"Qızıl Məryəm"in qətlinə 5000 dollarlıq SİFARİŞ - EKSKLÜZİV (FOTOLAR)


Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Günel Hüseynovanın, Ceyhun Əsgərovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya saxlama) və Nicat Eyvazovun CM-nin 32, 120.2.1-ci və 2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməkdə iştirakçılıq) maddəlləri ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il yanvarın 5-i səhər saat 9 radələrində 1965-ci il təv. Məryəm Named-zadənin yaşadığı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsindəki 17 saylı evin 9№i mənzilində, üzərində çoxsaylı kəsilmiş-dəşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi məlumatı əsasında polis və prokurorluğ əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər.
İlkin məlumata görə, anasının meyitini yataq otağında qızı Günel Hüseynova tapıb, sonra qışqıraraq qonşuları köməyə çağırıb.  

Qətlə yetirilən Məryəm Named-zadə "Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. Qızıl alveri ilə məşqul olan qadının Mərkəzi univermağda, həmçini Bakının müxtəlif ünvanlarında bir sıra məşhur mağazaları olub.  

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Məryəm Named-zadənin ölümünə - ciyərlərin və sol böyrəyin,  həmçinin sol bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan xəsarətlərdən inkişaf edən kəskin qanitirmə səbəb olub.

Ayın 7-də Bakı ş. Baş polis idarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib ki, keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin "isti izlər”lə açılması təmin edilib. Cinayətin mərhumun qızı, 28 yaşlı Günel Hüseynova, bacısı oğlu 18 yaşlı Nicat Eyvazov və 19 yaşlı Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan, onlar  həbs olunublar.

İstintaqla müəyyən edilib ki, Günel Hüseynova dəbdəbəli və israfçı həyat tərzi keçirdiyindən anası Məryəm Named-zadəyə, ayrı-ayrı şəxslərə, banklara və lombardlara külli miqdarda borcları yaranıb. Anasının Mərkəzi univermaqda satışını apardığı zərgərlik məmulatlarını, mülkiyyətində olan 165000 manat dəyərində mənzilini, 47000 dəyərində əmlakını ələ keçirmək məqsədi ilə Hüseynova ağır cinayət törətmək qərarına gəlib. Yanvarın 4-ü saat 12 radələrində Günel xalası oğlu, yetkinlik yaşına çatmayan Nicat Eyvazovu yaşadığı mənzilə çağırıb, anasına məxsus 20.000 dollar dəyərində qızıl əşyaları satıb, pulunu xərclədiyini. Məryəm Named-zadənin öldürməsini ona təklif etməklə, Eyvazovu cinayətkar fəaliyyətə cəlb edib. Lakin Nicat bunu bacarmayacağını bildirib, həmin cinayətin icrasını yaxın münasibətdə olduğu Ceyhun Əsgərova sifariş verməyi təklif edib. Saat 12:35-də Eyvazov Eyvazova zəng edib, görüş yeri təyin etməklə, ona 20.000 manatlıq "gəlir” olacağı barədə ismarıc göndərib. 13 radələrində Günel Nicatla birlikdə idarə etdiyi "Audi” markalı avtomaşınla Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinin kəsişməsinə gəlib, orda Ceyhunla görüşüb, söhbət ediblər. Hüseynova sifarişi icra etdikdən sonra ona 5000 dollar verəcəyini, həmçinin əyləncəli günlər keçirmək üçün istirahətə göndərəcəyini vəd edib, razılığını alıb. Plana əsasən, həmin tarixdə Əsgərov Məryəm Named-zadəni binanın girişində gözləməli, Günel anasını gətirəndən sonra, sonuncunun arxasınca bloka daxil olub, bıçaqla boğazını kəsməli, üstündəki qiymətli əşyaları götürüb, ona çatdırmalı, küçədə kiminsə diqqətini cəlb etməmək üçün mərhumun iri ölçülü çantasını götürməməli idi. Hadisə yerindən taksi ilə tez uzaqlaşması üçün Hüseynova Ceyhuna 10 manat pul verib. Həmin gün saat 17:45-də Günel  Məryəmi iş yerindən gətirib, binanın qarşısında düşürdükdə planlaşdırdıqları cinayətin Əsgərov tərəfindən icra olunmadığını görüb, dərhal onunla telefon əlaqəsi yaradıb. Ceyhun həyətdə adamların olması səbəbindən sifarişi yerinə yetirə bilməyəcəyini söylədikdə, o növbəti gün səhər saat 7-də binanın qarşısına gəlməsini tapşırıb. Günel mənzilin giriş qapısını açıq saxlayacağını deyib və anasını mənzildə öldürməsi barədə göstəriş verib. Bıçaqla silahlanan Ceyhun yanvarın 5-də ora gəldikdə Hüseynova əvvəl binanın giriş qapısını açıb, sonra onu mənzilə dəvət edərək, öz yataq otağına keçirib.Digər yataq otağında anasının yatdığını bildirən Günel 8 yaşlı qızını məktəbə aparmaq üçün evdən çıxacağını, qətlin kənar şəxslər tərəfindən törədildiyi görüntüsü yaratmaq üçün əşyaları töküb-dağıtmağı tapşırıb, qayıtdıqda Məryəmi öldürülmüş görəcəyi təqdirdə ona pul verəcəyini deyib. Saat 7:30-da Günel uşaqla getdikdən sonra, Əsgərov qadının yatdığı otağa daxil olub. Çarpayıda yatmış Named-zadəyə yaxınlaşaraq, bıçaqla zərbələr vurmağa başlayıb. Məryəm oyanıb qışqırmaq istədikdə, sol əli ilə ağzından tutub, zərərçəkən yerə yıxıldığda dizini üstünü qoyub, ona işkəncə verdiyini dərk etməklə müxtəlif nahiyələrinə 35 dəfə zərbə vurub. Saat 8-də evə qayıdan Günel sifarişin icra edildiyini görüb, öz otağında olan paltar və əşyaları da dağınığ vəziyyətə gətirərək, Ceyhuna onu da bıçaqla ayağından vurmasını təklif edib. Əsgərov imtina edib, getdikdən sonra, Hüseynova qonşuları köməyə çağırıb.

Məhkəmə prosesində Günel Hüseynova ittihamlar üzrə özünü təqsirli bilməyərək, bildirib ki, cinayətin  planını sevqilisi Asim Məmmədov təşkil edib. Amma şahid qismində ifadə verən Məmmədov Hüseynovanın yalan danışdığını, qətldən ümumiyyətlə xəbəri olmadığını deyib.

Ceyhun Əsgərov özünü təqsirli bilib və qadını qızının sifarişi ilə öldürdüyünü etiraf edib.

Nicat Eyvazov özünü təqsirli hesab etməyib. Bildirib ki, Məryəm Named-zadəninöldürülməsində vasitəçilik etməsi barədə ifadələrini istintaq zamanı, ona edilmiş psixi və fiziki təzyiqlər nəticəsində verib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əsgərov 19, G.Hüseynova 18 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onların şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
 











































Xəbər 5791 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR