Öpüb kəsdiyim əllər

Öpüb kəsdiyim əllər


Aydın Caniyev

Hər şey dağınıq idi, şair demişkən, hətta xatirələr də - heç nəyi yığıb-yığışdırmaq olmurdu. Evi təkcə zir-zibil iyi götürməmişdi, həm də və eyni zamanda "ölümün nimdaş sifəti"ni ətrafa çatdıran kəsif qoxu da hər yanı bürüməkdəydi. Son çabalar idi. Bir az da keçsə, artıq bu adamın haqqında keçmiş zamanda da danışmaq olardı. Təkcə telefonda, sosial şəbəkələrdə danışdıqları bilirdi ki, hardasa bir ünvanda həyat sönür. Lap elə "Titanik"in son "sos" siqnalı kimi. Hərəsi bir ünvanda, lap elə deyək, uzaq ünvanda olan insanların gücü təsəlliyə, ağıl verməyə, öyüd-nəsihət etməyə çatırdı - bu evə nə hay çatırdı, nə haray. Okeanın ortasında batana-boğulana hansı əl çatasıydı ki: hərə öz koordinatıyla "üzürdü" - "şifroqramlar" get-gedə "acizləşirdi".
Batması uzun çəkən, hətta "dədəm bu gecə can verdi..." misalını çoxlarının dilinə gətizdirən bu qoca əbləh batıb bitmirdi: mərhəmət, yardım, humanistlik ehtiyatları bir yandan tükənirdi, "əlini mənə bəsdərəcik" səbri o yandan.
Təkcə bir "şifroqram"a cavab gəldi: "koordinatları dəqiq deyin"!
Təkcə bir əl uzandı!
... Qapının ağzında uzun ayların istifadəsindən çirklənmiş kirli yataq üzləri, bulaşıq döşəkağıları, iylənmiş-kiflənmiş corablar, köynəklər, şalvarlar, əl-üz dəsmalları "xoşgəldin" eləyib qarşıladı - qapını döyməyə ehtiyac olmadı: o qapı ölümün üzünə açıq saxlanılırdı neçə ay idi!
Mətbəxdə artıq kiflənmiş son çörək qırıntılarına daraşmış qarışqa ordusu da, sür-sümük qalıqlarının üstünə yığılmış milçək-ağcaqanad alayı da bu evdə nəinki bir sahibin, həm də daha nəyinsə çatmadığından tam hakimi-mütləq idilər.
Sakitcə boylandı içəri otağa: divanda həm bu dünyaya, həm də onun özünə təkcə gözlərinin baxışıyla boylanan cəmdəyin ölü sükunətindən qorxmadı.
Çəkilmədi!
Onu heç nəyin iyi vurmadı!
Ona heç nə çətin gəlmədi!
Qara gününün, qara gəlmiş dünyasının, qara bəxtinin əyləmində it-bata düşən bu cəmdəyi isti yay günlərində belə divarları da üşüyən bu soyuq evin küncündəki divanda qucaqlayan təkcə elə büründüyü... qara gödəkçə idi.
Qapqara noutbukunun monitoru da artıq onun elektron poçtuna, fb səhifəsinə gələn mesajları-məktubları da oxutmaq-göstərmək gücündə deyildi:  barmaq qalınlıqda toz ömrünə çəkilmiş qara pərdə kimiydi.
Hamam-tualetin kafelləri də saralmışdı: əlüzyuyan, unitaz sanki bir əsr əvvəl quraşdırılmışdı.
Gözlə görə bildiyinə ağlının gördüklərini də əlavə etdi: bu evin havasını dəyişməyə hava da çatmazdı! Bu adamın həyatına ruh da yardımçı olmazdı! Yazığı gəlmək gec idi - ürəklik bir iş qalmamışdı!
Möcüzə yaraya bilərdi - qarşısındakı da, özü də əlçatmazlıqda idi. Xilas edə bilsə, Müqəddəs Məryəmin ikonası qabağında diz çöküb "mən bacardım" deyəcəkdi.
Bu otağı, bu adamı bir an da qoyub getmək olmazdı - bu, bağışlanmaz səhv olardı!
Vaxt amansızcasına hərəkət tələb edirdi! Vaxt həm də funksionallıq tələb edirdi - ürəkmi olmaq, ağılmı olmaq, pulmu olmaq, həkimmi olmaq, dərmanmı olmaq, çörəkmi-sumu olmaq?
(İlahi, yol göstər!)
- Açarı qoy və çıx evdən!
Amiranə deyilmiş, tələbin düşünülmədən həyata keçirilməsi istənilmiş bu əmr bəlkə də heç Özü də bilmirdi ki, ölü nöqtədən tərpəniş idi.
Nə olacaqdı evdən çıxsa - sonu əgər bir gözəl, indiyəcən öpüb əzizlədiyi xanımların gözünün qabağına gələn surətləri və həyatdakı görünüşləri ilə müqayisədə... həddən artıq gözəl bir xanımla intim olacaqdımı? Doğma balasını belə axtarmayan, valideynlərini aramayan, zamana və məkana "stop" deyib özünə qapanan birinin lap sonda da daha birindən minnət götürmək əzabınamı qatlaşacaqdı?
- Çıx evdən!!! Açarı qoy...
Bu səsin doğmalığına, doğmalığından irəli gələn hikkəsinə, hirsinə ürəyində "görək neyləyir" deyib çıxdı.
- Mən zəng edincə gəlmə!!! Otur evin qabağındakı "besedka"da...
... Oturdu: saat 13.00 idi: "neyləyəcək ki? uzaqbaşı evi süpürəcək, qabları yuyacaq, yemək-içmək hazırlayacaq, kirli, bulaşıq paltarları yığışdıracaq göz qabağından, lap axırda da çay dəmləyəcək. Nə olsun!? Heç nə ki dəyişməyəcək. Amma olsun... heç olmasa deməzlər "bomj" günündə gəbərdi, goruna pox"
Təbəssümü çoxdan unutduğu dodaqları nəfəs alırmış kimi tərpəndi!
Siqaretlər bir-birini dəqiqələr kimi əvəzləyirdi - açıq havanın gətirdiyi başgicəllənmə ətrafı unutdururdu. Düşünə bildiyi bircə buydu:
- Qadınmı məni bu dünyaya bağlayacaq? Ya Rəbbim, Sən necə də sadəlövhsən!
... Telefonuna gələn zəngə cavab verdi, həminki amiranə və hirsli-hikkəli səsin yorğun və həm də çox rahat bir çağırışını eşitdi: gəl evə.
... Saata baxdı: 19.05.
Qalxdı. Qapını döydü. Bayaq işıq saçan, gözəlliyinin hər tərəfi işıqlandırdığı, dediyinə uşaq kimi əməl etdiyi, indi isə tər-su içində, əldən-heydən düşmüş yorğun bir qadın onun lənətəgəlmiş evinin qapısını üzünə açdı.
Bərq vuran dəhliz, yazı masasının üstünə sərilmiş ağappaq "skatert", səliqəyə salınmış, süpürülüb-silinmiş ev, əvvəllər varlığını belə unamadığı güzgülərdə inikas olunan işıq zərrələrinin rəqsi, yeri dəyişdirilmiş divanın yeni dizaynı, par-parıldayan əlüzyuyan və unitaz, səliqəsindən bayılan mətbəx, sıraya düzülən qab-qaşıq, hamamdan və mətbəxdən asılan tər-təmiz dəsmallar, tərtəmiz stəkanlarda çay və... sual dolu baxışlar!
Bu qadına nəsə deməliydi - "sağ ol" olmamalıydı bu dediyi. Heç "səni sevdim" də. Pulmu təklif etmək? - ay-hay! Hədiyyəmi alıb bağışlamaq? Heç biri! Hər nədirsə, tamam ayrı ifadəydi o deyilməlisi. Lap belə kişilənib desəydi, gəl evlənək, daha da gözdən düşərdi: özünü dünyanın sonuncu miskini halında - əgər qısqanc kişinin ixtiyarında olsaydı, hətta ayaqyoluna gedəndə belə izlənilməsi vacib olan bir gözəlin qabağına çıxaran adamla evlənməyə dünyanın ən eybəcəri də gülərdi!
Evə ayaq basdığı anda gördükləri, düşündükləri bir yana, indi o bu Qadınla çay içməyə oturmaq üçün nəsə deməliydi! Nəəə?
- Paltarlarını dəyiş!
- Axşam dəyişəcəm, çiməndən sonra...
- İndi!
Paltarlarını dəyişib gəldi.
- Hamısıını at maşına!
- Tamam.
- Sənə nə lazımdı ki yaşamağa? Nə çatmır?
... Dili açıldı. Niyə yaşamaq istəmədiyini dedi. İzah elədi. Danışdı, danışdı, hər gün təsəlli, ağıl, öyüd-nəsihət aldığı dostarına danışdığını təzədən danışdı. Və birdən başa düşdü ki, danışdıqları nə bu qadının suallarına cavabdı, nə də ona minnətdarlıq üçün deyilməli həmin o ifadədi!
Birdən:
- Mənə yaşamağa Sənin əllərin çatmır, əllərini saxla məndə!
- Səni yaşatmağa qadın əli lazım idisə, ömründəki qadınların əlləri yox idimi?
- Ömrümdəki qadınların əlləri olmadığını indi başa düşdüm! Daha doğrusu, səninlə danışa-danışa, təzədən yaşamaq istəyi yarananda. Həm də bu sənə 6 saat 6 dəqiqədə yaratdığın möcüzəyə görədi. Mən daha qadın istəmirəm. Əllərini...
Yadına düşdü ki, bu evdə bir ildən bir az çox yaşamışdı. Bu evin üzü gülməmişdi heç vaxt. Kirlənə-kirlənə, iylənə-iylənə günlər keçmişdi. Bu evdə yemək-içmək olmuşdu. Bu evdə çox şey olmuşdu. İndi ona çatırdı bu evdə hər şeyi yerbəyer etməyə, qorumağa, əgər sevgiydisə sevgini, ev idisə evi, həyat idisə həyatı yaşamaq istəyini qorumağa lazım olan əl olmamışdı! Nəinki bu evdə, ümumiyyətlə ömründə heç vaxt olmamışdı!
Qadın əli!
Müqəddəs Qadın əli!

Evi də, sevgini də, həyatı da, kişini də, lap elə pulu da qoruyan Qadın əli!
Bu gün o həmin o Qadın əlini gördü!
Ölümə-intihara səliqəylə şapalaq vurub seçdiyi kişini xilas edən Qadın əlini!
Ömrün - sevginin, yaşamın, həyatın, hər şeyin nütfəsi evin kandarından keçəndə gördüyün səliqədi.
Kandardan mətbəxə keçdinsə, yeməyə də oturacaqsan, yemək yedinsə, divanda oturub danışmağa da sözün olacaq, bunu da etdinsə, gərgin günün əzabını sənə unutduracaq gözəl bir gecə də olacaq! Bütün sabahların üzünə gülən gecə!
İçindən dəli bir hayqırtı keçdi, daşa-divara, yola-rizə, evlərin fasadına, hər yerə yazmaq istədi: 
"Kəsin sizi kandardan mətbəxə keçməyə mane olan qadın əllərini!
Öpün sizi hər yerdə səliqəylə ortaya çıxaran qadın əllərini!"
Dünyanın hər yerində insanlar sevdiyi qadını öpməmişdən qabaq, ilk olaraq əllərindən tuturlar!
p.s. əlində qadın əli olmayan kişilər ölümə məhkumdu!


Aktual.az

Xəbər 2139 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR