Tələbələrin bir universitetdən digərinə köçürülməsi üçün sənəd qəbulu başladı

Tələbələrin bir universitetdən digərinə köçürülməsi üçün sənəd qəbulu başladı

Bu gündən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədi ilə elektron sənəd qəbulu başlayır. 

Aktual.az  Report-a istinadən xəbər verir ki, sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır.

Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR