Qocalıq başlayıb - Azər Sarıyev

Qocalıq başlayıb  - Azər Sarıyev

Azər Sarıyev

Əslində bunu keçən ay, sentyabrın 24-də, yəni 42 yaşımın tamamında yazmaq istəyirdim. O gün elə bil kimsə əlimi tutub yazmağa qoymadı. Bu gün səhər buraxdı. 

Əvəllər baxdığım filmlərin sözlərinə diqqət edirdim. İndi çox az film seyr edirəm, onda da ancaq musiqi cəlb edir.  
Əvvəllər az maye qəbul edirdim, indi çox su içirəm. 
Əvvəllər şirniyyata çox meyilli deyildim, indi az-az da olsa nəfsim çəkir. 
Əvvəllər daha çox oxumaq istəyirdim, indi yazmaq istəyirəm. 
Əvvəllər mətbuatda oxuduğum yazıların müəllifinə çox vaxt fikir verməzdim, indi yazıları müəllifinə görə oxuyuram.
Əvvəllər kostyumu keyfiyyətinə görə alırdım, indi daha çox qiymətinə fikir verirəm. 
Əvvəllər az da olsa davakar və maksimalist idim, indi isə davaları sakitləşdirmək istəyirəm və Azərbaycan insanının xarakterindən artıq inkişaf edə bilməyəcəyinin fərqindəyəm. 
Əvvəllər bütün insanları sevirdim, indi isə yaxın ətrafı və xüsusi simpatiya bəslədiklərimi.
Əvvəllər mənə görə həyat gözəl idi. İndi isə həm gözəldir, həm eybəcər.
Əvvəllər mənə görə, insanların ən çoxu iki sifəti var idi. İndi görürəm ki, sən demə, daha çox olurmuş. 
Əvvəllər qənaətimcə, xanımlar zərif və zəif məxluqlar idilər. İndi isə düşünürəm ki, həm də güclüdürlər, bəzi hallarda erkəklərdən də güclü. Əksinə kişilər zəif məxluqdurlar.
Əvvəllər düşünürdüm ki, kişilik cinsi mənsubiyyətdir. İndi isə hesab edirəm ki, anadolular kimi kişiləri "erkək" ifadəsi ilə identikləşdirmək və "kişiliyi" xarakterik keyfiyyət olaraq işlətmək lazımdır. 
Əvvəllər "ağsaqqallıq" deyilən bir institutun varlığına inanırdım, indi müdrikliyin yaşa deyil, intellektə və təcrübəyə bağlı olduğunun fərqindəyəm. 
Əvvəllər düşünürdüm ki, yaşamaq üçün yaranmışıq, indi isə hesab edirəm ki, həm də yaşatmaq üçün gəlirik dünyaya və bu düşüncə əsasən müsəlman Şərqində hakimdir. Həmin düşüncə də bizə normal, adam balası kimi yaşamağa imkan vermir. Ən azı psixolioji olaraq. 
Əvvəlki ilə indiki arasında fərqlər artır.
Demək, qocalıq başlayıb.
Xəbər 1797 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR