Vəkillər Kollegiyasının yeni sədri kimdir? - DOSYE

Vəkillər Kollegiyasının yeni sədri kimdir? - DOSYE

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib. Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Səsvermə nəticəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin sədri Anar Bağırov növbəti 5 il müddətinə Rəyasət Heyətinin sədri seçilib. 

Azvison.az-ın məlumatına görə, Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 

2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 

2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır. 2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür. 2012-ci ilin may ayında Avropa İttifaqı ilə birgə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış "Vəkil peşəsinə dair” hesabatın həmmüəllifidir. Avropa Şurasının ölkəmizdə həyata keçirdiyi "Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmış "Təqsirin etirafı əqdi və onun Azərbaycanda tətbiqi məsələləri ilə bağlı” konsepsiya sənədinin müəllifidir.

Peşə fəaliyyətinə gəlincə, A.Bağırov 1997-2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləyib. 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və hal-hazırdadək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür. Bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir.

A.Bağırov Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub. 

Həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən "Fəxri fərman” , Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının tədris tədbirlərində fəal iştirakına görə "Fəxri diplom”la təltif olunub. "Fəxri hüquq doktoru” adına layiq görülən A.Bağırov, Rusiya Vəkillər Gildiyasının "Fəxri fərmanı” ilə də mükafatlandırılıb.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR