"Qətər-Azərbaycan münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur" - Əhməd Şahidov


20-21 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində "Ərəb coğrafiyasındakı mövcud konfliktlərdə insan haqlarının durumu” mövzusunda beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qətərin Baş Naziri, BMT-nin İnsan Haqları Üzrə Ali Komissarının müavini, Ərəb Parlamentinin sədri və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. 


Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov keçirdiyi görüşlər və təmaslar barədə fikirlərini bölüşüb: "Hər il olduğu kimi, 2017-ci ildə də Qətər Milli İnsan Haqları Komitəsinin dəvəti ilə Doha şəhərində keçirilən beynəlxalq insan haqları konfransında iştirak edirəm. Təkcə Ərəb ölkələrindən deyil, habelə dünyanın dörd bir yanından gəlmiş hüquq müdafiəçiləri və ombudsmanlarının qatıldığı bu mötəbər toplantıda son illər müsəlman ölkələrində baş verən müharibə və qətliamlar fonunda insan haqları məsələləri müzakirə olunurdu. Mən də, bir müsəlman ölkəsinin nümayəndəsi kimi həm keçirdiyim təkbətək görüşlərdə, həm də plenar iclaslarda öz fikirlərimi səsləndirdim, Azərbaycanın üzləşdiyi problemlər barədə, xüsusən də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın və məcburi köçkünlərimiz haqqında məlumat verdim."


Qətər-Azərbaycan münasibətləri haqqında danışan Əhməd Şahidov bu sahədə də böyük potensialın mövcud olduğunu deyib: "Qətər ötən əsrin 70-ci illərinin neft erasından bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin taleyini əsaslı surətdə dəyişdirib, onun sosial iqtisadi simasında dərin iz buraxıb. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatıb. Düşünürəm ki, bu ölkə ilə Azərbaycan arasında ortaq cəhətlərimiz və maraqlarımız çoxdur. Bu baxımdan Körfəz regionunda Azərbaycanın ən etibarlı və işgüzar tərəfdaşı kimi Qətəri görürəm. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün olduqca böyük potensial mövcuddur. Və bu potensialdan səmərəli şəkildə istifadə olunacağına əminəm. "

Xəbər 1489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR