Ramil Usubovdan polis əməkdaşlarına TAPŞIRIQ

Ramil Usubovdan polis əməkdaşlarına TAPŞIRIQ

 Bu gün Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.


Nazirliyin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edib.

Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. General-polkovnik R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi xidməti fəaliyyətdə başlıca vəzifələrdən biri kimi ardıcıllıqla həyata keçirilməli, vətəndaşların müraciətlərinə, şikayətlərinə ayrı-ayrı hallarda bəzi əməkdaşların biganə yanaşması, bu zaman təsadüf olunan korrupsiya hüquqpozmalarına yol verilməsi tam aradan qaldırılmalı, vətəndaşların qəbulu işinə xüsusi həssaslıqla yanaşılmalı, əvvəlcədən müəyyən olunmuş qrafikə ciddi riayət edilməlidir. Vətəndaşların haqlı narazılığına zəmin yaradan problemlər yerindəcə həllini tapmalı, qanunla qorunan hüquq və mənafeləri təmin edilməli, bu işin yerlərdə həyata keçirilməsinə ciddi nəzarət edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi bütün struktur qurumlarda başlıca vəzifələrdən biri kimi rəhbər heyətin nəzarəti altında məqsədyönlü şəkildə davam etdirilməlidir.

Müzakirələrdə çıxış edən baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda əməliyyat-xidməti fəaliyyətdə buraxılan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.

Sonda nazir, general-polkovnik R.Usubov daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.

Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR