"Soyuducu alana dollarla kredit vermək çox gülünc görünür" Əli Məsimli


İpoteka kreditlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalmasını belə yozurlar ki, banklar risk etməkdən çəkinir. İnandırıcı arqument deyil, ipotekanı götürən bədbəxt risk edir, yoxsa mənzilin "kupça"sını kreditin son qəpiyi ödənənədək əlində saxlayan banklar? Axı pulu banklar versə də o pul onların deyil, məxsusi olaraq ipoteka üçün ayrılmış dövlət vəsaitləridir. Elə isə bir iqtisadçı kimi bankların növbəti fırıldağını açmağınızı xahiş edirik-əsl səbəb nədir?
Aktual.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı bu sualla İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimliyə müraciət edərək aşağıdakı cavabı alıb:

"Əvvəlcə onu deyim ki, yalnız sosial ipotekaya yönldilən vəsait dövlət büdcəsi hesabınadır. Hər il Milli Məclisdə büdcə təsdiq olunanda biz sosial ipotekaya da pul ayrılmasını müzakirə və təsdiq edirik. Bu pul dövlətin olduğundan, müvəkkil banklar sosial ipotekanı verməlidir. Adi ipotekaya gəldikdə isə onun mənbəyi fərqlidir. Devalvasiyadan sonra banklar manatla kredit verməyə ehtiyatlanırlar. Xaricdən mal gətirənə də, mağazadan mebel, soyuducu alana da dollarla kredit təklif edirlər...

Xaricdən mal gətirənə dollarla kredit verilməsini başa düşdük. Amma ölkə daxilində mağazadan soyuducu alana dollarla kredit vermək çox gülünc görünür. İndi adi ipotekanı da dollara vermək istəsələr bundan da gülünc görünəcək. Çünki ipoteka krediti alan mənzili Vaşiqtonda yox, Bakıda almaq üçün kredit alır. Konstitusiyamıza görə də Azərbaycanda yeganə ödəniş vasitəsi manatdır. Devalvasiyadan sonra Konstitusiyamızın bu maddəsi bəlkə də bəzi banklara sərf eləmədiyindən manevrlər etməyə üstünlük verirlər. Görünür, ipoteka sahəsində hələlik manevr alınmır deyə, bankların leksikonunda çox populyar olan "riskə" getməmək üçün kreditlərin sayını azaltmaq variantına üstünlük verirlər. Deməli, hökumət manata inamı qaytarmaq istiqamətində səylərini artırmalıdır ki, belə problemlər öz-özünə həllini tapa bilsin".

Aktual.az

Xəbər 1587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR