“Qızlar oğlum üçün ölürlər”

“Qızlar oğlum üçün ölürlər”

"Yalnız Azərbaycan cəmiyyətində deyil, bir çox islam ölkələrində, Qafqaz regionunda evlilikdən əvvəl qadının başqası ilə cinsi əlaqədə olmaması mental dəyər sayılır”.


Bunu "Sherg.az”a sosial şəbəkələrdə açıq şəkildə reklam olunan himenoplastika əməliyyatlarının tənqid olunmasından danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib. O vurğulayıb ki, insanlar mentalitetin tələblərindən irəli gələn tənqidlərlə qarşılaşdıqda müxtəlif yalanlara əl atırlar:

"Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Ən pis halda bu, qadının ölümünə gətirib çıxarır. Belə vəziyyətlərlə qarşılaşmaq istəməyən qadınlar bu problemləri aradan qaldırmaq üçün gizli şəkildə həkimlərə müraciət edirdilər. Əslində bu ya özünü, ya da qarşısındakı insanı aldatmaqdır. Amma nəzərə almalıyıq ki, qadınları bu cür yalanlara məcbur edən də məhz mentalitetin sərt "qanunları”dır.

Qanunvericiliyə görə, nikaha daxil olan şəxslərdən sağlamlıq haqqında arayış tələb olunur. Kişi və ya qadında xəstəlik aşkarlandığı vaxt cütlüklərə evlənməklə bağlı məhdudiyyət qoyulmur. Tibbi arayışın məqsədi odur ki, hər iki tərəf evləndiyi insanın tibbi durumundan xəbərdar olsun. Nikah könüllülük əsasında qurulmalıdır və bunu məhdudlaşdıran heç bir şey yoxdur. Amma bakirəlik sağlamlıqla bağlı məsələ deyil, bu, cəmiyyətin mental düşüncəsidir.

Artıq nəsil dəyişir, bu dəyərlərə önəm verməyən nəsil formalaşır. Cəmiyyətdə bu cür islahatlar aparılması dəyərsizlik deyil, sadəcə insanların şəxsi seçiminə normal yanaşmaqdır. Yəni nikaha daxil olmaq istəyən cütlüklər qarşısındakı şəxsin ondan əvvəl kiminləsə münasibəti olmasına normal yanaşır. Reproduktiv sağlamlıqla bağlı BMT-nin bəzi hesabatlarında da var ki, müsəlman ölkələrində HİV və SPİD kimi xəstəliklərin qarşısını alan amillərdən biri nikaha qədər cinsi münasibətə girməməkdir. Lakin nəzərə almaq lazımdır ki, müsəlman ölkələrində bu "tələblər” tək qadınlara şamil olunur. Bizdə kişinin böyüdülmə üsulu ilə qadının böyüdülmə üsulu tamam fərqlənir. Ailədə oğlan övladını daha sərbəst tərbiyə edirlər, adi misal olaraq, "qızlar oğlum üçün ölür”, "hansı qızı sevirsən?”, "sənə hansı qızı alaq?” kimi fikirlər aşılayırlar. Amma qızımıza deyirik ki, sənə bir oğlan bir söz desə, gəl mənə bildir. Biz bu tərbiyədən nə gözləyək? Kişilərin nikahdan kənar və ya evliykən başqaları ilə yaşadığı cinsi münasibətlərinə "kişidir özü bilər” kimi fikirlərlə haqq qazandırılması əslində çox təhlükəlidir. Bu kişi üçün üstünlük kimi qarşılanmamalıdır. Qadının bu cür həyat yaşaması bir yana, haqlı səbəblərin üstündə ayrılmaq istəməsi belə faciə kimi qarşılanır”.

G.Səfərovanın sözlərinə görə, himenoplastika əməliyyatının geniş yayılmasının qarşısı alınmalıdır:

"Ailənin bu cür aldatma ilə qurulması gələcəkdə daha ciddi problemlər yarada bilər. Amma bu əməliyyata ehtiyacı olan qadının obyektiv səbəbləri də ola bilər. Məsələn, tutaq ki, qadın öz istəyi ilə cinsi əlaqədə olmayıb. Bu zaman evlilik əsnasında vurğuladığımız mental tələblər onun qarşısında böyük problemlər yarada bilər. Yaxud digər tərəfdən yanaşaq. Ola bilər, subay, yaxud nişanlı bir qadın sosial şəbəkədə bilmədən həmin səhifəni bəyənib. Onsuz da, xəbərimiz olmadan müxtəlif qruplara daxil edilir, paylaşımlara işarələnirik. Həmin qadını gözü götürməyən kimsə, yaxud elə onun həyat yoldaşı özü səhifəni bəyəndiyini görərsə, tərəflər arasında ciddi narazılıqlar yaşana bilər.

Əgər şəxsi həyat məsələsi normal qarşılanarsa, insanlar da bu cür aldadıcı əməllərə vadar olmaz. Görün, bizim ictimai qınağımız nəyə yönəlib?! Dürüst insanı ictimai qınağa məruz qoyuruq, yalan danışanı isə başımızın tacına çeviririk. Hələ də bu kimi məsələlərlə mübarizə aparmalı oluruq. Maarifləndirmə aparmaq lazımdır. Televiziyalara baxıb, "oxuyub, oynayırıq”. Bütün gün şou-proqramlardır. Halbuki, sosial məsələlərə önəm verən dövlətlərdə adi reklamlar belə sosial çarxlar şəklində çəkilir. Ailə qadın və uşaq komitəsi, Sosial Müdafiə Nazirliyi, Gənclər Nazirliyi və s. aidiyyətı qurumlar bir arada fəaliyyət göstərməlidir. Sosial şəbəkələrdə, telekanallarda sosial çarxlar mütləq olmalıdır. Ancaq ciddi maarifləndirmə ilə cəmiyyətdəki lazımsız dəyərlərin aradan qaldırılmasına nail ola bilərik”.

Qeyd edək ki, bu günlərdə cərrah, mama-ginekoloq Ramilə Abbaszadə himenoplastika və digər əməliyyatları keçirmək üçün sayt yaradıb. Müzakirələrə səbəb olan saytda himenoplastikanın qiyməti, əməliyyatdan əvvəl və sonrakı bütün prosedurlar barədə məlumatlar yer alıb.
Xəbər 4768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR