“Satışda olan dərman vasitələrinin 94 faizi ucuzlaşacaq”

“Satışda olan dərman vasitələrinin 94 faizi ucuzlaşacaq”

Prezident İlham Əliyevin martın 18-də imzaladığı fərmanla Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə həmin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti iyunun 3-də “Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası”nı təsdiq edib.

Aktual.az modern.az-a istinadən xəbər verir ki, bu gün dərman bazarında olan durum, onların idxalı, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalinin çox böyük marağına səbəb olub. Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev məsələ ilə bağlı açıqlama verib.

- Hazırda belə fikir var ki, dərman vasitələrinin qiymətlərinin dövlət tənzimlənməsinə başlanıldıqdan sonra bəzi əczaçılıq şirkətləri dərman vasitələrinin idxalını dayandırıblar və bununla əlaqədar qıtlıq yaranıb. Bu məlumat həqiqətə uyğundurmu?

- Bildiyiniz kimi, 2014-cü il dekabrın 16-da “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərdə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə dair müddəa təsbit edilib. Hazırda ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin sayı 4500-dən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurasında təsdiqləndikcə, eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənən vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif Şurasında təsdiqlənib və bu qərar sentyabrın 15-dən qüvvədə olacaq. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunan 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Onu da qeyd etmək istərdim ki, keçən ilin analoji dövrü ilə müqayisədə bu ildə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir.

- Ancaq siz inkar etmirsiniz ki, bəzi dərman vasitələri əczaçılıq bazarından çıxacaq. Belə preparatların alternativi mövcuddurmu?

- Əlbəttə, əczaçılıq bazarından real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin çıxması hətta alqışlanmalıdır.

Qeyd etməliyəm ki, dövlət qeydiyyatına alınan dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərmanlardır. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edir. Beləliklə, hər hansı bir dərman vasitəsinin bazardan çıxması onun qıtlığına səbəb olmamalıdır, çünki demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Onu da qeyd edim ki, dövlət qeydiyyatına alınan bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir.

Təsiredici maddə haqqında məlumat (Beynəlxalq Patentləşdirilməmiş Adla) ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Həkim və pasient alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan www.pharma.az saytından və 012 596-07-12 nömrəli qaynar xətt vasitəsilə ala bilərlər.

Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq.

- Bir qədər aydın deyil, nəyə görə eyni tərkibli dərman vasitələrinin qiymətləri fərqlənir?

- Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunub, tədqiqatlar və kliniki sınaqları aparılan və ilk dəfə istehsal edilən dərman vasitəsi orijinal hesab olunur və aydın məsələdir ki, onun qiyməti yüksək olacaq. Çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrinin işləyib-hazırlamaq və istehsal etməsinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Həmin müddətdə dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrinin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə, patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Onların istehsalçıları, dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsalına başlayırlar. Əlbəttə, bu halda generikin qiyməti orijinaldan aşağı olacaq. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər, bu da istehsalçı ölkənin siyasi-iqtisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər faktorlardan asılıdır. Lakin bu o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, keyfiyyətin yeganə zəmanəti - dövlət qeydiyyatıdır. Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri haqqında məlumatı bizim mərkəzin rəsmi saytında əldə edə bilərsiniz.

- Vətəndaşları maraqlandıran başqa bir məsələ ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyəti ilə bağlıdır. Çoxları belə hesab edir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsi keyfiyyətə də öz təsirini göstərə bilər...

- Dərman vasitələrinin keyfiyyətinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi çox ciddi nəzarət edir.

Qiyməti təsdiqlənən bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan bazarı üçün qiyməti özləri müəyyən edirdilər və çox vaxtı bu qiymət qiymətlərə dövlət nəzarəti sistemi olan dövlətlərdə olan qiymətlərdən yüksək idi. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq.

Xəbər 1001 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR