“Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir”

“Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir”

Azərbaycan xarici işlər nazirinin müavini: “Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir”


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Estoniya Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan və Estoniya xarici işlər nazirlikləri arasındakı siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində baş tutub.

 

X. Xələfov Azərbaycanla Estoniya arasında ikitərəfli əsasda, habelə bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edib. O, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

 

Qonağa Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X. Xələfov Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.

 

Azərbaycanla Estoniya arasındakı münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən P. Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən P. Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.

 

Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyyə olunduğunu xüsusilə vurğulayıb.

 

I Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P. Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər 5756 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR