Prezident Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib

Prezident Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu göndərib

Aktual.az-ın  xəbərinə görə, təbrik məktubunda deyilir:

”Hörmətli forum iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram. Qafqaz qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və biri-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəraitində yaşadığı unikal məkan olub.
 
Tarixi İpək Yolu üzərində yerləşən və hələ erkən dövrlərdə qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşüb. Postsovet dövründə tarix elminin ideoloji buxovlardan azad olması, qafqazşünaslıq sayəsində bir sıra mühüm məsələlərə yeni yanaşmalar işığında daha dərin öyrənilməsi zərurətini meydana çıxarıb. Bu isə Qafqazın uzun müddətdir tədqiqatçılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti və eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçıların qatılması təqdirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi-tədqiqatlar institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcək. Ümidvaram ki, forum çərçivəsində aparılan müzakirələr və fikir mübadiləsi, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcək".
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR