"Qapılar Ermənistanın üzünə hələ də açıqdır" Ərdoğan


“Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma erməni soyqırımı iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır”.


APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidə Bilik Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.


Qondarma “erməni soyqırımı” ilə bağlı Roma Papası I Fransiskin sözlərini və Avropa Parlamentinin qətnaməsini kəskin tənqid edən Ərdoğan bütün dünyaya, xüsusi ilə də Ermənistana səslənib: “Bu məsələni tarixi təməlindən qopararaq siyasiləşdirmək ən çox ermənilərə zərər verir. Biz belə qərarlar verənlərin əsil məqsədinin ermənilərin haqqını, hüququnu qorumaq olmadığını yaxşı bilirik. Ermənilərlə yaxından-uzaqdan əlaqəsi olmayanların belə açıqlama verməyə haqqı çatırmı? Hazırda mənim ölkəmdə 40 minə yaxın Türkiyə vətəndaşı olan erməni var. Bundan başqa, Ermənistandan qaçaraq Türkiyədə sığınacaq alan ermənilər də var. Biz onlara zülm etdikmi? Biz onları sıxışdırırıqmı? Siz bunları görmürsünüzmü, vicdansızlar? Siz necə belə bəyanatlar verə bilirsiniz? Siz necə bunu edə bilirsiniz?”


Ərdoğan Türkiyənin vəfalı ölkə olduğunu vurğulayaraq, dost dövlətlərə yardımçı olmaq və fayda vermək kimi məsələlərdə dünyada Türkiyə ilə müqayisə edilə biləcək az ölkənin olduğunu qeyd edib. Ərdoğan bir daha Ermənistanı bu fürsətdən faydalanmağa çağırıb: “Gəlin bu boş cəhdlərinizi bir kənara qoyun. Avropa Birliyi Parlamenti “arxivlərinizi açın” deyir. Bizim arxivlər açıqdır. Biz 10 ildir, 15 ildir bunu söyləyirik. Ermənistanın arxivi varsa açsın. Başqa ölkələrin varsa, açsın. Əlinizdəki sənədləri gətirin ortaq bir komissiya yaradaq, məsələni hərtərəfli və obyektiv araşdırsınlar və dəyərləndirsinlər”.

Xəbər 1609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR