Qənirə Paşayeva konfrans keçirib - FOTO

Qənirə Paşayeva konfrans keçirib   - FOTO

Millət vəkili Q.Paşayeva Erciyes Universitetində “Yeni gelişmələr işığında Azərbaycan-Türkiyə münasibətləri və Qarabağ həqiqətləri” adlı konfrans verib.

Millət vəkili Q.Paşayeva Erciyes Universitetindən dünyanın hər yerində yaşayan Türk gəncliyinə səsləndi: Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılması üçün fəallığı daha da artırın.
Türkiyədə Erciyes Universitetində Qarabağ problemi, Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva gənclərə Xocalı Soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar verib. Erciyes Universitetinin və valiliyin təşkilatçılığı ilə keçirilən konfransda rəsmi şəxslər, ziyalılar, alimlər və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirin açılışında çıxış edən Universitet rəsmiləri, araşdırmaçı-yazar İmdat Avşar Qarabağ problemi ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin vacibliyindən danışaraq millət vəkili Q.Paşayevaya gənclərə bu mövzu ətrafında konfrans vermək təklifini qəbul etdiyi üçün təşəkkür ediblər. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva deyib: "Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir:“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirin sonunda millət vəkili Q. Paşayevaya Erciyes Universiteti rəhbərliyi tərəfindən plaketlər təqdim olunub. Millət vəkili Q. Paşayeva da universitet rəhbərliyinə və tədbir iştirakçılarına Azərbaycan tarixi, həqiqətləri ilə bağlı materialları, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR