlərinin haray-şivənini nəzərə almasaq, bütövlükdə Ermənistan cəmiyyəti də bu əməliyyatı səssiz qarşıladı. Sıravi ermənilər bu hadisəyə bir növ öz taleləri ilə barışırmış kimi reaksiya verdilər. Çünki bu gün hər bir erməni başa düşür ki, nə Azərbaycan dövlətinin, nədəki Azərbaycan xalqının Qarabağın işğalıyla barışmaq kimi təslimçi əhval-ruhiyyəsi yoxdur. Populist erməni lideri Nikol Paşinyan da bunu yaxşı başa düşür ki, Azərbaycan əsgəri hər an ayaqdadır və torpaqlarımızın işğaldan azad edilməsi üçün istənilən anda hərəkətə keçməyə hazırdır. Odur ki, erməni cəmiyyəti də, N.Paşinyan da Cünnütün azad edilməsini sükutla qarşıladı. Bu baxımdan, Cünnüt əməliyyatı hərb tariximizdə tamamilə yeni bir səhifə açdı.
İnşallah, əsgərlərimizin yeni-yeni qələbə xəbərlərini eşitmək ümidi ilə, bir daha gözün aydın olsun, Azərbaycan!

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR