Qədim xalçaların elektron çeşniləri dünyada ilk dəfə “Azərxalça”da hazırlanır

Qədim xalçaların elektron çeşniləri dünyada ilk dəfə “Azərxalça”da hazırlanır

"Azərxalça" Açıq Səhmdar Cəmiyyyəti tarixi və orijinal Azərbaycan xalçalarının istehsalını uğurla davam etdirir. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin eleketron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanıb və onların əsasında Cəmiyyətin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ, Xaçmaz, Tovuz, Ağstafa və Qazax filiallarında  xalçalar toxunub.

IMG_4718-son

Elektron xalça çeşniləri bəzi bədii-texniki xüsusiyyətlərə də malikdir. Məsələn, bir bölgəyə aid bir neçə klassik xalça əsasında yeni çeşnilərin hazırlanması daha müəkəmməl və bədii-estetik keyfiyyətləri ilə seçilən sənət əsərləri yaradılmasına səbəb olur. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir.

IMG_0070

Qeyd edək ki, çeşni  xalçanın layihəsi, kağız üzərində eskizidir. Tarixən Azərbaycan qadınları  xalçaları eskizsiz, genetik yaddaş əsasında, bir-birindən öyrənərək və əlavələr edərək toxuyublar. Azərbaycan xalçalarının bədii cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu olmasının nəticəsidir. XX əsrin əvvəllərindən etibarən elmi-texniki tərəqqi xalçaçlığa da öz təsirini göstərib, qədim xalça kompozisiyaları xalçaçı-rəssamlar tərəfindən damalı kağızlar üzərinə köçürülüb.       

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

cheshni-01

cheshni-02

IMG_2880

IMG_0091

Xəbər 1411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR