Türkiyəyə getmək asanlaşdı: Dilucunu açdılar

Türkiyəyə getmək asanlaşdı: Dilucunu açdılar

Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi olub.

Oktyabrın 19-da keçirilən mərasimdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Türkiyənin Borsalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər rəsmi şəxslər iştirak ediblər.

Aktual.az Trend-ə istinadən bildirir ki, açılış mərasimində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov çıxış edib: "Xalqlarımızı ortaq tarix, mədəniyyət birləşdirir. Ölkələrimiz arasındakı dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün böyük xidmətləri və ideyaları dayanır".

Qeyd olunub ki, hələ ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanla Türkiyənin, bütövlükdə türk dünyasının birliyi və bütövlüyü naminə böyük işlər görülüb, 1992-ci il mayın 28-də Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Burada gömrük xidmətinin təşkili Azərbaycanın Naxçıvan Muxtar Respublikasının və Türkiyənin şərq vilayətlərinin, o cümlədən İğdırın inkişafına yol açıb.

Türkiyə ilə Azərbaycan, o cümlədən Naхçıvan arasında başqa sahələrdə оlduğu kimi, gömrük işində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələrin mövcud olduğunu vurğulayan A.Məmmədov sоn illərdə münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl işlərin həyata keçirildiyini deyib.

Bildirilib ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur.

Komitə sədrinin sözlərinə görə, hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən geniş miqyaslı işlər qarşılıqlı münasibətlərə verilən önəmin, ölkələrimizin inkişaf səviyyəsinin ifadəsidir.

Türkiyənin gömrük və ticarət naziri Cənab Aşçı, Odalar və Borsalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər çıxış edənlər qarşılıqlı ticarət əlaqələrinin ildən-ilə inkişaf etdiyini və bunun daha da artırılması üçün münbit şəraitin olduğunu diqqətə çatdırıblar.

Qeyd olunub ki, Sədərək-Dilucu sərhəd keçid qapısı həm də rifaha, inkişafa, yeni bazarlara açılan qapıdır və bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Çıxış edənlər Dilucu sərhəd keçid qapısının yenidən qurulmasının ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını, malların və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə əlavə stimul verəcəyini xüsusilə vurğulayıblar.

Xəbər 718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR