Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər

Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər

Mən Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" filminə diqqətlə baxdım və sözün açığı, sarsıldım. Bir azərbaycanlının öz millətinə qarşı edə biləcəyi pisliyin bu qədərini də gözləmirdim. Əgər bu dırnaqarası "ziyalı"nın bütün keçmiş əsərlərini diqqətlə izləsək görərik ki, onun bütün əsərlərində azərbaycanlılar bu və ya digər şəkildə aşağılanıb. Yəni yenilik deyil belə vətən xainliyi. Amma bu dəfə isə nifrətinin pik nöqtəsini göstərdi. Öz millətinə qarşı necə belə etmək olar, anlaya bilmirəm.


Görünən budur ki, erməniyə olan rəğbəti Rüstəm İbrahimbəyovun indiyə qədər içində gizlənib qalmış həqiqi naturasının özüdür və indi də bu natura çox çılpaq şəkildə özünü göstərməyə başlayır. Bəllidir ki, İbrahimbəyov cavanlığını vaxtilə beynəlmiləl şəhər ("internasionalnıy qorod") adlandırılan Bakıda keçirib və həmin vaxt uşaqlıq, gənclik dostlarının əksəriyyəti də məhz ermənilər olub. Erməni dostları gənc Rüstəmə erməni ruhunu aşılamağı bacarıblar.

Məni ilk növbədə onun bu filmi niyə çəkməsinin səbəbləri və məqsədi dərindən düşündürür. Heç şübhəsiz ki, bu film biz azərbaycanlılara qarşı bütün dünyada və ilk növbədə Rusiyanın kütləvi tamaşaçı auditoriyasında nifrət yaratmağa hesablanıb. Məqsəd də bizi qeyri-mədəni, qeyri-sivil, vəhşi və davakar (potensial aqressor) millət kimi tanıtmaqdır. Rüstəm İbrahimbəyov ifadə azadlığı, yaradıcılıq azadlığı kimi ümumbəşəri substansiyaları əldə bayraq edərək "Qafqaz triosu" filmində həqiqətə uyğun olmayan, uydurulmuş səhnələri əks etdirir və bununla da dünya tamaşaçısını gerçək həqiqətdən yayındırır, azdırır.

Bəzi ekspertlər iddia edirlər ki, R.İbrahimbəyovun bu filmi çəkməsinin başlıca səbəbi onun hazırki iqtidardan narazı və küsülü olmasıdır. Ancaq bu filmin təkcə iqtidardan narazılığın məhsulu kimi ortaya çıxmasını düşünənlər, iddia edənlər yanılırlar. Məsələyə bu qədər bəsit yöndən yanaşmaq düzgün deyil. Görünən budur ki, bu başabəla kinossenarist bir vaxtlar lideri və prezidentliyə namizədi olduğu "Milli Şura"dan da, müxalifətdən də, həmçinin, xalqdan da narazıdır. Adam iqtidarıyla, müxalifətiylə, xalqıyla hamımızı özünün "qara siyahı"sına salıb. Odur ki, sadəcə höküməti deyil, bütün cəmiyyətimizi, hətta uşaqları qatı anti-erməni mövqeyində təqdim edib. Ermənistana qarşı, Xocalı qatillərinə qarşı nifrət etməli olan Rüstəm bəy həzrətləri öz doğma ölkəsinə, xalqına qarşı nifrət ruhuna köklənib. Saqqallı, eynəkli ziyalı obrazına bürünən bu kinodramaturq tarixə erməni xalqının "böyük dostu" kimi düşmək istəyir. Amma qanadı altına sığındığı Rusiya dövlətinin ermənilərə gizli-aşkar dəstək verməsi haqda, Qarabağ savaşının bitməsinə əngəl olması barədə isə ən kiçik işarə və mesajlara da yer verməyib. Zatən təfəkkürü ruspərəstlik və ermənipərəstlik xəlitəsinin qarışığından yoğrulmuş bir kinossenaristdən bundan artığını gözləmək də mümkün deyil.

İndi məni bir məsələ də çox ciddi şəkildə maraqlandırır: görəsən, bu zati-möhtərəmi bir vaxtlar Azərbaycanımızın birinci şəxsi postuna gətirməyə çalışan Əli Kərimlilər, Cəmil Həsənlilər, Eldar Namazovlar, Eldəniz Quliyevlər indi bu filmə baxarkən hansı hissləri keçirirlər? Onlar Rüstəm İbrahimbəyov kimi ermənipərəst eks-liderlərinə görə utanırlarmı? Və ən əsası isə, adlarını çəkdiyim və çəkmədiyim bəylər Rüstəm İbrahimbəyovu vaxtilə xalqa sırımağa çalışdıqlarına görə xalqdan üzr istəyəcəklərmi?

Üzrünüzü gözləyirik, bəylər!


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR