Regional bank: Azərbaycana pul ayırmağa hazırıq

Regional bank: Azərbaycana pul ayırmağa hazırıq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində maraqlıdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında QDTİB-nin prezidenti İhsan Uğur Delikanlı deyib.

O qeyd edib: "Ümid edirəm ki, Azərbaycan hakimiyyəti və digər tərəfdaşlar bizim "Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək imkanımıza baxacaq və onların qərarı müsbət olacaq”.

Təqdimatda Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, indiyədək QDTİB 11 üzv ölkəyə 4,3 mlrd. avro kredit ayırıb: "Hazırda bankın nizamnamə kapitalı 3,45 mlrd. avro, səhm kapitalı isə 2,29 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 360 mln. avro məbləğində kredit ayırıb ki, bu da bankın əməliyyatlar portfelində 8,3% təşkil edir. Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankında 5%-lik paya malik olmaqla, 11 üzv ölkə arasında 7-ci ən böyük səhmdar ölkədir".

S.Şərifov qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi sarsıntılar və çağırışlar Qara Dəniz regionuna təsir edib. Eləcə də, Azərbaycandan da yan keçməyib: "Yaranmış yeni makroiqtisadi vəziyyət uyğun dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitliyin bərpası üçün struktur və institusional islahatlar həyata keçirilməkdədir. Bu məqsədlə milli iqtisadiyyatın inkişafını özündə əks etdirən Strateji Yol Xəritələrində uzunmüddətli inkişaf yolları müəyyən edilib. Belə ki, pul və fiskal siyasətin əlaqələndirilməsi, maliyyə bazarlarında dayanıqlı inkişafın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artması əsas məqsədlərdəndir. Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinə böyük əhəmiyyət verir. Ümid edirəm ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulmuş məqsədlər üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı da öz töhfələrini verəcək".
 
Aktual.az 
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR