Səkkiz min ürəkli İNSAN - Rəşad Mahmudov!

Səkkiz min ürəkli İNSAN - Rəşad Mahmudov!

Zaman bizə Tarixin saxlancından forma və məzmunca qatı açılmamış faktları sürpriz etməklə bəzən heyrət yaratmaq istəyir, ancaq insan öz müasirlərinin yaşamından daha çox ibrət, zövq alır, nümunə götürür, örnək bilir.

Azərbaycan tibb elminin xariqüladə töhfələri kifayət qədər çoxdur. Görkəmli oftalmoloq Zərifə xanım Əliyeva özü və yetişdirdiyi çoxsaylı davamçıları oftalmologiya, Əhliman Əmiraslanov onkologiya, Südeyf İmamverdiyev, Mirməmməd Cavadzadə keçmiş SSRİ və dünya çapında urologiya sahəsində özlərini etiraf etdirmiş qənirsiz mütəxəssislərdir.

Müasir dünyada tibb elmi və tibbi texnologiya o qədərsürətlə inkişaf edir ki, kollektiv və institusional fəaliyyətlər fərdi töhfələri görünməz edir. Ancaq Azərbaycan bütün digər sahələrdə həmişə redaktə qabiliyyətinə malik olduğu kimi, tibbdə də istisnaya yer olduğunu nümayiş etdirməkdədir.

Tibb elmimizin və praktikamızın son uğurunun adı Rəşad Mahmudovdur. Dünya üzrə artıq üçüncü mütəxəssisdir ki, keçirdiyi əməliyyatların sayı səkkiz minə çatıb.Və burada anında bir xatırlatmaya ehtiyac var: dünyanın bir çox aparıcı ölkələrində, hətta Rusiyada ürəkdə cərrahiyyə əməliyyatları effektiv nəticələrlə müşayiət olunmur, ancaq Avropanın bir neçə ölkəsi, ABŞ, Almaniya, İsrail, İran kimi dövlətlərlə bir sırada Azərbaycanın da adı hallanmağa başlayıb.

Rəşad Mahmudov həm də Azərbaycanın müstəqillik yollarındakı qazandığı sərbəstliyin, qardaş Türkiyə ilə ciddi siyasi, iqtisadi, elmi əməkdaşlığın ilk töhfəsidir. Azərbaycanın cənubunun ən son nöqtəsi Astaradan Türkiyənin ən ali tədris ocağına təhsil haqqı qazanması, tələbə adını haqq etməsi yeniyetmə birgənci eyforiyaya uğratmatdansa, elmə uğraşmağa sövq etdi!

Yüksəliş dövrünü yaşayan 90-cı illər Türkiyə təhsilindən maksimum faydalanan Rəşad Mahmudov bu gün demək olar ki, ona Azərbaycan dövləti səviyyəsində göstərilən etimadı artıq kompensasiya etmiş olub. Türkiydə təhsil alıb, həkimlik fəaliyyətinə də elə Türkiyədə şərait yaradılan (1991-ci ildən 2005-ci ilə qədər) Rəşad Mahmudov Azərbaycandan gələn ilk çağırışa həmən müsbət cavab verib. Bu gün Mərkəzi Neftçilər Xəstəxanası kimi tanınan məşhur tibb müəssisəsi azərbaycanlı xəstələr üçün Avropanın bir neçə ölkəsi, ABŞ, Almaniya, İsrail, İran kimi dövlət deməkdi Rəşad Mahmudovun varlığı sayəsində.

Lirik ricətlərə varmaq istəməzdik, amma neyləyəsən ki, söhbət ürəkdən gedir!

İnsan orqanizminin canlı bir üzvü olmaqdan daha çox həm də ruhu funksiyasını ifadə edən ürək ağrıları, nasazlığı, çatışmazlığı, aritmiyası, hipertoniyası, tibbdə adı daha bir neçə cür hallanan xəstəliklər bizim daşıya bilmədiyimiz sarsıntılardır.

Ayağımızı kəsib ata bilirik!

Gözümüzü çıxarıb, linzayla keçinə bilirik!

Böyrəyimizin birindən bəd ayaqda imtina edə bilirik!

Mədəmizdən bizə yaramayan hissəni lap kəsib atmağa da ürəyimiz gəlir.

Ciyərimiz, dalağımız, öd kisəmiz də həmçinin!

Əlsiz də qala bilirik!

Amma, amma, amma...

Qıymırıq ürəyimizə!

Sınmağa qoymuruq, qırılmağa qoymuruq, ağrımağa qıymırıq, kəsib atmaq son deməkdi!

Ürək elə ürəkdi! Bizə ürəklə yanaşanlar, ürək qızdıranlar ürəyimizdi elə, qızındığımızdı!

Hətta bir ürək sevindirəndə dünya boyda fərəhlənirik!

Dünyanın bütün xoş arzularının ünvanı ürəkdi!

Dünyanın bütün qarğışları dildə məhz ürəyin diqtəsi ilə səslənir!

Dili ürəyinə bağlı olanlardı ən sevimli insanlar!

Dili ürəyinə bağlı insandı Rəşad Mahmudov!

Hələ ürəyini ona etibar edən bir kimsəni naümid saxlamayıb - birbaşa əməliyyata girməsə də, xəstənin ürəyinə girib, dərdini müəyyən edib, çarəsini deyib, əlacına yardımçı olub!

Rəşad Mahmudov dövlət-vətəndaş münasibətlərinin ideal obrazıdı! Rəşad həkim dövlətin etimadını doğrultmağın nümunəsidi!

"Dövlət vətəndaşına qarşı hər zaman diqqətlidir, gərəkəni qiymətləndirir" aksiomunun bariz nümunəsidi Rəşad həkim.

Dövlət adi və sıravi vətəndaşları üçün sadəcə konstitusional şəraiti küll halında yaradır, amma seçilmişlərini fövqdə tutur - bu, bütün dünya dövlətlərində belədir. Azərbaycanda isə Rəşad Mahmudov və digər bu cür seçilmiş övladlarının timsalında bu dəfələrlə sərgilənib.

Tibb sahəsində hansısa elə bir sahə yoxdur ki, deyəsən bu uğur son həddir və başlayasan həmin o təmsilçini uğuruna görə süsləməyə. Ancaq məhz tibbdə insanlıq humanizm və fədakarlığın, qəhrəmanlığın bariz şəkildə fiksasiyana şahiddir - ekstremal situasiyada özü özünü cərrahi əməliyyatdan keçirən də həkimlərdi, son nəfəsində belə pasiyentinə görə həyatından keçən də həkimlərdi!

Rəşad Mahmudov bütün digər tibb azmanları və uzmanları kimi özünü nəinki zaman-zaman etiraf etdirdi, hətta qısa zaman kəsiyində müstəqil dövlətimizlə yanaşı addımlayaraq, inkişaf tempini nümunə olaraq sərgilədi.

Bu gün Rəşad Mahmudov, nəinki Azərbaycan, nəinki Türkiyə timsalında dünya miqyasında tanınmış bir imzadır, o, hətta Azərbaycanın ən ucqar kəndinin belə arzuladığı, alqışladığı ünlü isimdir!

Biz sevimli həkimimizin, ürək loğmanımızın və ürək dostumuzun daha bir etimadnaməsinə nəzər yetirmək istəyirik. O, doğulduğu, dünyaya pərvazlandığı, içində böyüdüyü, tərbiyələndiyi, insanlığa çatdığı doğma Astaranın Milli Məclisdəki təmsilçisidi. Və bu sirr deyil ki, çox nadir elçilərdən biridi ki, namizədliyi müzakirə olunanda alternativ bir kimsə özünü ondan layiqli saymadı.

Rəşad Mahmudov xalqın ali qanunverici orqanında ənlayiqli təmsilçilərdən biridir-onun adını ancaq və ancaq xalqa xidmətdə sidq-ürəklə və təmiz qəlblə, alın açıqlığı ilə hallandırmaq olar, başqa variantlar yalnız və yalnız sayıqlama sayıla bilər!

Rəşad Mahmudovun pasiyentləri getdikcə azalacaq - çünki Rəşad həkim zamanın və taleyin ona qədərki dönəmi ucbatından ürəyi bərbad hala düşənləri əməliyyat stoluna uzatmaq məcburiyyətində qalıb. Amma zaman keçdikcə Rəşad həkimin kardioloji töhfələri insanlarımızı ürəklərindən arxayın etmək qədərincə səmərəli olacaq, zənnindəyik.

Dəqiq olanı bir də budu ki, deputat kimi fəaliyyəti də insanların ürəyinə məlhəm olacaq. İnsanları hər halında qorumaq lazımdı, ilk növbədə ürəyindən.

İnsanlar problemləri əsasən ürəyindən keçirdir, ürək sanki insanların filtrasiya sistemi, saxlanc ünvanıdı.

Rəşad Mahmudovun gərgin fəaliyyətini və vaxt çatışmazlığını nəzərə alıb, arada haylanmaq istəyirsən soydaşlara: ürəyinizi yükləməyin! Elə ürəklər var ki, cərrahi müdaxilə ən ülvi hisslərdən məhrum edə bilər. Bəzən həkimlər, illah da ki, Rəşad Mahmudov ranqında olan loğman gördüyünə dözməyə bilir: ürək elə yazıq-yazıq döyünür, ürək elə məsum-məsum ağlayır, ürək elə utana-utana sıxılır, ürək elə... ürək elə... eh, bir az ürəkli olun!

Rəşad Mahmudov səkkiz min ürəyin yiyəsidi - həyata qaytardığı, tanış olduğu, dərdləşdiyi, ağrı-acıdan qurtardığı, döyüntüsünü tənzimlədiyi səkkiz min ürəyin!

Amma nəzərə alaq ki, o səkkiz min ürəyin heç birinə qıymayan bircə ürəyiylə yaşayır bizim sevimli, sevimli həkimimiz! Hansı ki, görüşmək şərəfi olan hər bir kəs Rəşad Mahmudovun timsalında əmin olur ki, özləri ölsələr də, insanlıq hələ ölməyəcək!

Ucqar dağ kəndlərindən gəlmiş bir ürək xəstəsinə əməliyyat zamanı qan lazım olur. Bankda isə uyğun qan yoxdur! Rəşad Mahmudov həmən qan laboratoriyasına keçir.

Xəstə heyrətdən və minnətdarlıqdan göz yaşları içində deyir:

- Doktor, mən bura ölməyə gəlmişdim, amma indi mən yaşayacağam, mən əmin oldum ki, hər şey qurtara bilər, tükənə bilər, amma insanlıq ölməsə, yaşam davam edəcək. Bu insanlığı sizdə gördüm!

Yazıya son qoya bilmirik-doktorun ürəyinə-qəlbinə dəyməsin deyə hansısa xidmətini, alicənablığını diqqətdən qaçırmaqdan ehtiyat edirik. Ümumi sözlərlə, sadəcə təşəkkürlə könlünü alacağımızı tərcih etmirik, səkkiz min ürəyin alqışını ifadə etməyə söz, cümlə, fikir axtarırıq, ürəyinə ruhunu işıldadacaq anı yaşatmaq istəyirik, dövlətimizə, vətəndaşımıza-soydaşımıza sayğının fəzilətini çatdırmaq istəyirik, bütün naqisliklərin hərbə-zorbasına baxmayaraq, Azərbaycanın nur içində nur olan bir vətən olduğunu izahlamaq istəyirik.

Bütün bunları bizə yaşatdığına görə dövlətimizə, həkimimizə - Rəşad Mahmudova alqışlar parada düzülür ürəyimizdə...

Yetərlidirmi?

Ürəyimizin nəbzi ahəngini itirir - həyəcandan, sevincdən!

Ürəyimizin fərəhi-qüruru özümüzük.

"Ürəyinizə sağlıq",- deyirik və sadəcə tamamlayırıq: ürəklə sevin yaxşıları.

Ürək elə ürəkdi... "könüldən könülə yollar görünür!"

Bax, bu yollarda bütün ağrı-acılar öz-özünə itəcək.

Ürək ona təşəkkürlü olanları hiss edir!

Bizi hiss etdiniz, zənnindəyik, Rəşad Mahmudov!

Bu, bizim yeganə ürək ağrımızdı ki, cərrahi əməliyyata ehtiyac yoxdur!

 

Səyyad Ağayev/iqtisad üzrə fəlsəfə doktoru

Aktual.az

 



Xəbər 16064 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR