Sahibkarlar 5 gün ərzində vergi və gömrük güzəştləri əldə edə biləcəklər

Sahibkarlar 5 gün ərzində vergi və gömrük güzəştləri əldə edə biləcəklər

Azərbaycanda sahibkarlar 5 gün ərzində vergi və gömrük güzəştləri əldə edə biləcəklər.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 yanvar tarixli fərmanı ilə təsdiqlənmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Qaydaya əsasən investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq və İnvestisiya təşviqi sənədi bu 3 meyara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara veriləcək. Sahibkar bunun üçün həmin meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək üçün İqtisadiyyat Nazirliyinə müraciət etməlidir.

Ərizə ilə birlikdə nazirliyə meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı), investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi müraciətə 5 iş günü müddətində baxır, investisiya layihəsi meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda nazirlik investisiya təşviqi sənədini sahibkara verir. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə verir.

Qeyd edək ki, sahibkar investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin meyarlara uyğunluğunun müəyyən edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət etmək hüququna da malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.

Qaydada İnvestisiya təşviqi almış sahibkarın fəaliyyətinə nəzarət mexanizm idə əksini tapıb. İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə məlumat verəcək.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR