Şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya veriləcək

Şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya veriləcək

Nazirlər Kabineti "Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası" təsdiq edib.

Aktual.az xəbər verir ki, Baş nazir Artur Rasi-zadə bununla bağlı sənəd imzalayıb.
Bu qayda şəkər çuğundurunun istehsalçılarına şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş genetik modifikasiya olunmamış şəkər çuğundurunun hər tonuna görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi qaydasını müəyyən edir.
İstehsalçılara tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 4 manat məbləğində subsidiya verilir.
Subsidiya istehsalçı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir.
Şəkər çuğunduru istehsal edən fiziki şəxslərə tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə subsidiyanın verilməsi üçün ödəniş (plastik) kartlarının üç ildən bir hazırlanması xərcləri və onlara göstərilən bank xidmətlərinin dəyəri dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə həyata keçirilir.
Rayon (şəhər) üzrə istehsalçılara subsidiyanın verilməsi ilə bağlı işlərin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri tərəfindən həyata keçirilir.
İstehsalçılara subsidiyanın verilməsinin təşkili kənd təsərrüfatı idarəsinin müvəkkil bankla bağladığı müqavilə əsasında həyata keçirilir.
İstehsalçıların hesablarına subsidiyanın köçürülməsi üçün kənd təsərrüfatı idarəsi Respublika Komissiyasının qərarına əsasən subsidiya veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara veriləcək subsidiyanın məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir.
Tədarükçülər onlar haqqında məlumat bazasının formalaşdırılması məqsədi ilə özlərinin adı (hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə adı, atasının adı, soyadı), hüquqi və faktiki ünvanları, istehsal gücü, VÖEN-i, telefon və faks nömrələri, elektron poçt ünvanları barədə məlumatları Respublika Komissiyasına təqdim etməlidirlər.
İstehsalçı subsidiya almaq üçün ərizəni payızlıq əkinlər üzrə aprelin 10-dək, yazlıq əkinlər üzrə isə iyunun 1-dək kənd ərazi komissiyasına təqdim edir.
Kənd ərazi komissiyası ərizə daxil olduqdan sonra 10 gün müddətində istehsalçının iştirakı ilə torpaq sahəsində şəkər çuğunduru əkininin aparılmasını yerində yoxlayır və 3 nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının 1 nüsxəsi istehsalçıya verilir.
Kənd ərazi komissiyası istehsalçının ərizəsinin surətini, baxış aktının 1 nüsxəsini və tərtib etdiyi icmal siyahını payızlıq əkinlər üzrə aprelin 20-dək, yazlıq əkinlər üzrə iyunun 10-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.
Kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları payızlıq əkinlər üzrə 30 gün, yazlıq əkinlər üzrə 60 gün müddətində təhlil edir və həmin məlumatları kənd ərazi komissiyaları ilə birlikdə dəqiqləşdirir.
Kənd təsərrüfatı idarəsinin nümayəndəsi şəkər çuğundurunun tədarükçülərə təhvil verilməsi zamanı məhsulun çəkilməsi prosesində iştirak edə bilər.
Tədarükçülər icmal siyahıları payızlıq əkinlər üzrə iyulun 10-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edirlər.
İstehsalçı təhvil verdiyi şəkər çuğundurunun hər tonuna görə verilən subsidiyanı almaq üçün payızlıq əkinlər üzrə iyulun 5-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 15-dək kənd ərazi komissiyasına təqdim edir:
1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surəti;
2. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri;
3. tədarükçülərə təhvil verilmiş şəkər çuğundurunun alqı-satqısına dair müqavilənin surəti (olduğu təqdirdə);
4. bu Qaydanın 8 nömrəli əlavəsinə uyğun tərtib edilmiş şəkər çuğundurunun qəbulu qəbzi.
Kənd ərazi komissiyası baxılması üçün şəkər çuğunduru istehsalçıları tərəfindən təqdim edilmiş sənədləri payızlıq əkinlər üzrə iyulun 10-dək, yazlıq əkinlər üzrə növbəti ilin yanvarın 20-dək kənd təsərrüfatı idarəsinə təqdim edir.
Kənd təsərrüfatı idarəsi istehsalçılardan daxil olan sənədlərə baxılmanın nəticəsi olaraq, 3 nüsxədən ibarət icmal siyahıları tərtib edir və həmin siyahıların 2 nüsxəsini payızlıq əkinlər üzrə iyulun 25-dək, yazlıq əkinlər üzrə növbəti ilin fevralın 5-dək Respublika Komissiyasına təqdim edir.
Respublika Komissiyası icmal siyahılara 15 gün müddətində baxır, istehsalçıların tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə subsidiyanın verilməsi barədə qərar qəbul edir və həmin qərarın surətini Maliyyə Nazirliyinə, müvafiq kənd təsərrüfatı idarəsinə və müvəkkil banka göndərir.
Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə payızlıq əkin üzrə avqustun 20-dən, yazlıq əkinlər üzrə növbəti ilin fevralın 25-dən başlayaraq subsidiyanın 30 gün müddətində istehsalçıların hesabına köçürülməsini təmin edir.
Kənd təsərrüfatı idarəsi tədarükçülərə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına verilmiş subsidiyanın məbləği barədə hesabatı Respublika Komissiyasına və müvafiq yerli icra hakimiyyəti orqanına hər il 30 dekabr tarixinədək təqdim edir.
Respublika Komissiyasının qərarına uyğun olaraq subsidiya verilən istehsalçılara dair elektron məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.
İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməsinə nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
İstehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 
Aktual.az
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR