Ürək həkiminə gecikmiş müraciət: səbəbləri, nəticələri və aradan qaldırılma yolları

Ürək həkiminə gecikmiş müraciət: səbəbləri, nəticələri və aradan qaldırılma yolları

Dünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, 2012-ciildə 17,5 milyon insan ürək-qan damar xəstəliklərindən vəfat etmişdir. Bu rəqəm bütün səbəblərdən ölümlərin 31%-ni təşkil edir. Və təəssüf ki, bu barədə xəstəliklər arasında birinciliyini qoruyur.

20 ildir ki, ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul oluram. Bu müddətdə komandamla birlikdə 11000 (on bir min) –dən çox ürək – damar əməliyyatları icra etmişik. Məni ən çox narahat edən və mütəxəssis həkim kimi qəbul etməkdə çətinlik çəkdiyim məqam – məhz xəstələrimizin həkimə (ürək həkiminə) gec müraciət etmələridir.

Düşünürəm ki, biz ürək həkimlərinin ən birinci vəzifəsi ürək damar xəstəliklərinə bağlı ölüm və ağırlaşma hallarının azaldılması olmalıdır. Bu da, sadəcə dərmanlarla və ya stentlərlə vəya cərrahi əməliyyatlarla olmur. Xəstələrin vaxtında müraciət etməsi vəya bu müraciətin təşkil olunması bu məqsədimizə çatmaqda ən vacib komponentdir. Çünki vaxtında müraciətlə aşağı ölüm və ağırlaşma faizi düz mütənasibdir.

Niyə insanlar ürək həkiminə gec müraciət edirlər?

Təcrübələrim göstərir ki, gecikmiş müraciətin səbəblərini əsasən 2 qruba ayırmaq olar. Bəzən səbəb xəstə/xəstə yaxını ilə əlaqəlidirsə, bəzən də həkimlərlə/tibbi personalla əlaqədar olduğunu görürük.

Xəstə və ya xəstə yaxını ilə əlaqədar səbəblər
Xəstələr bəzən şikayətlərini ciddi qəbul etmirlər. Bəzən də şikayətlər çox qeyri spesifik vəya qarışıq olabilər.

Ən çətin olan bu cür qeyri spesifik/qarışıq şikayətləri olan xəstələrdir. Həqiqətən bəzən peşəkar cəhətdən də bu şikayətləri ayırd etmək asan olmur.

Şikayətlərini ciddi qəbul etməyən və müxtəlif səbəblərlə mütəxəssisə müraciət etməyən qrup – ən çox müzakirə edilməlidir.

Həkimlərlə və ya tibbi personalla əlaqədar səbəblər
Təəssüf ki, xəstələrin mütəxəssis (ürək) həkiminə müraciətinin gecikməsində bəzi hallarda həkimlər özü məsuldur. Burada xəstəni ilk görən vəya müayinə edən həkim kritik əhəmiyyətli rola sahibdir. Əgər həkim ilkin müayinəsini düzgün apararsa və xəstəni də düzgün istiqamətləndirərsə nəticə də uğurli olar. Bilgisizlikdən və ya başqa səbəblərdən təəssüf ki, praktikada bəzən başqa cür olur. Praktik fəaliyyətimdə bu cür xəstələrlə kifayət qədər çox qarşılaşmışam. Xəstə ilk müraciət etdiyi həkimdə gecikməsindən dolayı daha ağır vəziyyətdə bizə müraciət edir. Bu gecikmədən dolayı, hətta əməliyyat şansını itirən xəstələrimiz də olub.

Urek agrisi (1)Gecikmiş müraciət əsasən 2 cür çətinlik yaradır:

1.Tibbi

Ürək həkiminə gecikmiş müraciət ölüm və ağırlaşma faizinin artmasına gətirib çıxarır. Sadə bir nümunə vermək istəyirəm.

Ürək infarktı keçirən xəstələrin həkimə müraciət etməyənlərdən 30 %-i o anda itirilir. Halbuki ürək infarktı keçirən aşağı riskli xəstələrdə doğru və vaxtında müalicəylə ölüm faizi 1%-dən aşağıdır. Yüksək riskli ( yanaşı xəstəlikləri çox olan) xəstələrdə isə ölüm faizi 14 % təşkil edir. Yəni, bəşəriyyətin ən böyük “qatili” olan ürək infarktına məruz qalmış bir insan(xəstə) əgər vaxtında mütəxəssisə müraciət etsə, edə biləcəyimiz çox şey var.

Maddi -sosial
Gecikmiş müraciət müalicə xərclərini bir neçə dəfə artırır. İstər xəstənin özü, istərsə də sığorta vəya dövlət tərəfindən qarşılansın, xərclər həndəsi silsiləylə artır. Xəstənin ailəsi, dövlət və cəmiyyət üçün böyük maddi itki baş verir.

Sosial itki də böyükdür – xəstələrin bir çoxu həyatının məhsuldar çağında itirilir və ya əlil olur.

Nə etməli?

Gecikmiş müraciətin ortadan qaldırılmasının müxtəlif yolları və vasitələri vardır.

Bunlardan ən önəmlisi insanların tibbi maarifləndirilməsidir. Cəmiyyətimizin tibbi maarif səviyyəsi nə qədər yüksək olarsa, vaxtında və düzgün mütəxəssisə müraciət səviyyəmiz də o qədər yüksək olar.

Bəzi ümumi prinsiplərə ( sağlam qidalanma, siqaretdən və zərərli vərdişlərdən uzaq durmaq, aktiv həyat tərzi) riayət etməklə yanaşı, 40 yaşından sonra kardioloji check – up (yoxlama) etdirməyi ümummilli standart halına gətirməliyik. Bu yoxlamanın nəticəsinə görə, kardioloq kolleqalarım sizin risk dərəcələndirmənizi aparacaqlar. Və sonrakı strategiyanı (sağlam ürəklə yaşamaq üçün) sizə bildirəcəklər. Əgər ailənizdə gənc yaşda ürək infarktı olan vəya anidən vəfat edən insan varsa, 40 yaşını gözləmədən mümkün olan ən yaxın vaxtda kardioloqa müraciət etmək lazımdır.

Onu da qeyd etməliyəm ki, insanlarımızın tibbi maarifləndirməsində ən böyük iş, biz həkimlərə və media nümayəndələrinə düşür. Doğru mütəxəssislər tərəfindən düzgün informasiyaların çatdırılmasına media orqanlarımız da ciddi diqqət yetirməlidirlər.

Aktual.az

Xəbər 967 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR