Qaçqın QIZIN NALƏSİ: Qardaş, ÖLDÜRMƏ! Axı mənim nə günahım var?

Qaçqın QIZIN NALƏSİ: Qardaş, ÖLDÜRMƏ! Axı mənim nə günahım var?

"DÖYÜŞDƏN KƏNARDA ÖLƏN ŞƏHİDLƏRİMİZ” SİLSİLƏ HADİSƏLƏRDƏN

QAÇQIN QIZIN NALƏSİ: QARDAŞ, ÖLDÜRMƏ! AXI MƏNİM NƏ GÜNAHIM VAR? (İKİNCİ ƏHVALAT)
  
"Qızı yola salanda evdəki ov tüfəngini oğluma verdim, kənara çəkib tapşırdım ki, erməni mühasirəsinə düşsəniz, qızı vurarsan." 

1990-cı illərin əvvəlləri idi. Dağlıq Qarabağdan, ətraf rayonlardan bir-birinin ardınca qara xəbərlər gəlirdi. Mərkəzdə hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi bu rayondan olan camaatın taleyini "həll etmiş”, hərə öz başının hayına qalmışdı. Xocalı, Şuşa, Laçın, Xocavənd artıq düşmənlərə verilmişdi. Ona görə "verilmişdi” deyirəm ki, başda oturanlar xalqı, camaatı səfərbər etmək, heç olmasa, yerli adamların düşmənə müqavimətini təşkil etmək əvəzinə, əksinə, vertolyotlar göndərib, əhalini çıxarır, guya kütləvi qırğının qarşısını alırdılar (Bu yerdə M. F. Axundzadənin "Aldanmış kəvakib”indəki Sərdar Zaman xanın hərəkəti yadıma düşdü.  Sərdar, indiki dillə desək, müdafiə naziri, Osmanlı qoşunu hücum edəndə öz kəndlərini, taxıl zəmilərini yandırmaq, körpüləri partlatmaq, yolları dağıtmaq əmri verir ki, düşmən qoşununun əlinə heç nə keçməsin...). Müxtəlif şaiyələr baş alıb gedirdi; danışırdılar ki, o vertolyotların bir neçəsi elə ermənilərin olub. Camaat ağına-bozuna baxmadan vertolyota doluşub əsir getmiş, erməni hiyləsinin qurbanı olmuşdu.
 
Onda Bakı Slavyan Universitetində işləyirdim. Davamiyyət çox zəif idi. Əslində heç bunun hayına qalan da yox idi. Tələbələrimin bir neçəsi işğal olunan rayonlardan idi; bəzilərinin ölüm xəbəri, bəzilərinin yaralanmaq, əsir getmək xəbəri gəlir, ürəklərə dağ çəkilirdi. Qaçqınlar Azərbaycanın Mil, Muğan, Aran rayonlarına dağılmışdı. Buz bulaqlardan, sərin yaylaqlardan, saf ab-havadan qopub gələn əhalinin nisbətən yaşlı nəsli dözə bilmir, hava çatımazlığından, ürək tutmasından, insultdan qırılıb gedirdi.

Tələbələrimdən biri də Kəlbəcərdən idi. Etik normalara görə qızın adını yazmıram (həm də ki, bunun, məncə, elə bir önəmi də yoxdur). 1993-cü ilin mayı idi. Dərslərə yavaş-yavaş yekun vurulur, tələbələrə "məqbul” (zaçot) yazılır, imtahana hazırlıqlar gedirdi. Ayın sonunda gözləmədiyimiz halda qızın atası unuversitetə gəldi. Bu qrup da zaçot verməli idi. Kişi əlində qızının qiymət kitabçasını gətirmişdi. "Müəllim, - dedi, xahiş edirəm, bura "məqbul” yazasınız”. Qızı əvvəlki semestrdən tanıyırdım, ikinci semestrdə də  bir neçə dərsdə olmuş və fəallıq göstərmişdi. Kitabçanı alıb, "məqbul” yazdım, elə-belə, "xala, xətrin qalmasın” soruşdum: "Uşaq necədir? Xəstələnib? Bəs niyə özü gəlmədi?” Kişi tutuldu, heç nə demədi. Mən o yerlərin adamlarına yaxşı bələdəm, hələm-hələm özlərini sındırmazlar. Başa düşdüm ki, ciddi səbəb var. Valideynin qoluna girdim, dəhlizə çıxdıq. Uzun-uzadı təkidlərimdən sonra ata mənə, heç vaxt yaddaşımdan silinməyən əhvalat danışdı: 

"Biz Kəlbəcərdənik. Çox adam orada şəhid oldu. Başıpozuqluq bizi pis günə qoydu. Beş oğlum bir qızım var. Fikirləşdim ki, heç olmasa, qızı qurtarım. Qardaşlarından birinə qoşdum ki, bu tərəflərə keçirsin. O biri uşaqlarımla qalıb döyüşmək fikrim var idi. Qızı yola salanda evdəki ov tüfəngini oğluma verdim, kənara çəkib tapşırdım ki, erməni mühasirəsinə düşsəniz, qızı vurarsan. Qız, bilmirəm, bunu ya eşidib, ya hiss edib, amma nə mənə, də yol boyu qardaşına heç nə deməyib. Günlərlə dağlardan, dərələrdən, meşələrdən keçiblər. Şükür ki, erməniyə rast gəlməyiblər. Amma, müəllim, indi qızın başına hava gəlib. Vallah, gətirməyə utandım. Qoy bir az başımız açılsın, həkimə aparacağam...” Susdu. Mən tutulmuşdum. Elə bil ki, kürəyinə, gicgahına hər an açılacaq güllə atəşinin dəhşətini yaşayan bu məsum, günahsız qızcığazın hislərini bütün varlığımla yaşamağa başladım. Aman Allah, hər xışıltıdan, hər külək vıyıltısından, gecələr ötən bayquşun səsində erməninin gəldiyini zənn edəsən və dəfələrlə ölüb-diriləsən... Buna can dözər, buna əsəb dözər?

Əlibala Hacızadənin əsərlərinin birində yaşlı, kimsəsiz qarının yeganə oğlunu öldürdüyü üçün bir gənci ölümə məhkum edirlər. Ananın gözü qarşısında qatilin boynu vurulmalıdır, onu yalnız ana bağışlaya bilər, o da bağışlamır. Qatil ananın qarşısında diz çökdürülür, cəllad əlində balta gəlir. Baltanı qaldırıb işini qurtarmaq istəyəndə ana... qışqırır ki, bağışladım. Hamı sevinir. Amma... edama məhkum gəncin ürəyi artıq dayanmışdı. Bir an, bircə anlıq ölüm xofu! Bir də var o xofu, o dəhşəti günlərlə yaşayasan...

Bir-iki gündən sonra qıza yoldaşları dəyməyə getmişdilər və sarsılıb geri qayıtmışdılar. Soruşdum. Gözləri yaşara-yaşara "Müəllim, dedilər, heç birimizi tanımadı. Elə hey qardaşına yalvarır ki, başına dönüm, vurma məni, axı mənim nə günahım var? Heç qardaşı evdə yox idi ha, qara basırdı. Qapı döyüləndə dəhşətlə qışqırır ki, açmayın, ermənidir...”

Sonra mən o tələbəni görmədim, yoldaşları danışırdı ki, dərsə gələ bilmədiyinə görə məktəbdən çıxarılıb...

Üstündən beş-altı il keçmşdi. Həmin tələbələr artıq ali təhsillərini tamamlayıb getmişdilər. Təsadüfən onlardan biri ilə Füzuli küçəsində rastlaşdım. Bir az hal-əhval eləyəndən sonra o qızı soruşdum. Bir müddət susdu. Sonra:"Xəstəxanaya (bizdə belə xəstəxanalara "dəlixana” deyirlər – A. M.) qoymuşdular, - dedi, -  Orada vəziyyəti daha da ağırlaşdı. Evə gətirməli oldular... Sonra...”.  
...Qız birdən əlləri ilə üzünü qapadı, səsini, hıçqırıqlarını boğmağa çalışdı. İnilti ilə ağlamağa başladı.
Quruyub qalmışdım.  
Yanımızdan keçənlər təəccüblə bizə baxır, sonra laqeydcəsinə işlərinin dalınca gedirdilər...
Xəbər 8189 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR