Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq aşkarlandı

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq aşkarlandı

Qusar rayonu ərazisində aşkarlanan qədim qəbiristanlığın eramızdan əvvəl I-II minilliklərə aid olduğu müəyyənləşib.

Aktual.az "AZƏRTAC”a istinadən xəbər verir ki, Mütəxəssislər qəbiristanlığın ərazisinin böyüklüyünü nəzərə alaraq, yaxınlıqda qədim yaşayış yerinin olduğunu ehtimal edirlər.

Qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndinin qərb hissəsində yerləşir. Əvvəllər bu qəbiristanlığın orta əsrlərə aid olduğu güman olunurdu. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan ətraflı araşdırmalar nəticəsində isə ərazinin daha qədim dövrlərin yadigarı olduğu müəyyənləşib.

İnstitutun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, Qusar rayon ərazisində araşdırmalar XX əsrin 60-70-ci illərində qeydə alınmış arxeoloji abidələrə nəzər yetirmək, onların hazırkı durumunu öyrənmək, indiyədək aşkar edilməyən arxeoloji abidələri də ortaya çıxarıb tədqiq etmək məqsədilə aparılır.

İyun ayının əvvəllərindən rayonda olan ekspedisiya qrupu tərəfindən Həzrə, Ləzə və digər kəndlərdə kəşfiyyat və araşdırma işləri aparılıb, maraqlı məlumatlar əldə edilib. Bu ərazilərdə dörd yeni tarixi abidə qeydə alınıb. Gələcəkdə burada aşkarlanan tarixi abidələrin ətrafında arxeoloji qazıntı işlərinə başlanılması nəzərdə tutulub.

Qəhrəman Ağayev qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta enolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.


Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR