“Riyakarsınız!”

“Riyakarsınız!”

 
Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi siyasi gündəmə bomba kimi düşdü. Eynən gözlənildiyi kimi. ABŞ növbəti kritikanın təməlini qoydu və öz beyin institutları tərəfindən hazırlanan layihəni Avropadakı əlaltılarının vasitəsilə “ALDE” fraksiyası adından təqdim etdi. Ki, guya bunu liberal – demokratlar ərsəyə gətirib. Üstəlik, Ağ Evin təlimatı necə güclü idisə bütün siyasi partiyaların nümayəndələri mahiyyətinə belə varamadıqları həmin qətnaməyə 202 səs çoxluğu ilə dəstək verib ardınca çəpik çalmağı da unutmadılar.
 
Və bu hadisə 10 sentyabrda vaqe oldu. Yəni, uzun illər bundan öncə “Bin Laden”mifinin adına çıxılan, əslində isə Amerikanın özü tərəfindən öz vətəndaşına qarşı törədilən tarixi cinayətdən (terrordan) düz bir gün əvvəl!
 
Əlahəzrət mistika adamın beynini həqiqətən qarışdırır: Qəddafiyə qarşı ilk işğal bəyənatı 10 sentyabrda verilib, Saakaşvilinin üzərindən dəmir əl 10 sentyabrda götürülüb, “Narıncı inqilab”larla bağlı Çin Şarpın ilk tezisi  10 sentyabrda nəşr edilib, İŞİD -in  ilk “ayaq açdı”sı 10 sentyabrda reallaşıb, Putin Rusiyasına yönəlik ilk iqtisadi embarqo 10 sentyabrda qoyulub...
 
Nə deyim. Yəqin 10 sentyabr Obamanın və Qərbin idarəçi ailələrinin düşərli rəqəmidir. Ona görə bütün zir-zibillərini dünya üzərinə həmin tarixdə tökürlər. Hətta çox güman, yerdən bloka salınıb idarə edilməsi mümkün olan təyyarələrlə Ticarət Mərkəzinin iki qoşa qülləsinə çırpılma planı da öz “ştamp”ını 10 sentyabrda vurdurub. Sadəcə icra bir gün sonraya qalıb...  
 
***
 
Avropa Parlamenti tarix boyunca əleyhimizə 3 “bazburutlu” qətnamə çıxarıb. Sonuncu da daxil. Və həmin qətnamələrin hamısının soy - kök, fundament, fabula etibarilə oxşar cəhətləri var. Hətta debilizm-idiotizm kontekstində belə. Məsələn, bu qurumun 360 “başbiləni” - haqqında danışdığım sənədlərin qəbuluna sıralama xətti ilə 19, 20, 21 dəqiqə zaman sərf edib. Yəni adamlar əsnəməyə vaxt tapmadan “lehinə” düyməsini basmağa macal tapıblar.
 
“Eurovision” öncəsi çıxarılan ilk qətnaməyə “vicdan məhbusları” ilə bağlı bənd (oxu: bant) əlavə eləmişdilər. (yeri gəlmişkən, bu anlayışın “patenti” Avropa Parlamentarilərindədir) Sonradan bəlli oldu ki, həmin o adı çəkilən “vicdanlılar” demə beynəlxalq maxinasiyalarda ad çıxarmış qərbyönümlü dələduzlardır. QHT sədri olaraq aldıqları pul müqabilində öz üzərlərinə “işverənlik” öhdəliyi götürübmüşlər. Qısası, vicdan adı altında vicdansızın yekəsi daha BÖYÜK vicdansızlar tərəfindən müdafiə olunurdu...
 
Sonra Avropa Oyunları gəldi. Növbəti qətnaməyə yaşıl işıq yandırıldı. Başladılar “5-ci kolon”dakı emissarlarının müdafiəsinə. Avropa Birliyinə daxil dövlətlərə də “gizli əllər”lə təsir edib, onların Bakıya gəlişini əngəllədilər. Ki, qanunpərəst olmayan ölkə ilə sıx münasibətdən qaçın. Həm də dəxilsiz bir şəkildə. Üstəlik, “erməni soyqırımı” adında saxta və uydurma iddianı sənəd halına salandan düz 3 ay sonra və...Azərbaycan tərəfin Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı etdiyi ardıcıl müraciətləri görməzdən keçərək.
 
Nəhayət, son qətnamə. Bax bu artıq kuliminasiyadır. Hətta“gül vurmağın” pik nöqtəsidir. Diqqət edin:mürgülü Parlamentarilərin qəbul etdiyi sənəddə deyilir ki, jurnalist Rasim Əliyev RATİ sədri olduğu üçün dəfələrlə təqib olunub və sonucda öldürülüb.
 
İndi mən sual etmək istəyirəm: Bu riyakarlığın son həddidir ya yox? Sifariş icra etməyin bundan ötə göstəricisi, bəlirtisi, bildirişi olur ya yox? Ayıb deyilmi? Özünə hörmət edən qurum bu boyda siyasi bambılılığı üzərinə alarmı? Axı Rasim Əliyevin məişət zəminində + heç bir siyasi çalara, məzmuna söykənməyən cinayət səbəbilə öldürüldüyü bu ölkənin az qala məktəblisinə də məlumdur. Axı onun RATİ sədri olduğunu bu sarsaq qətnaməni oxuyana qədər kimsə bilməyib. Axı qatillər, sifarişçilər, cinayətin bütün iştirakçıları həbs edilib, istintaq Prezident tərəfindən şəxsi nəzarətə götürülüb...
 
***
Dünən isə düz 1 günlük zaman aralığından sonra dövriyyəyə ATƏT buraxıldı. Ki, bəs “kişi”lər noyabrın 1-də keçiriləcək seçkilərə müşahidəçi missiyası göndərməyəcəkmişlər. Təbii, yenə də Qərbin birbaşa diktəsi və  “knopka” basımı ilə.
 
Yadıma “Bəyin oğurlanması” filmindən məşhur bir kadr düşdü: “A kişi, istəmirsən səni, ucqar dağ sakinini uzaq Liviya səhrasında görsünlər? - Yox!  Düz deyirsən, elə səni görməsələr yaxşıdır”
 
İndi misalı sizə yaxın, cənab Mixail Link və Qərbin tütəyinə züy tutan bütün balta sapları!
 
Siz elə müşahidə etməsəniz, daha yaxşı. Olmaz olsun sizin missiyanız da, mövqeyiniz də, icraatınız da. Zatən vaxta qənaət etmək lazım. Hələ görün qarşıda nə qədər çevriliş, inqilab planları var. Hələ görün qanını içmədiyiniz, qırğına sürükləmədiyiniz, başı üzərinə qənim kəsilmədiyiniz nə qədər ölkə bu estafetdə uslu-uslu öz sırasını, növbəsini gözləyir. Hələ ard-arda  “Quantanamo”lar, “İŞİD”lər yaradın,  demokrat əlbisəsində ölüm hökmü icra edin, irqi ayrıseçkiliyi şaxələndirin,  az qala bütün dünyanın etiraf etdiyi Xocalı soyqırımı, BMT –nin başıbəlalı 4 qətnaməsi, bir milyon qaçqın, işğal altında olan 20 faiz torpaqlarımız, erməni şərəfsizin əlində əsir-yesir qalan faktiki girovlarımız  haqda söylənilənləri deyil,  Laura Adcea, Anna Qomeş kimi “kloun”ların “əsrarəngiz” fikirlərini, illuziyalarını dinləyin,  hələ bu da azmış kimi həmin fikirlərdən qətnamə qayırın,  bəyənat düzəldin, müraciət  hazırlayın!
 
Seçki bu cür “dahiyanə” missiyaların yanında nə mənə şeydir ki?
 
Təbii, boş verəcəksiniz. Hətta verməlisiniz!
Xəbər 4154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR