50 yaşlı Dədə Qorqud

50 yaşlı Dədə Qorqud

Seymur Verdizadə

Dost 50 yaşına gəlib çatdı. Əlli il əsrin yarısıdır. Dost bu 50 ilin tam yarısını yazı-pozuya, yaradıcılığa həsr edib. Onun vəzifəsi yazmaqdır. Dost heç kimdən ənam gözləmədən, orden-medal ummadan öz işi ilə məşğuldur. Dost yaza-yaza qocalır. Amma illər onu təkcə qocaltmır, həm də ucaldır...
Dostun adı Etibardır. O, etibarlı dostdur. İllərin sınağından alnıaçıq, üzüağ çıxıb. Bizim nəslin qəribə taleyi var. Bizi təkcə söz sınağa çəkməyib. Bizi həm də ehtiyac, yoxsulluq sınağa çəkib. Etibar bu sınaqlardan da üzüağ çıxıb. O, təkcə sözün üzünü ağartmayıb. Etibar həm də dostlarının üzünü ağardıb. Buna görə də onun adı çəkiləndə dostlarının üzü gülür.
Etibar Cəbrayıloğlu xüsusi təqdimata ehtiyacı olmayan beş-altı qələm sahibindən biridir. Sözə, söz sənətinə yaxından-uzaqdan dəxli olan hər kəs onu tanıyır. Etibar Cəbrayıloğlunu tanımaq üçün onun bircə yazısını oxumaq kifayətdir. Etibarın özünəməxsus yazı üslubu var. Etibar heç kimi təkrarlamır. Etibar oxucunu yormur, onun canını boğazına yığmır. Əksinə, onun yazısını oxuyanda, oxucunun çöhrəsi işıqlanır, dodaqlarına təbəssüm qonur. Etibar içindəki işıqdan oxucuya da "pay” göndərir. Bir-birini sürətlə əvəz edən illər onun gözlərinin nurunu azaltsa da, qəlbindəki işığa xətər yetirə bilməyib. Bu işıq hələ çox qaranlıqları aydınladacaq...
Bizim tanışlığımız uzaq 90-cı illərə təsadüf edir. Ömür vəfa etsə, üç ay sonra dostluğumuzun 20 illiyini qeyd edəcəyik. Adını indi də həyəcanla çəkdiyimiz "Bu gün” qəzeti, o təmirsiz, darısqal redaksiya sözün həqiqi mənasında əsl jurnalistika məktəbi idi. Bizlər –  qəzetin gənc və enerjili redaktorları öyrədə-öyrədə həm də öyrənirdik. Hamı bir-birindən öyrənirdi. Amma hamı ən çox Etibardan öyrənirdi. Bu 30 yaşlı oğlan ən azı 30 illik staja malik olan jurnalistlər qədər təcrübəli idi. O vaxt ən böyük çətinliyimiz sərlövhə seçərkən olurdu. Son dərəcə tələbkar insan olan baş redaktorumuz Nəsib İsmayılov qoyduğumuz başlıqların əksəriyyətini bəyənmirdi. Bu vaxt köməyimizə Etibar Cəbrayıloğlu çatırdı. Yazılara ad qoymaq məsələsində peşəkar olduğu üçün bəzən zarafatla ona Dədə Qorqud deyirdik. Dədə Qorqud bu mənsəbə saçını-saqqalını ağardandan sonra çatmışdı. Bizim Dədə Qorqudun isə qara saçlarına hələ ağ iz düşməmişdi. O, bu adı yüksək peşəkarlığı sayəsində qazanmışdı.
Doxsanıncı illərin oxucuları xatırlayarlar, Etibar Cəbrayıloğlu öz köşələrini "Yasamaldan məktublar” rubrikası altında yazırdı. Redaksiyamız Bakının Yasaml rayonunda yerləşdiyi üçün Etibar bu məkandan oxuculara məktub yazmaq qərarına gəlmişdi. O vaxta kimi mən belə məktub oxumamışdım. Məktubların məzmunu o qədər maraqlı, o qədər aktual idi ki, əl-əl gəzirdi. "Yasamaldan məktublar” tənqidi notlar üzərində köklənmişdi. Etibar fikirlərini satirik dildə ifadə edirdi. Hiss olunurdu ki, o, böyük satiriklərimizdən çox şey əxz edib...

Biz 1998-ci ilin yazında Etibarla "Bu gün” qəzetində çiyin-çiyinə işləyəndə, ölkədə senzura hələ ləğv olunmamışdı. Buna görə də əksər jurnalistlər çalışırdılar ki, sözlərini sətiraltı desinlər. Etibar bunu bizim hamımızdan yaxşı bacarırdı. Biz 3 ay bir yerdə işləyəndən sonra məni hərbi xədmətə çağırdılar. O vaxt Orduda nizam-intizam zəif idi, əsgər "kazarma”larında natəmizlik hökm sürürdü. Etibar "Bu gün” qəzetində dərc olunan məktublarının birində Ordudakı çatışmazlıqları belə ifadə etmişdi: "Seymura tapşırmışam, beş-altı bit tutub göndərəcək”.
Aradan beş il keçəndən sonra biz "Cümhuriyyət” qəzetində yenə çiyin-çiyinə işlədik. "Cümhuriyyət” gündəlik qəzet olduğu üçün kollketiv daha böyük, iş isə əvvəlkindən daha çox idi. Həmişə olduğu kimi, yükün çoxu yenə "Dədə Qorqud”un üzərinə düşürdü. Bir yerdə işlədiyimiz illər ərzində mən onun bir dəfə də şikayətləndiyinin şahidi olmadım...
Etibar Cəbrayıloğlu illəri qova-qova 50 yaşa gəlib çatdı. Allah olsaydım, onun ömrünün üstünə ən azı 150 il də ömür yazardım. Çünki Etibar kimi işıqlı insanlar təkcə mətbuat deyil, bütövlükdə cəmiyyət üçün qənimətdir, həmişə doğulmur. Amma ömrü verən Allahdır, bizim onun işinə qarışmağa ixtiyarımız yoxdur. Əsas odur ki, Etibar Allahın verdiyi ömrü kişi kimi yaşayır, özü ilə birlikdə sözü də yaşadır. Söz Etibar kimi vicdanlı qələm sahiblərinin sayəsində yaşayır...
50 yaşın mübarək, dost! /qafqazinfo.az
 

Xəbər 1564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR