Sosial evləri kimlər ala biləcək?

Sosial evləri kimlər ala biləcək?

"Bir neçə gündən sonra sosial mənzillərlə bağlı qeydiyyat başlayacaq"

Bunu APA TV-yə açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib
 
Onun sözlərinə görə, Azərbaycan prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən sosial mənzillərdən şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, yəni fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi, beynəlxalq miqyaslı yarışların mükafatçısı olan Azərbaycan vətəndaşları faydalana biləcək: "May ayının 1-dən etibarən Azərbaycan vətəndaşları sosial mənzillərə müraciət etmək hüquqi qazanacaqlar. Müraciətlər elektron formada həyata keçiriləcək. Sosial mənzil almaq istəyən vətəndaşlar Elektron Hökumət portalı ilə müraciət edəcəklər. Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1, 3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində, eləcə də Sumqayıt "ASAN Xidmət"ində sosial evlərlə bağlı bütün suallara aydınlıq gətirilir".
 
Bakıda ilk sosial mənzillər Yasamal rayonunda inşa ediləcək: "1900 sosial mənzildən ibarət olacaq sosial evlərin ilkin mərhələdə vətəndaşlara təqdim olunması nəzərdə tutulur. Mənzillər 1, 2 və 3 otaq olmaq şərti ilə bölüşdürülür. Evlər təmirli, mətbəx mebeli ilə təmin olunmuş vəziyyətdə vətəndaşlara təqdim olunacaq. 1 otaqlı mənzillər üçün aylıq ödənişin məbləği təxminən 150 manat civarında nəzərdə tutulur. İki otaqlı mənzillərdə bu rəqəmin 200 manat, 3 otaqlı mənzillərdə isə bu rəqəm 300 manat təşkil edəcəyi gözlənilir".
 
İqtisadçı ekspert ödənişin şərtlərinə də aydınlıq gətirib: "Vətəndaş mənzilə sahib olmaq üçün 10% ilkin ödəniş edəcək. Bu isə o deməkdir ki, əgər mənzilin dəyəri 50 min manatdırsa, o zaman vətəndaş bu məbləğin 5 min manatını ödəyərək, digər 45 min manatını isə növbəti aylara bölünmək şərti ilə ödəyə bilər. Qalan vəsait güzəştli ipoteka proqramının şərtlərinə uyğun olaraq aylara bölünəcək. Həmin vəsait bölündükdən sonra 3 otaqlı mənzilə sahib olan vətəndaş 300 manat  pul ödəyəcək. Ümumiyyətlə, sosial evlərin mahiyyətində əsas kriteriya ondan ibarətdir ki, aylıq ödəniş məbləği həmin rayonda olan kirayə mənzillərdən baha olmasın".
 
Vüqar Bayramlı qeyd edib ki, mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzil üçün də müraciət edə bilərlər.
 
Bundan başqa, vətəndaşın kredit borcunun olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar da sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır. Əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu mümkündür.
 
Müraciətlərin mərhələlərinə gəlincə, bu sistem 2 mərhələli olacaq. Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, mayın 1-dən başlanan birinci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə müraciətə daha tez baxılacaq.
 
Güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşların sualları müəyyən edilmiş "ASAN Xidmət” mərkəzlərində də cavablandırılacaq. 
 
Aktual.az
Xəbər 50 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR