Qax rayonunda gürcü və azərbaycanlılar Kürmükoba bayramını böyük izdihamla qeyd ediblər


Mayın 6-da Qax rayonunun Kürmük kəndində həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba Bayramı qeyd olunub. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edib. Bayram günü Kürmük məbədi ziyarət olunub. Bu dəfəki bayram mərasimində əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi, Milli Məclisə keçirilən seçkilərdə Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov da iştirak edib və qaxlıları Kürmükoba bayramı münasibətilə təbrik edib. Kürmükoba Bayramının qardaşlıq və sülh bayramı olduğunu deyən Əhməd Şahidov multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bildirib və Qax rayonunu Azərbaycanda birgə yaşayışın parlaq örnəyi adlandırıb.
Qeyd edək ki, Kürmükoba bayramının adı onun yerləşdiyi ərazi ilə bağlıdır. Keçmişdə bu məbədin ən böyük ziyarətgahlardan biri olduğu və yerli əhalinin burada mövsümi bayram kimi Kürmükoba bayramını qeyd etdiyi deyilir. Ziyarərə yerli sakinlərdən başqa yaxın bölgələrdən, eləcə də Gürcüstandan gələn zəvvarlar da qoşulur. Ziyarət günü məbədə gələnlər Allaha sitayiş və dualar edir, şamlar yandırır, qurban kəsirlər. Zəvvarlar məbədin yaxınlığında yerləşən qədim daşın üzərinə arzularını söyləyərək şam yandırırlar. Bayram günü böyükdən kiçiyə – hamı bir-birini təbrik edir, xoş sözlər deyir.
Xəbər 54226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR