Qadın üstündə sabiq polisi güllələyən şəxsin cəzası 9 ilə endirilib - (EKSKLÜZİV FOTO)

Qadın üstündə sabiq polisi güllələyən şəxsin cəzası 9 ilə endirilib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rövşən Həsənovun (1982-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə məhkəmə prosesi başa çatıb.
 
Aktual.az xəbər verir ki, 2015-ci il avqustun 28-i gecə saat 1 radələrində Nizami rayonu, Məhsəti küçəsində yerləşən "Şuşa” restoranın yaxınlığında silahlı insident baş verib. Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində Nadir İbrahimova (1975-ci il təv.) tapançadan atəşlər açmaqla, onu ağır yaralayıb və  idarə etdiyi "Lexus” markalı (90 SF 333) dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən uzaqlaşarkən təsadüfən Rəşad Məmmədovun idarə etdiyi "Toyota” markalı avtomobilə çırpıb. Ağır yaralanan Nadir İbrahimov xəstəxanaya aparılarkən keçinib. Daxil olan məlumat əsasında hadisə yerinə Nizami RPİ və prokurorluq əməkdaşları cəlb olunub, müayinə aparılıb. Həsənov könüllü 25-ci polis bölməsinə gələrək təslim olub, ondan maddi sübut olaraq "Makarov" markalı tapanca götürülüb.
 
Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub, daxili işlər orqanından uzaqlaşandan sonra "Butastone" şirkətinin təsisçilərindən biri idi. Rövşən Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. 

Cinayət işinin materiallarına görə, Həsənov İbrahimovu qadın üstündə güllələyib. Belə ki, Rövşənlə bərabər olan qadının mobil telefonuna zəng gəlib. Həsənov telefona cavab verdikdə, kişi səsi eşidib və qəzəblənərək, kimin zəng elədiyi ilə maraqlanıb. Bundan sonra o, Nadir İbrahimovu söhbətə çağırıb. Sonuncu təyin olunan yerə gəldikdə, Rövşən maşından çıxmasına imkan verməyib və yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə atəş açıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qeyd edək ki, dövlət ittihamçısı Rövşən Həsənova 16 il cəza təyin edilməsini xahiş edib.

Hökmdən məhkumun vəkili apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti qismən təmin edib. Qərara əsasən, Həsənovun cəzası 9 il 1 ay müddətinə endirilib.
 
Aktual.az








Xəbər 6315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR