“Şərq bazarı”nda bəzi mağazalar sökülür

“Şərq bazarı”nda bəzi mağazalar sökülür

Bu gün Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı”nda yerləşən bəzi mağazaların sökülməsinə başlanılıb.

Aktual.az xəbər verir ki, bu barədə APA-ya orada dükanları olan sahibkarlar bildiriblər. 

Söküntü işlərini Sumqayıt Şəhər İcra Hakimiyyəti aparır. Sahibkarlar mağazaların çoxunun qanuni sənədlərinin, çıxarışlarının olduğunu bildiriblər. Əlavə ediblər ki, 2011-ci ildən müxtəlif məhkəmə instansiyalarında onların hüquqlarının bərpası ilə bağlı qərarlar verilib. 

Buna baxmayaraq, mağazalar sökülüb, yerində dördmərtəbəli ticarət mərkəzinin tikilməsinə başlanılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Eyvaz Qocayev isə bildirib ki, "Şərq bazarı” ərazisində antisanitar vəziyyət hökm sürür: "25 ildir orada abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. 

Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində, bərbad vəziyyətdə olan "Şərq bazarı” Sumqayıta bir yamaq idi.

Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq.

Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır, qanuni şəkildə onlara zəmanət veriləcək”.

E.Qocayev qeyd edib ki, əslində sahibkarlar özləri aparılan abadlıq işlərində maraqlı olmalıdırlar: 

"İstəyirik ki, ərazidə müasir ticarət mərkəzi olsun. Bu gün isə sadəcə, bazarın arxasında kustar formada çadırlar açıb, paltar satılan yerlər var, orada təmizlik işləri aparılır. 

Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı. Həmin sahibkarlar yeni tikiləcək ticarət mərkəzində yerlə təmin olunacaqlar”.  
 
Aktual.az
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR